
Azərbaycanda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
sənəd müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə
təqdim olunub.
Qeyd edək ki, Torpaq Məcəlləsinə əlavə olunan maddədə kənd
təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək
sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər
müəyyənləşdirilib. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq
sahəsinin istifadəsiz qalması ictimai mənafelərə ziddir. Belə
torpaqların ardıcıl olaraq iki il ərzində istifadəsiz qalmasına yol
verilmir. Mülkiyyətçi (sahib), icarəçi və ya istifadəçinin hərəkət
və ya hərəkətsizliyi nəticəsində torpaq sahəsinin ardıcıl olaraq
iki il və daha artıq müddətə istifadəsiz qalmasının inzibati
məsuliyyətə səbəb olması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il yanvarın 27-də keçirilmiş, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
İqtisadiyyat şöbəsi