• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Polisdən İlhamə Quliyevanın oğlu ilə bağlı AÇIQLAMA

Polisdən İlhamə Quliyevanın oğlu ilə bağlı AÇIQLAMA

Polis son günlər adı müxtəlif qalmaqallarda hallanan xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Binəqədi rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, İdarədə vətəndaşın dələduzluq faktı ilə bağlı və Orxan Nadirovun da adının hallandığı şikayət ərizəsi əsasında cinayət işi açılıb. Amma cinayət işi konkret olaraq Orxan Nadirov barəsində başlanmayıb.

İdarədən hətta qeyd ediblər ki, təcrübədə elə hallar olur ki, ərizədə adı çəkilənlər yox, bəzən hətta ərizəçinin özü də dələduzluğa görə məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, aznews.az-ın yazdığına görə, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılıb. Saytın məlumatında deyilirdi ki, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. Məlum olub ki, həmin cinayət işində İ.Quliyevanın köməkçisi Mehriban Hüseynovanı həbs etdirməklə gündəmə gələn O.Nadirovun dostu Vüqar Bəkirovun da adı keçir. Məlumata görə, bir müddətdir ki, davam edən istintaq prosesində hər iki şəxsin cinayəti artıq sübuta yetirilib.

Qeyd olunur ki, bir müddət əvvəl bu dostların Heydər Əliyev adına Hava Limanında saxlanılaraq polisə aparılması da həmin cinayət işiylə bağlı olub.

Araşdırma zamanı, həmçinin məlum olub ki, hazırda həbsdə olan V.Bəkirova Xətai Rayon Polis İdarəsi tərəfindən də cinayət işi açılıb. O, bu cinayət işində də dələduzluqda ittiham edilir.

Adı cinayət işində hallanan Orxan Nadirovun özü aznews.az-a açıqlamasında sözügedən cinayət işində təqsirli olmadığını, məsələdə yalnız şahid qismində iştirak etdiyini deyib: "Kiminsə adı cinayət işində hallanırsa, bu, o demək deyil ki, həmin adam cinayətkardır.

Əgər qaranlıq qalan məqamlar varsa, onu deyim ki, hazırda o cinayət işində heç kimin cinayəti sübuta yetirilməyib. O işə görə heç kim cinayət məsuliyyətinə cəlb edilməyib. Bundan əlavə mənim adım sözügedən cinayət hadisəsində şahid qismində keçir. Nə məndən şikayət edən var, nə mənim barəmdə cinayət işi qaldıran. O ki, qaldı Vüqar Bəkirova, o, başqa cinayət əməlinə görə həbs edilib. Onun bu cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Bu cinayət əməlində hələ heç kim təqsirli şəxs qismində tanınmayıb".

Xatırladaq ki, İlhamə Quliyevanın keçmiş köməkçisinin onun haqqında ifşaedici məktub yaymasından sonra V.Bəkirov Yasamal Rayon Məhkəməsinə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR