Dələduz bankir oğlu yenidən azadlıqda - ŞOK
Bizi izləyin

Qırmızı.az

Dələduz bankir oğlu yenidən azadlıqda - ŞOK

Ali Məhkəmədə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kassasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bir müddət əvvəl Xəzər rayon Məhkəməsinə müraciət etmişdi. İslam Yusifovun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər rayon Məhkəməsində baxılmış və qərar qəbul edilmişdi. Onun ərizəsi təmin edilməmişdi.

Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini istəyib.

İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Ötən ilin martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilib. İslam Yusifovun azadlığa çıxması ilə bağlı qərar qəbul edilib. Həmin qərardan sonra İslam Yusifov dərhal azadlığa buraxılıb.

Prokurorluq bu qərardan narazı qalaraq, İslam Yusifovun həbs edilməsi üçün Ali Məhkəməyə kassasiya protesti verib. Prokurorluğun protestini araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv edib. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə materialı apelyasiya instansiyasına qaytarıb.

Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər. İslam Yusifov yenidən həbsxanaya göndərilib.

Bundan sonra İslam Yusifovun müdafiəçisi Ali Məhkəməyə kassasiya şikayəti verib. O, kassasiya şikayətində vaxtından əvvəl azadlığa buraxılmasını istəyib.

İslam Yusifovun şikayətinə Ali Məhkəmədə, hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası İslam Yusifovun şikayətini təmin edib və onun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsini təmin edib. İslam Yusifov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası islam Yusifovu atası ilə birlikdə əlbir olmaqda ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm