Qırmızı.az
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən
bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin
açılmamış səhifələrindən biridir.
1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi
torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu
milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı.
Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin
Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata
keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir
hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində
məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla
müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının
himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün
yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində
azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi
siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ
olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında
yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının
tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar
reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif
olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil
edirdi.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar
1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə
genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin
Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan
ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə
yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə
azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin
təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün
siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək
azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist
torpaq iddialarını pərdələmişdilər.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və
oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.
1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə
şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını
azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata
keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri
cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.
Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə
məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri
yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini
xarabalığa çevirdilər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa
bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə
dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı,
milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart
hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il
iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq
komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya
mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri
araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün
Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və
1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu,
azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam
edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi
qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə
edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə
bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini
daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun
üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan
SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və
1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından
kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail
oldular.
Erməni millətçilər öz havadarlarının köməyi ilə 1950-ci illərdən
etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz
kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə
yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik
irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni
xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda,
onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını
formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni
xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən
hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı
soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
XX əsrin əvvəlində əhalisinin əksəriyyəti azərbaycanlı olan İrəvan
şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız
təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu.
Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına
pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara
qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin
tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməmiş
qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş
verirdi.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda
böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə
qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan
ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz
ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə
yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin
yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün
siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet
mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir
çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata
keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən
anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi
vaxtında lazımi qiyməti vermədi.
1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin
mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından
qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in
tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion
qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi
vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi
narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq
məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər
zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də,
Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə
bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən
xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi,
yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər
fiziki təzyiqlərə məruz qaldı.
1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə
misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk
olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı
avantürist hərəkatın nəticəsi olaraq, bu gün bir milyondan artıq
soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından
didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdi. Ərazimizin
20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı
minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların
zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı
düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə -
1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası
bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi
davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu
tarixin hökmü kimi qəbul edir.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli
fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü
kimi dövlət səviyyəsində qeyd edilir.
-
Əmlak23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin221:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin120:36
Aynur Dadaşova tanınmaz halda - FOTO
-
İKT19:48
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
-
Magazin219:12
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
-
Hadisə19:00
Ucarda ağır qəza CAN ALDI
-
Kriminal18:24
Bakıda 22 il əvvəl 13 yaşlı qızı öldürənlər tutuldular - Biri anasıdır