Dələduz bankirin atası vətəndaşları məhkəməyə çəkir
Bizi izləyin

Qırmızı.az

Dələduz bankirin atası vətəndaşları məhkəməyə çəkir

Yaxın günlərdə Ali Məhkəmədə vətəndaşların milyonlarla manat pulunu mənimsəyən “Texnikabank” ASC-nin Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifovun iddiası üzrə yenidən məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Zakir Yusifovun kasasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Şikayət hakim İlqar Hüseynovun icraatına verilib.

Qeyd edək ki, Zal Yusifov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Dələduz bankirin mülk və obyektlərinin müsadirə edilməsi, həmin əmlakların hərrac yolu ilə satılaraq zərərçəkmişlərə ödənilməsi barədə də qərar verilib.

Zal Yusifovun cinayətkar əməli 2008-ci ildə ifşa olunub.

81 vətəndaşın ümumilikdə 38 milyon manatdan çox pulunu ələ keçirən Zal Yusifov oğlu İslam Yusifovu da cinayət əməllərinə cəlb edib. Bu səbəbdən Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə İslam Yusifov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə müəyyən olunub ki, İslam Yusifov bankir atasının dələduzluq işlərinə kömək göstərməklə yanaşı, özü də dələduz əməllərlə məşğul olub. O, bir neçə vətəndaşı aldadaraq onların pulunu mənimsəyib. Amma bu ilin fevralında İslam Yusifov Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Onu da qeyd edək ki, indiyədək Bakı Apelyasiya Məhkəməsində Zakir Yusifovun mülklərin ona məxsus olması ilə bağlı iddiasına 4 ayrı-ayrı məhkəmə kollegiyalarında baxılıb. Hər dəfə də dələduz bankirin atası haqsız çıxarılıb. Məhkəmə zərərçəkmişlərin xeyrinə qərar qəbul edib.

Dələduz bankirin atası Zakir Yusifov iddia edir ki, oğlunun cinayət yolu ilə əldə etdiyi mülklər ona məxsusdur. Bu səbəbdən Ali Məhkəmə bundan əvvəl üç dəfə Zakir Yusifovun iddiasını təmin edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar çıxarıb.

Amma apelyasiya instansiyasında işi araşdıran hakimlər Zakir Yusifovun iddiasını əsassız hesab ediblər. Çünki o, məhkəməyə mülklərin ona məxsus olduğu barədə hər hansı sübut təqdim edə bilməyib.

Yenə də ümid var ki, Ali Məhkəmə zərərçəkmişlərin hüquqlarını əsas götürəcək və Zakir Yusifovun absurd iddiasını təmin etməyəcək. Bununla da 8 ildir məhkəmə qapılarında qalan 80-dən çox zərərçəkmiş vətəndaşımızın hüquqları bərpa olunacaq.

Hüquqşünas Elmira Məmmədovanın sözlərinə görə, vətəndaşların milyonlarla manat pulunu mənimsəyən Zal Yusifovun əmlaklarının müsadirə olunması ilə bağlı hakim haqlı qərar çıxarıb: “Əgər məhkəmə Zal Yusifovun əmlakının üzərinə həbs qoyub və hərraca çıxarılması ilə bağlı qərar qəbul etsə, vətəndaşlara dəymiş ziyan ödənilməsi barədə qərar icra olunacaq.

Zərərçəkmişlər Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı mülki iddia verilməsi ilə bağlı ərizə təqdim ediblərsə, həmin ərizə Zal Yusifovun yaşadığı ərazi üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilir. Orada iş icraya verilir. Zal Yusifovun əmlakı hərraca çıxarılır və hərracdan əldə olunan gəlir dövlət nəfinə 25 faiz tutulmaqla zərərçəkmişlərə dəymiş ziyan ödənilir”.

Elmira Məmmədova qeyd edib ki, Zal Yusifovun əmlaklarının hərraca çıxarılması ilə bağlı qətnamə mütləq icra olunmalıdır.

Hüquqşünas Zal Yusifovun oğlu İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərarına da münasibət bildirib.

O, qeyd edib ki, zərərçəkmiş vətəndaş şikayətçi olduğu halda yenidən həbs olunması gündəmə gələ bilər. Hüquqşünas vətəndaşların milyonlarla pulunu mənimsəyən bankir oğlunun azadlığa buraxılması barədə məhkəmə qərarının qanuna zidd olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm