Ombudsman bankları sərt tənqid etdi
Bizi izləyin

Qırmızı.az

Ombudsman bankları sərt tənqid etdi

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilib.

Publika.az xəbər verir ki, məruzəni ombudsman Elmira Süleymanova deputatlara təqdim edib.

Ombudsman Azərbaycan Ordusunun cəbhədəki uğurları münasibəti ilə hər kəsi təbrik edib: “Vətənin müdafiəsi uğrunda şəhid hərbçilərimizin ailələrinə, habelə təmas xəttində düşmən gülləsi ilə dünyasını dəyişən mülkü insanlarımızın ailə üzvlərinə başsağlığı verirəm”.

Hesabatda qeyd olunur ki, 2015-ci ilin fevral və dekabr aylarında milli valyutanın dönərliliyinin zəifləməsi nəticəsində banklardan ABŞ dolları ilə kredit götürmüş və ödəmə imkanı olmayan vətəndaşlar tərəfindən ünvanlanmış şikayətlər xüsusi narahatlıq doğurub. Bəzi şikayətlərdə vətəndaşların banklardan aldıqları kreditlərin müvafiq müqavilədə ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, onlara nağd şəkildə Azərbaycan manatı ilə verilməsi, ABŞ dolları ilə aldıqları kredit üzrə ödənişlərin kredit müqaviləsinin bağlanıldığı tarixə olan məzənnə ilə aparılmasında köməklik göstərilməsi ilə bağlı olub. Ümumiyyətlə, qeyd edilməlidir ki, bir sıra bankların yüksək mənfəət əldə etmək siyasətini rəhbər tutaraq, nəinki kiçik, hətta böyük məbləğlərdə kreditləri vətəndaşlara sadə qaydada verməsi, bəzi hallarda zamin və ya girov tələb etməməsi, nəinki kredit almaq həvəsinə düşən və onun nəticələrinin məsuliyyətini dərk etməyən insanları, onların ailələrinin də çıxılmaz vəziyyətlə üzləşməsinə şərait yaradıb. Nəticədə bir sıra ailələr yeganə yaşayış yerindən və əmlakından məhrum olub.

Keçən il İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) yol patrul xidmətinin əməkdaşları ilə bağlı 239 şikayət daxil olub. Məruzədə daxil olan şikayətlərdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş verən yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığı bildirilib. Şikayətlər üzrə müvəkkil tərəfindən müvafiq araşdırmalar aparılıb, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülüb, bəzən sürücülərə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən Dövlət Yol Polisi əməkdaşlarına qarşı intizam cəzaları da tətbiq edilib. Şikayətlərin təhlili bu sahədə mövcud olan bir sıra problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir. Bunları nəzərə alaraq Müvəkkil Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və aidiyyəti dövlət qurumları, habelə vətəndaş cəmiyyəti təsisatları cəlb edilməklə kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsini təklif edir.

Ombudsman hesabatını təqdim etdikdən sonra sənəd ətrafında müzakirələr başlayıb.

Nemət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm