Zaminin kredit öhdəliyi, qanun nə deyir – HÜQUQ MƏSLƏHƏTXANASI
Bizi izləyin

Qırmızı.az

Zaminin kredit öhdəliyi, qanun nə deyir – HÜQUQ MƏSLƏHƏTXANASI

Bu gündən Publika.az “Hüquq məsləhətxanası” adlı yeni rubrikaya başlayır. Rubrikanın məqsədi insanların qarşılaşdığı hüquqi problemlərin həllində onlara kömək etmək, istiqamət vermək, maarifləndirməkdir. Mövzu ilə bağlı oxucuların bizə ünvanlandığı sualları Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov cavablandıracaq.

Siz də qarşılaşdığınız hər hansı bir hüquqi problemlər barədə [email protected] ünvanına yaza və suallarınızı göndərə bilərsiniz.

Sual 1.

Bakı şəhərindən Nərgiz Balayeva: Bir müddət əvvəl məişət malları satılan mağazadan aldığım qabyuyan maşın nasaz çıxdı. Mağaza ilə razılaşdıq. Onlar qabyuyan maşını istəyimə uyğun eyni və ya fərqli modelli malla dəyişdirə biləcəyini dedilər. Ancaq paltaryuyan maşını dəyişdikdən sonra manatın dəyərinin azalması ilə bağlı mənim ödədiyim qiymətlə malın indiki qiyməti arasında fərq yarandı. Soruşmaq istəyirəm ki, qeyd edilən iki halda yeni qabyuyan maşının qiymət fərqini ödəməliyəm?

Cavab:

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 7-ci maddəsinin IV hissəsinə görə, qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır.

Göründüyü kimi, istehlakçı hər iki halda (yəni qüsurlu malın eyni modelli və ya başqa modelli mala dəyişdirilməsi zamanı) da qüsurlu malın alınması tarixindən yeni lazımi keyfiyyətli mala dəyişdirilməsi tarixi arasında konkret malın qiymətində yaranmış fərqi ödəməli deyil. Yuxarıda adı çəkilən Qanunun 7-ci maddəsinin IV hissəsinin 2-ci cümləsindəki "qiymətlərin yenidən hesablanması" ifadəsi qüsurlu malın və onun dəyişdirildiyi başqa modelli malın qüsurlu malın satın alındığı tarixə mövcud olmuş qiymətləri arasındakı fərqin yenidən hesablanmasını ehtiva edir, başqa sözlə, satış tarixi ilə dəyişdirmə tarixi arasındakı qiymət artımını nəzərdə tutmur.

Sual 2.

Bakı şəhər sakini Vasif Həsənov: İş yoldaşımın götürdüyü kreditə görə zamin dayanmışdım. Kreditin bir hissəsi ödəniləndən sonra iş yoldaşım vəfat etdi. Ona görə də ödənişlərdə gecikmə yarandı. Bank həm mənə, həm də iş yoldaşımın vərəsəsinə (arvadına) qarşı iddia qaldırıb və pulu bizdən tələb edir. Halbuki mən yalnız iş yoldaşıma zamin dayanmışdım. İş yoldaşımın ölümü nəticəsində zaminlik də bitməli deyilmi?

Cavab.

Ümumi qayda ondan ibarətdir ki, öhdəlik münasibətləri hansı şəxslər arasında meydana gəlibsə, mövcudluğunu həmin şəxslər arasında davam etdirir və bitir. Lakin bəzi hallarda öhdəliyin aktiv (kreditor) və ya passiv (borclu) tərəfində dəyişiklik olması mümkündür. Əmlakın vərəsəlik yolu ilə keçməsi halında miras qoyan borcludursa, onun yerinə vərəsələr borclu kimi çıxış edirlər. Kredit borcu miras passivi kimi iş yoldaşınızın arvadına keçib. Yəni bankla bağlanmış kredit müqaviləsinin tərəfi (borc alan) kimi o, miras qoyanı/ərini əvəz edib (Azərbaycan Respublikası Mülki Məcəlləsi, m. 1133.1, 1151.1).

Bu hal, sizinlə bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi üçün əsas deyil. Belə ki, adıçəkilən Məcəllənin zaminliyə xitam verilməsi əsaslarını müəyyənləşdirən 477-ci maddəsində əsas öhdəlik üzrə borclunun ölümü xitamvermə əsası kimi nəzərdə tutulmayıb. Həmin Məcəllənin 477.0.2-ci maddəsində nəzərdə tutulmuş əsas ("Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, zaminliyə xitam verilir".) öhdəliyin tərəfinin vərəsəlik yolu ilə dəyişməsi halını tənzimləmir; həmin əsas kreditor (konkret halda, bank) və yeni borclu (hər hansı üçüncü şəxs) arasında bağlanmış müqavilə əsasında əsas öhdəliyin (konkret halda, kredit müqaviləsi üzrə öhdəliyin) passiv (borclu) tərəfində baş verən dəyişikliyə şamil oluna bilər. Bu mənada sözügedən Məcəllənin 477.0.2-ci və 525-ci maddələri arasında bağlılıq var. Çünki 525-ci maddəyə görə, tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq olunmur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm