• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Zabrat TƏHLÜKƏDƏ: ərazi su altında qala bilər

Zabrat TƏHLÜKƏDƏ: ərazi su altında qala bilər

Zabrat gölünün səviyyəsinin qalxması səbəbindən ərazidə yerləşən Bakı İstintaq Təcridxanasının kommunikasiya xətləri suyun içərisində qalıb, ora gedən yol da tam təhlükə qarşısındadır.

Bu barədə Publika.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib: “Ərazidə müşahidələr aparılıb. Bu barədə arayış hazırlanacaq və aidiyyəti qurumlara göndəriləcək. Ərazidə olduğumuz müddətdə apardığımız araşdırma əsasında deyə bilərik ki, Təcridxanaya böyük təhlükə yaranmayıb. Çünki İstintaq Təcridxanası ilə gölün arasında 100 metrə qədər məsafə var. Lakin ora gedən yüksək gərginlikli elektrik, rabitə xətləri suyun içərisində qalıb. Bununla yanaşı, Təcridxanaya gedən yol da tam təhlükə qarşısındadır. Gölün suyu ləpələndikcə sahə genişlənib. Yarğan tam olaraq yola dirənib”.

Göldə suyun artma səbəbinə gəldikdə, Ə.Piriyev bunun yağış suları və ətraf ərazilərdəki evlərin kanalizasiya sularının gölə tökülməsi ilə əlaqəli olduğunu bildirib: “Sakinlərin sözlərinə görə, sovet dövründə həmin göldə suyu ötürmək üçün kanal olub. Həmin kanal bağlanıb və suyun axın yeri yoxdur. Əraziyə tökülən suların da həcmi ildən-ilə artır. Nəticədə, belə bir vəziyyət yaranıb. Yaşayış evlərinin zirzəmiləri də su ilə dolub. Bundan başqa, ərazinin yaxınlığında qəbiristanlıq da var. Gölün suyu qalxarsa, bu həm qəbiristanlıq, həm də yol və mənzillər, kommunikasiya xətləri üçün ciddi problem yarada bilər”.

Ə.Piriyev vəziyyətdən çıxış yolunu da göstərdi. Onun sözlərinə görə, hazırda ən optimal variant əgər həmin ərazidə kanal olubsa, onun bərpası, ya da yeni xəttin çəkilməsidir: “Yeni çəkiləcək xətt Abşeron kanalına birləşdirilməlidir. Çünki su ərazidən çəkilməlidir. Lakin gölün qurudulması doğru seçim deyil”.

Sabunçu rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəsi Vüqar Əsədov Publika.az-a açıqlamasında bildirib ki, suyun səviyyəsinin qalxmasının göldəki kanalın bağlanması ilə əlaqəsi yoxdur.

“Çünki göldə heç bir kanal olmayıb. Kürdəxanı-Pirşağı qəsəbələri arasında təmizləyici qurğu tikilməli, tunel vasitəsi ilə Zabrata gətirilməli idi. Qəsəbələrin kanalizasiyası da həmin qurğuya birləşdirilməli idi. Görüləcək bu işlər çərçivəsində Zabratın daxilində bir kilometr məsafədə kanalizasiya xətti çəkilib və Hövsan xəttinə birləşdirilib. Amma qəsəbənin İstilik kombinatının, evlərin kanalizasiyası olmadığına görə həmişə sular gölə axıdılıb. Artıq torpaq su ilə doyub, ona görə də, suyu çəkmir. Layihənin davam etdirilməsi üçün aidiyyəti qurumlara müraciət etmişik. Əks halda, vəziyyət daha da pisləşəcək”.

O bildirib ki, bir müddət əvvəl küləkli günlərin birində su Pirşağı yolundan aşıb Məhəmmədi tərəfə əhali yaşayan əraziyə axmışdı. Bənd çəkilib onun qarşısı alınmışdı. Lakin bu uzun müddət davam edə bilməz. Kanalizasiya sistemi olmazsa, göl həmişə problem yaradacaq”.

Göldən Abşeron kanalına birləşdiriləcək əlavə xəttin çəkilməsinə gəlincə, qəsəbə nümayəndəsi bunu real hesab etmir: “Həmin kanal göldən yüksəkdə yerləşir, ancaq nasos quraşdıraraq suyu kanala vurmaq olar. Lakin bu da məsələnin həll yolu deyil. Bu işlə “Azərsu”ASC məşğul olmalıdır. Biz məsələni qaldırmışıq, məlumat da vermişik. Lakin nə üçün tədbir görülmür onu bilmirəm. Tədbir görülməzsə, gölün suyu artdığı halda həm İstintaq Təcridxanası, həm də Bakı kəndləri- Məhəmmədi, Mehdabad, Pirşağı, Kürdəxanı, Bilgəhə gedən yolu su basa və problem yarada bilər”.

Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı problemin onlarla əlaqəsinin olmadığını deyib.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanası rəhbərliyi tərəfindən Zabrat gölünün suyunun qalxması səbəbindən yaranan təhlükə ilə bağlı Nazirlər Kabinetinə məktub göndərilib.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR