“O at dostum idi, məndən ayrılanda...” – Mehtərlə maraqlı söhbət FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

“O at dostum idi, məndən ayrılanda...” – Mehtərlə maraqlı söhbət FOTOLAR/VİDEO

Həyatda hər bir insanın sevdiyi sənəti, peşəsi, habelə hobbisi, məşğuliyyəti olur. Hobbi sevimli peşəylə, sənətlə üst-üstə düşəndə isə bu insanın həyatını tamamilə dəyişir. İnsan bütün həyatını, ömrünü ona bağlayır.

Publika.az bu gündən etibarən “Mənim peşəm” adlı layihəyə başlayır. Layihə çərçivəsində peşə sahibləri ilə onların sənəti barədə danışacağıq. İlk qonağımız çapar, “Köhlən” komandasının məşqçisi, Şəmsəddin Atayevdir. O, uzun illər atçılıqla məşğul olmuş Atayevlər nəslinin təmsilçisidir. Ata bu sənəti oğluna, o da öz növbəsində övladına bağışlayıb. Atayevlər nəslinin davamçısı, çapar, “Köhlən” komandasının məşqçisi Şəmsəddin Atayev indi öz atasının, babasının, ulu babasının yolunu davam etdirərək doğmalarından ona miras qalmış sənətin itib batmasına imkan vermir.

Süvari-məşqçı bizimlə söhbətdə maraqlı xatirələrini bölüşdü.

“Bir dəfə beş nəfər at mindik...”

Şəmsəddin Atayev deyir ki, onun babası, ulu babası və ümumiyyətlə əcdadları ömürlərini bu sahədə başa vurublar: “Bizim nəsil hələ qədim dövrlərdən atçı nəsli olub, ata-babadan bu işlə məşğul olmuşuq. Babam bir zamanlar Ağdam Atçılıq Zavodunda mehtər işləyib. Sonra atam onun yolunu davam etdirib. İndi də mən bu yolu gedirəm.

Nəslimiz əsasən Qarabağ atlarına qulluq edib. 1993-cü ildə Qarabağda məlum hadisələr baş verənə qədər döllük atlar ancaq bizdə olub. İndi oğlum, qardaşım və onun üç oğlu, habelə digər qohumlarım atçılıqla məşğul olur”.

Onun sözlərinə görə, orta məktəb illərindən at yarışlarında iştirak etməyə başlayıb: “Bizdə yaşlı məşqçilər – jokeylər vardı. Bu sahəyə marağı məndə həm valideynlərim, həm də onlar oyatdı. Yaxşı at mindiyimə görə qoçaq atları mənə verirdilər. Nə qədər çətin at vardısa, hamısını mən minirdim. Bir dəfə beş nəfər at mindik. Onlar çətin atlar idi. Atlar dörd nəfəri yıxdı, amma mindiyim at nə qədər çalışsa da, məni yıxa bilmədi”.

“O at insan kimi bütün ilxını otarırdı”

Atçılığı öyrənməyə başladığı vaxtlardan üzləşdiyi məqamlar çox olub: “Məni çox at yıxıb. Çünki xam atları öyrədirdim, buna görə belə də olmalıydı. Yaxşı ki, ayağım sınmadı. Tədricən hər şeyə vərdiş etməyə başladım. Atçılıqda təhlükəli məqamlar çox olur, bəzən at adama təpik atır. Amma bu, həmişə baş vermir. Heyvan bunu nədənsə qorxanda, ürkəndə edir. Gərək qorxutmayasan, ürküdüb həyəcanlandırmayasan. Yaxşı yadımdadır, “Qələbə” adlı ipə-sapa yatmayan madyanımız vardı, belinə kim minirdisə onu yıxırdı. Bir gün məşqçi dedi ki, bilirəm onun öhdəsindən ancaq sən gələrsən. Atı mindim, lakin məni də yıxdı. Ürkmüşdü, döyülmüşdü, psixi zədə almışdı bilmirəm, çox aqressiv at idi, onu tabe edə bilmirdik. Sonda məsləhətləşib qərara aldılar ki, onu çox incitməsinlər, nəsil artırmaq üçün istifadə etsinlər. Bir sözlə, atların arasında böyüdüm. Əvvəllər çapar idim, 2000-ci ildən məşqçı kimi fəaliyyət göstərirəm”.

Müsahibim deyir ki, atlar arasında dostları da olub. Elə indi də özünə yaxın bildiyi atlar var: “Bir atım vardı. Çox sürətli idi. Onunla bir neçə yarışda iştirak edib yer tutdum. O atı sonra İsveçrəyə satdılar. SSRİ dövründə Moskvaya auiksona bir neçə dəfə at aparmışam. Yaxın dostuma çevrilmiş o heyvan auiksonda satıldı. O at məndən ayrılmaq istəmirdi. Hərəkətləri ilə sanki bunu hiss etdirirdi. Mən də çox pis olmuşdum. Lakin sonradan almanlardan biri - Verena Şori adlı qadın onu alaraq Almaniyaya gətirib. Həmin alman “Qarabağ at klubu” adlı cəmiyyət də yaradıb”.

Bununla yanaşı, onun yaddaşında maraqlı xatirə buraxıb gedən atlar da olub: “Sultan” atın Salsal adlı babası vardı. Bu heyvan adam kimi dil bilirdi, atları o otarırdı. İlxını qoymurdu ki, otlaq sahəsindən kənara çıxsın. Hansı at kənara çıxırdısa, onu itələyib geri qaytarırdı”.

O deyir ki, atlar sürətlərinə görə də seçilir, qiymətləndirilirlər: “Bizdə atla ən böyük qaçış məsafəsi 4000 metrdir. Hansı at bu məsafəni tez qət etsə, deməli, sürətli heyvandır. Cins atımla 4000 metr məsafəni ən tez qət edib qalib gəldim. Şansım 2-ci, 3-cü yer də olar bilərdi. Amma mühüm əhəmiyyətli yarışda birinci yerə çıxdım”.

“Nəfəsi iyləyən kimi...”

O, xüsusi yetişdirdiyi cins atların qiymətinin də xüsusi olduğunu diqqətə çatdırdı: “İki il bundan əvvəl Azərbaycanda at satışı auksionu keçirildi. Tədbir dövlət səviyyəsində idi deyə, süvarilər çoxlu at gətirmişdilər. Mən də hərraca 3 at aparmışdım. Onların hərəsini 7500 manata satdım.

Bizdə elə mütəxəssislər vardı ki, atın qaçışına baxan kimi onun 1000 metri neçə saniyəyə qət edə biləcəyini əvvəldən müəyyənləşdirə bilirdi. Məsələn, Vəli dayı atın qaçışına baxan kimi deyirdi ki, bala bu, 1 kilometri 1 dəqiqə 15 saniyəyə qət edə bilər. Əlimdəki saniyəölçənə baxan kimi görürdüm ki düz deyir. Rəhmətlik Əli Tağıyev atın nəfəsini qoxuyan kimi onun sağlam olub-olmadığını müəyyən edirdi. Bu adamlar atçılıq məktəbini oxumamışdılar, amma əsl mütəxəssis idilər. Bir zamanlar yaxşı çaparlarımız da vardı”.

O, atçılıqla bağlı maraqlı məqamlardan da söhbət açdı: “Bir dəfə ilxını dağa apardıq. Yorğa atlardan biri gəlib ilxıya girdi və erkək atla dalaşmağa başladı. İlxıya gələn at nallı olduğundan bizim atları döydü. Hamımız atçı uşaqları idik. Həmin heyvanın yalını və quyruğunu qırxdıq. Uşaq idik, bilmirdik ki, bunun nəticəsi ağır olar. Atın sahibləri tökülüb gəldilər. Sən demə, atın quyruğunu kəsmək təhqiramiz hərəkət imiş. Bəziləri atın yalını qırxmağı onun sahibinin namusuna sataşmaq kimi başa düşürmüş. Aləm dəydi bir-birinə. Yalnız işə böyüklər qarışandan sonra ara sakitləşdi. Sonra başa düşdük ki, böyük qəbahət etmişik”.

“Yalnız “Sədəqə”...”

Ötən əsrin 80-90-cı illərində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzü başlayanda hər sahədə olduğu kimi atçılıqda da bir sıra arzuolunmaz dəyişikliklər baş verib: “90-cı illərin əvvəllərində Ağdamda vəziyyət gərginləşdi. 1993-cü ildə döllük atları Qarabağdan bura gətirdim. İndi doqquz atım var. Atlara adı atçılıq zavodlarında qoyurlar, pasportlaşma da orada gedir. Yalnız “Sədəqə” adlı ata adı özüm vermişəm. Pasportu bizə əvvəllər Kənd Təsərrüfatı Nazirliyi verirdi, amma indi Atçılıq Federasiyası verir”.

O, qayğılardan, çətinliklərdən də söhbət açdı. Bildirdi ki, bir sıra çatlışmazlıqlar Azərbaycanda atçılığın inkişafına maneçilik törədir: “Təəssüf ki, bir sıra çətinliyimiz var. “Çövkan” komandasını saxlamaq üçün maliyyə dəstəyi lazımdır. Yarışlarının keçirilməsi üçün müntəzəm məşqlər aparılmalıdır. Bütün bunlar pul tələb edir, maddi sıxıntılar üzündən məşqləri keçirə bilmirik.

Üç dəfə ölkə miqyaslı yarışlarda iştirak etdik. İki yarışda qalib gəldik - birinci yarışda üçüncü yerə, ikinci yarışda ikinci yerə çıxdıq. Lakin məşqlərin müntəzəm keçirilməməsi üzündən üçüncü yarışda uduzduq. Oyunçuları idman forması ilə geydirməyə, onları qidalanmasını təmin etməyə maddi imkanım çatmadı”.

“Atı xüsusi tərbiyə ilə yetişdirməsən...”

O, “Çövkan” komandasını təkbaşına yaradıb: “Bu, 2013-cü ildə, özü də təsadüfən baş verdi. Dostum Əli müəllimlə çay süfrəsi ətraflında söhbət edirdik. Dedi, mənim bir komandam var. Amma bir komanda tapa bilmirəm ki, onunla məşq edək. Cavab verdim ki, sabah məşq üçün komanda gətirəcəm. Qardaşımın övladlarına, oğluma və dostlarıma zəng edib onları məşqə çağırdım. Hamı tövləyə toplaşdı. Kimin hansı atı minəcəyini, hansı yəhərdən istifadə edəcəyini müəyyənləşdirdik, çövkan ağaclarını, yüyənləri hazırladıq.

Səhər bütün komanda üzvlərini dəbilqələri, uzunboğaz çəkmələri, çövkan ağacları ilə məşq oyununa çıxdı. Oyun başladı. Beləcə məşqlərə start verdik.

Bir müddət məşqlər edib, oyunlar oynadıq. Hətta mərc oyunları da keçirdik. Komanda üzvlərini həvəsləndirmək üçün razılığa gəldik ki, hansı komanda uduzsa, bir qoyun alıb kəsəcək. İki dəfə bizim komanda uduzdu, lakin üçüncüdə qalib gəldik. Çox maraqlı oyunlar oldu. Uşaqlarda o qədər həvəs yaranmışdı ki, oyunlar tez-tez keçirilirdi. Həmin məşqin davamı çempionatda iştirakla nəticələndi. Çempionatda dostum Əli müəllimin komandasına qalib gəldik. Bütün bunları çətinliklə başa gətirdik”.

Lakin maddi sıxıntıların olması üzündən bu prosesi sonra davam etdirə bilməyiblər: “Dostlardan biri “Kövsər” klubu adıyla bizə himayədarlıq etdi. 2014-cü ildə keçirilmiş yarışda iştirak edib, ikinci yeri tutduq. Lakin maliyyə dəstəyinin olmaması səbəbindən idmançılarımız dağılışdı. Çünki bir çoxu ailəlidir, sosial qayğıları, çətinlikləri var deyə, başqa sahələrdə çalışmalı olurlar. Bəziləri rayonda yaşayır, bura tez-tez gələ bilmir. Maliyyə dəstəyinin olmaması bizə bu işləri davamlı şəkildə həyata keçirməyə imkan vermir.

İndi öz atlarıma baxıram. Dostlarım, qohumlarım gəlir, atları minib məşqlər keçiririk. Komandanı saxlama üçün ardıcıl məşqlər keçirilməli, idmançının tələbatı ödənilməlidir. Bu işləri həyata keçirmək həm asandır, həm də çətin. Ona görə asandır ki, bu işləri bilirik. Çətindir ona görə ki, maliyyə yoxdur”.

Sən demə, atlar da xüsusi tərbiyə ilə yetişdirilir: “Yarış atlarımdan birini Şəkiyə dişi atlarla cütləşməyə göndərmişik ki, bala alaq. Onun qardaşları da Binədə saxlanılırlar. Onlar yarışlarda daim qalib gəlirlər. Amma mənim atım hələ balaca olanda qardaşımın oğlu qucağına alıb iki ayağı ilə gəzdirir, uşaq kimi oynadırdı. Buna görə də heyvan ərköyünlük etməyə, şahə qalxmağa başladı. Qardaşımın oğlu heyvanı elə pis vərdiş etdirdi ki, sonralar onu öyrədə bilmədim. Atı döyməyin qətiyyən tərəfdarı deyiləm”.

Anar Tağıyev,

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm