11000 kitabın sahibi: "100 yaşlı nəşrləri yandırmaq istədilər" - “MARAQLI ŞƏXS” - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

11000 kitabın sahibi: "100 yaşlı nəşrləri yandırmaq istədilər" - “MARAQLI ŞƏXS” - FOTO/VİDEO

“Yaxşı kitabı oxuyub qurtardıqdan sonra elə bil əziz dostundan ayrılırsan”. Bu kəlam müdriklərdən birinə məxsusdur. Doğrudan da, kitablar insanın ən dəyərli dostlarından biridir. Yalnız onlar bizə təmənnasız bilik, savad, elm verirlər. Buna görə də bəzi insanlar həyatlarının sonuna qədər bu dəyərli, əziz “dost”lardan ayrılmır, asudə vaxtlarını onlarla keçirirlər. Suraxanı rayon sakini, qəzet satıcısı Osman Sərkərov da belələrindəndir. O, gündəlik qazancının az olmasına baxmayaraq xeyli sayda kitab alıb, mütaliə edərək biliyini genişləndirib. Kitab həvəsi, mütaliəyə marağı ona şəxsi “kitabxanası”ndakı kitabların sayının 11 mindən artıq olması ilə nəticələnib. O, indi öz kitablarını təmənnasız olaraq gənclərə, məktəblilərə təqdim etmək istəyir ki, onlar da maariflənsinlər. Lakin bunu reallaşdıra bilmir.

Publika.az-ın bu gündən “Maraqlı şəxs” layihəsinə başlayır. Layihəmizin ilk qonağı da məhz Osman Sərkərov oldu. O, minlərlə kitabı necə əldə etməsi, bu işə marağının haradan yaranması və digər məqamlara aydınlıq gətirdi.

İcra hakimiyyətindən mənə dedilər: “Sən kimsən ki...?”

Artıq 25 ildir kitab işi ilə məşğul olan müsahibim deyir ki, mütaliəni çox sevir: “İndi 11000 kitabım var. Oğlumu evləndirəndə yaşadığım iki otaqlı darısqal mənzilimdəki kitabları 2011-ci ildə gətirib bura yığdım. Onları saxlamağa yerim yoxdur. Bu səbəbdən də dəfələrlə Suraxanı rayonunun aidiyyəti orqanlarına, bələdiyyəyə, icra orqanına, o cümlədən müvafiq nazirliklərə, Milli Məclisin deputatlarına, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, dövlət strukturlarına müraciətlər etmişəm ki, oxu kitabxanası yaradılsın. Məktublardan birini də yazıçı Çingiz Abdullayevə göndərmişəm”.

Onun sözlərinə görə, millət vəkili Qənirə Paşayevaya yazdığı məktubların ikisinə cavab gəlib: “Qənirə xanım müraciətimi müvafiq qurumlara yönləndirib. Aidiyyəti qurum yəni Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi isə mənə məktub yazıb ki, bu məsələ bizim səlahiyyətimizdə deyil. Yaxşı, bəs bu məsələ hansı qurumun səlahiyyətindədir? Hansısa qəsəbədə, rayonda yeni kitabxana yaratmaq Mədəniyyət və Turizm Nazirliyinin əlində ola-ola mənə deyirlər ki, bu məsələ bizim səlahiyyətimizə aid deyil”.

Bu, ona verilən rəsmi cavabdır: “Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi rəhbərinin rəis müavini Nazim Əliyevin mənə verdiyi cavab belə oldu (məktubu göstərir-A.T.): - sizin Mədəniyyət və Turizm Nazirliyinə fevralın 3-də (2016-cı ildə-A.T.) ünvanladığınız ərizəyə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində baxılıb. Kitabxananın yaradılması məsələsi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin səlahiyyətlərindən kənardır.

Millət vəkili Qənirə Paşayevaya göndərdiyim məktubu Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlayaraq məsələnin həllini xahiş edib. Bundan sonra məni icra hakimiyyətinə dəvət etdilər. İcra hakimiyyətinin mədəniyyət məsələləri üzrə rəsmisi mənə dedi: “Sən kimsən ki, aşağılardan təklif verirsən?”

“1922-ci ildə nəşr olunmuş “Hop-hopnamə”ni belə əldə etdim”

O, 2011-ci ildən yazışmalar aparsa da, heç nəyə nail olmayıb: “Suraxanı rayonundan deputat seçilmiş Sevinc Fətəliyevaya kitabxana məsələsi ilə bağlı yazdığım məktublara heç bir cavab verməyib. Bu məsələni bir dəfə də onun nümayəndəsindən şifahi xahiş etmişəm.

Mən kitabxana yaradılması və 11000 kitabın ora təmənnasız yerləşdirilməsi ilə bağlı ərizəmi şikayət ərizəsi kimi yox, təklif ərizəsi kimi yazmışam. Yəni bu sadəcə təklifdir”.

Amma bütün bunların heç bir faydası olmayıb: “Bir gün bir nəfər gəlib dedi ki, xeyli kitabım var, satıram. Alırsan? Cavab verdim ki, alaram. Bağ evinə gedəndə gördüm yüzlərlə kitabı var. Hətta onları daşımaq üçün iki fəhlə tutub ki, kitabları evdən yığışdırıb atsınlar. Lakin nəşrlərin arasında ərəb dilli kitablar da varmış. Elə bilib ki, bunlar Qurani-Kərimdir. Buna görə onları zibil qabına atmamaq qərarına gəlib.

Kitabları əlimə alanda gördüm ki, onun “Quran” hesab etdiyi nəşrlər Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Süleyman Sani Axundovun əski Azərbaycan əlifbası ilə olan kitablarıdır. Sabirin 1922-ci ildə nəşr olunmuş “Hop-hopnamə”si də oradan əlimə düşüb. “Hop-hopnamə”ni tapmağa o qədər sevindim ki! Düzdür, kitab bir az köhnəlib, amma bərpa etdim. Pul verib digər klassiklərin kitablarını da aldım”.

“İstədilər ki, kitablarımı yandırsınlar”

Onun sözlərinə görə, klassiklərin kitablarını “Quran” hesab edən şəxs Osmani Sərkərova xeyli kitab satıb: “Beş il əvvəl oğlumu evləndirəndə gördüm kitablar evimə sığışmır. Buna görə də onları həyətdəki konteynerlərə yerləşdirdim. Bu konteynerlərə və kitabların daşınmasına 600 manat xərcim çıxdı. Nəşrlərin bir hissəsini 3 konteynerə, bir hissəsini isə yaşayış binasının zirzəmisinə yerləşdirdim. Kitabları bura yığmağıma da icra hakimiyyətindən, 104 saylı MKİS-dən icazə vermirdilər. Hətta bir neçə dəfə konteynerləri yandırmaq istədilər”.

Bu hal bir neçə dəfə təkrarlanıb: “Allah millət vəkili Aqil Abbasın oğlu Tuncay müəllimin canını sağ eləsin. Mənə dedilər ki, Tuncay müəllimin kitablara rəğbəti var. O, polis rəisi işləyəndə bir tanışımla qəbuluna getdim. Tuncay müəllim tapşırıq verdi ki, mənə mane olmasınlar. Dedi kitabların konteynerlərinə əl dəyməyin, qoyun qalsın. Kitablar onun sayəsində burda qalıb. Yoxsa bu konteynerləri dağıdıb kitabları da yandıracaqdılar”.

Yeri gəlmişkən, konteynerlərin olduğu ərazi, Elçin Məmmədov 4 ünvanı yaşayış binalarının həyətidir. Kitablar həm havasızlıqdan, həm də rütubətdən konteynerlərin içində və binanın zirzəmisində çürüyür: “Darısqal həyət qanunsuz olaraq kiməsə satılıb. Həmin şəxs də gətirib bura daş töküb ki, nəsə tiksin. Lakin qonşuların qəti narazılıqlarından sonra o adam tikinti işlərini müvəqqəti dayandırdı. Məndə olan məlumata görə, həmin adam ara sakitləşən kimi burada yenidən nəsə inşa edəcək. Amma mənə kitabxana tikməyə icazə vermirlər. Çox güman ki, o adam tikintiyə başlayanda konteynerləri də dağıdacaqlar”.

Əvvəllər qəzet satdığı köşkü indi kiçik kitab sığınacağına çevirdiyini deyən müsahibim qeyd etdi ki, minlərlə nəşr toz içində qalıb: “Kitablar artıq beş ildir burada köşkdə, konteynerlərdədir. Burada daha hansı dahilərin əsərləri yoxdur! Azərbaycan klassikləri, o cümlədən dünya şöhrətli Nizami Gəncəvinin “Xəmsə”sindən tutmuş, rus, xarici ədəbiyyat nümunələrinə qədər. Ədəbi, bədii, tarixi, elmi kitabların hamısı illərdir konteynerlərin içində qalaraq çürüyür. Kitabların arasında daha çox tarixi ədəbiyyat yer tutur. Çünki tarixə marağım, həvəsim daha çox olduğundan bu sahə üzrə kitablar toplamışam”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm