Şəxsiyyət vəsiqəsi və qadınla... Bir gecəlik kirayə evlərdə yaşananlar - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Şəxsiyyət vəsiqəsi və qadınla... Bir gecəlik kirayə evlərdə yaşananlar - FOTOLAR

Son günlər paytaxtda mənzillərin bir günlük kirayə verilməsi ilə bağlı təkliflərin sayı xeyli artıb. Bunu Bakının ayrı-ayrı yerlərində divarlara vurulmuş kirayə ev elanlarının çoxalması da göstərir. Metro stansiyalarının yaxınlığında, küçələrdə divarlara yapışdırılmış elanların sahibləri mənzillərini bir günlük kirayə verdiklərini bildirirlər.

Publika.az olaraq biz də qərara aldıq ki, paytaxtdakı bir günlük kirayə evlərin verilmə şərtləri, habelə digər məsələləri araşdıraq.

“Uşaqlı ailələrə mənzil vermirəm”

Bir günlük ev kirayəsi ilə bağlı zəng vurduğumuz telefon nömrəsinə cavab verən Mənzurə Quliyeva bildirdi ki, mənzilini əsasən bir günlük kirayəyə verir. Amma istisnalar da var: “İstəsəniz, həftəlik də kirayəyə götürə bilərsiniz. Əgər müştəri evi bir günlük kirayəyə götürmək istəyirsə, ən azı 2 gün əvvəl sifariş etməli və beh verməlidir. Ev Akademik Milli Drama teatrının yanındadır. Çox gözəl yerdədir - balkonu parkla üz-üzədir. Bir otaqlı mənzildir”.

Mənzilində hər bir şəraitin olduğunu deyən ev sahibəsi bildirdi ki, qalır bircə müştərinin dincəlməsi: “Mənzilin yeni parketi, seyf qapısı, ev telefonu, kondisioneri, soyuducusu, paltaryuyan maşını, hətta kompüteri, interneti də var. Mənzil beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşir. Bir günlük, yəni 24 saatlıq kirayə haqqı 50 manatdır. Bu gün saat 10-da kirayələsəniz, sabah saat 10-da təhvil verəcəksiniz”.

Evin yerləşdiyi məkanın da, şəraitin də çox gözəl olduğunu iddia edən sahibə qeyd etdi ki, kirayə verdiyi ev xüsusi mənzildir: “Qapını özünüz açıb, özünüz bağlayacaqsınız. Heç kim sizə mane olmayacaq”.

O ki qaldı kirayə haqqında hər hansı endirimə: “Evimin yaxşı şəraiti olduğuna görə qiymətdə güzəştə getmirəm. Mənzili əsasən tək adamlara və ər-arvada kirayəyə verirəm. Uşaqlı ailələr istisnadır. Amma ailələr olsa, ərlə arvadın sənədlərini, o cümlədən nikah haqqında şəhadətnamələrini yoxlayıram. Eləsi var ki, küçədən bir xanımı tapır və yalandan deyir ki, ailəmdir. Buna görə də cütlüklərin sənədlərini yoxlayıram. Man dəllal deyiləm, mənzil özümündür”.

O, bildirdi ki, mənzilini vasitəçisiz kirayə verir: “Maklerlərə ev vermək sərf eləmir. Gərək onda onlara da pul verəsən. Bu isə baha başa gəlir. 50 manatdan maklerə də pul versəm daha özümə nə qalır? Əgər siz özünüz maklerə zəng edib mənzil istəsəniz, gərək onların da xərcini ödəyəsiniz. Bu, mənə də sərf etmir”.

Mənzili 5 günlük də kirayəyə götürən var, 1 həftəlik də, 1 günlük də: “Əgər kimsə mənzili 1 həftəlik kirayəyə götürsə, puldan 5 manat güzəşt edib günü 45 manata verərəm”.

“Evə qız gətirmək istəyirdilər...”

Ev alqı-satqısı ilə məşğul olan Asif Məmmədov da bir günlük kirayə mənzilin qiymətinin 50 manat olduğunu dedi. Kirayə mənzilin metronun “28 May” stansiyasının yaxınlığında yerləşdiyini vurğulayan müsahibim qeyd etdi ki, evdə hər cür şərait var: “Ən çox rayondan bir günlük Bakıya alver etməyə gələnlər maraqlanır. 4-5 daimi müştərim var. Üçü ticarətlə məşğul olur. Elə olur ki, hər həftə 1 gün – 1 gecə qalıb gedirlər”.

Özünün dediyinə görə bəzən elə olub, xoşuna gəlməyən adama ev verməyib: “O demək deyil ki, 50 manatı alıb mənzili hər kəsə verəsən. Evi gənclərə və yeniyetmələrə kirayəyə verəndə ehtiyatla davranıram. Bəzən gəlib deyirlər ki, mənzili bir günlük tək götürürük. Amma sonra məlum olur ki, evə qız gətirmək istəyir”.

Qəribə də olsa, tələbələr arasında da bir gecəlik müştəri olub: “Ötən ilin sentyabrında Bakıya gəlmiş tələbələr ev tapana qədər 2-3 gün qaldılar. Bir otaqda 3 tələbə gecələdi. Açığı, evi tələbələrə vermək sərf eləmir. Çünki xeyirlərindən daha çox ziyanları dəyir. Su kranını, elektrik açarını neçə dəfə dəyişmişəm. Divar kağızlarını yazanlar da, cıranlar da olur. Buna görə uşaqlı ailələrə ev vermirəm”.

O ki qaldı şəraitə, o, bildirdi ki, mənzilin hər şəraiti var: “Qaz, işıq, su daimidir. Mənzil bir otaqlı olsa da, otaq genişdir. Orta təmirlidir. Soyuducusu, televizoru var. Əgər sifariş versəniz, gərək əvvəldən deyəsiniz.

Kirayə verilən mənzillərdən biri də “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşir. Sahibi deyir ki, mənzil bir otaqlıdır. Lakin kirayə şərtləri bir qədər fərqlidir. Evdə 4 nəfər qala bilər, şərait var. Söhbət əsnasında öyrəndik ki, həmin mənzili tez-tez rayonlardan “8 km bazarı”na ticarət etməyə gələnlər kirayəyə götürür. Obrazlı desək, evin daimi “sakinləri” də var. Lakin şərtlərin yumşaqlığı kimi mənzilin təmir vəziyyəti də fərqlidir. Belə ki, otaq təmirsizdir. Lakin paytaxtın ən ucuz bazarına məsafə baxımından sərfəli, əlverişlidir.

“10 manat verin və...”

Mənzili bir günlük kirayə verən digər şəxs isə qeyd etdi ki, onun təklif etdiyi otaq “Yaşıl bazar”ın yanındadır: “Otağı ancaq bir gecə qalmaq şərtilə kirayəyə verirəm. Bir gecəlik kirayənin qiyməti 10 manatdır. Mənzili ancaq axşamdan axşama kirayəyə verirəm, gəl, bir gecə qal, get. Evin şəraiti yaxşıdır. Yaxşı deyəndə ki, gecə qalmaq üçün hər şərait var. Qazı, suyu, işığı, hamamı – hər şeyi var. Ümumilikdə otaq 10 manatdır, yəni adama 10 manat yox. İstəsəniz üç nəfər də qala bilərsiniz. Çünki otaqda 3 çarpayı var. Amma evə qızla, qadınla gəlsəniz buraxmayacam. Çünki həyət evidir”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm