“Bank Of Baku”nun şəhid anasına cavabı: “Bizə görə ölməyib ki, bankın pulunu ödəyin!”
Bizi izləyin

Qırmızı.az

“Bank Of Baku”nun şəhid anasına cavabı: “Bizə görə ölməyib ki, bankın pulunu ödəyin!”

Xəbər verdiyimiz kimi, bu ilin aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi “Bank Of Baku”dan götürdüyü 3000 dollar krediti ödəyə bilmədiklərindən şikayətlənirdi.

Şəhidin anası Zemfira Baxışovanın mətbuata verdiyi xəbərə görə, buna qədər krediti hər ay ödəyirlərmiş. Lakin aprel ayında oğlu şəhid olduqdan sonra ödənişlərdə problem yaranıb: “Bankdan isə zəng edib hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz sizi hüquq-mühafizə orqanlarına verəcəyik. Deyirəm ki, oğlum şəhid olub, vəziyyətim ağırlaşıb, götürdüyüm krediti qaytara bilmirəm. Bank nümayəndəsinin cavabına baxın: “Nə olsun, bizə görə şəhid olmayıb ki... Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin”. Hələ üstümə qışqırır da. Bəs, mənim uşağım kimə görə şəhid olub? Mənim də bu pulu ödəməyə imkanım yoxdur”.

Nəzərə çatdıraq ki, məsələnin medianın gündəminə gətirilməsindən sonra bank şəhid ailəsinin borcunu silib. “Bank of Baku”nun özünün bu barədə yaydığı rəsmi açıqlamaya görə, maliyyə qurumu şəhidlərin və qəhrəmanların ailə üzvlərinə dəstəyini heç bir zaman əsirgəməyib. Bank buna misal kimi 04 dekabr 2015-ci il tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatını itirən və itkin düşən 11 nəfər neftçinin və aprel döyüşlərində şəhid olan əsgərlərin mövcud olan bütün kredit borclarının bağışlanmasını göstərir: “Xəbərlərdə adı çəkilən Baxışov Seymur Qulamhüseyn oğlunun şəhid olması haqqında xəbəri əldə etdikdən sonra onun Bank of Baku-da olan bütün kredit öhdəlikləri tamamilə silinib. Borcunun bağışlanmasına dair məlumat ailəsinə təqdim olunub. Adı çəkilən şəhidimizlə yanaşı digər şəhidimizin, Orucov Müşviq Arif oğlunun anasının da bankın daimi müştəriləri sırasında olması xəbərini əldə etdikdən sonra, onun da kredit borcu Bank of Baku tərəfindən bağışlanıb. Seymur Baxışovun anası Zemfira Baxışovanın bankda olan kreditlərinin bağışlanması barədə qərar qəbul olunub. Tez bir zamanda icra ediləcək. Şəhidimizin atası Qulamhüseyn Baxışovun da bankda olan kredit öhdəlikləri üzrə güzəştli şərtlər tətbiq edilib və tamamilə bağlanmasına bank tərəfindən dəstək göstərilib”.

Bankın əməkdaşının davranışına gəldikdə isə, bankdan deyilib ki, bu məsələ ciddi araşdırılır və lazımi tədbirlər görüləcək.

İlk baxışdan “Bank of Baku”nun humanist addım atdığını düşünmək olar. Lakin bu məsələ mətbuatda ictimailəşməsəydi, bank borcları siləcəkdimi? Sual yaradan budur. Təəssüf ki, bank bu barədə düşünmürdü!

Kifayət qədər bahalı kredit siyasəti yürüdən “Bank of Baku”nun şərtləri də Mərkəzi Bankın tələbləri ilə uyğun deyil. Bu bank təkrar müştərilərinə belə kreditləri 27 faizlə təklif edir. Bu da ən yüksək faiz siyasətidir.

İndi siz deyin, onları bağışlamaq olarmı?

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm