Çayların suyu 1 metrə qədər artıb - NAZİRLİK
Bizi izləyin

Qırmızı.az

Çayların suyu 1 metrə qədər artıb - NAZİRLİK

"Sentyabrın 1-dən 2-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilib. Şimşək çaxması və intensiv yağışların yağması səbəbindən respublikanın əksər çaylarında suyun səviyyəsində artım qeydə alınıb".

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, Quba-Xaçmaz bölgəsi ərazisindən axan Qudyalçay, Vəlvələçay,Qusarçayda suyun səviyyəsi 40-90 sm, Lənkəran-Astara bölgəsində axan çaylarda 45-70 sm artım qeydə alınıb. Kiçik Qafqazın ərazisindən axan Gəncəçay, Kürəkçay, Zəyəmçayda isə bir qədər az artım qeydə alınıb.

"Sentyabrın 1-i və və 2-nə keçən gecə Qəbələ və İsmayıllı rayonu ərazisindən axan Girdimançay, Dəmiraparanda qısa müddətli sel müşahidə olunub".

A.Verdiyev bildirib ki, sabah da qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Çaylarda yüksək sululuğun davam etməsi gözlənilir. Xüsusən, bu artım Böyük Qafqaz və Lənkəran-Astara bölgəsində olan çaylarda müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən isə Publika.az-a bildirilib ki, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 1-i gün ərzində, 2-i səhərədək ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Göygöl və Tərtərdə dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1.0-8.0 mm, Lənkəran-Astara zonasında 1.0-26.0 mm, Astarada 84.0 mm, Lerikdə 41.0 mm, Böyük Qafqazda 1.0-18.0 mm, bəzi dağlıq ərazilərdə 33.0-78.0 mm, Kiçik Qafqazda 1.0-2.0 mm, Qazax-Gəncə zonasında 1.0-8.0 mm, Mərkəzi-Aran rayonlarında isə 1.0-24.0 mm olub.

Şimal-qərb küləyinin sürəti bəzi rayonlarda 18-32 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, arabir 28 m/s-dək güclənib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm