Azərbaycanda lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydası müəyyənləşdirilib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydası müəyyənləşdirilib

Nazirlər Kabineti “Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nı təsdiq edib. APA-nın məlumatına görə, lisenziyaların və icazələrin vahid reyestri İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi İqtisadiyyat Nazirliyi tərəfindən təmin edilir. Reyestrdə olan məlumatlar informasiya alınması məqsədi ilə dövlət hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər üçün açıqdır. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir. Reyestr “Lisenziyalar” və “İcazələr” bölmələrindən ibarətdir.

Reyestrə lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatlar daxil edilir:

- lisenziya və icazə verən orqanın adı və ünvanı;

- lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);

- lisenziya (icazə) sahibinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

- lisenziyanın (icazənin) verildiyi tarix və qeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);

- əgər varsa, icazənin müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);

- lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;

- lisenziyanın və icazənin əlavəsinin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);

- yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);

- lisenziyanın və icazənin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi (dublikat verildikdə);

- lisenziyanın və icazənin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);

- lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğvetmənin əsası göstərilməklə), məhkəmə qərarının tarixi və onu qəbul edən məhkəmənin adı.

Reyestrə yeni məlumatlar daxil edildikdə və ya həmin məlumatlar dəyişdirildikdə, onlar lisenziya və icazə verən orqan tərəfindən reyestrə daxil edilmək üçün hər ayın 10-dək elektron qaydada İqtisadiyyat Nazirliyinə təqdim edilir. Həmin məlumatlar təqdim edildiyi gün reyestrə daxil edilir. “Lisenziyalar və icazələr” portalında yerləşdirilən reyestrə məlumatların daxil edilməsi və yenilənməsi həmin portal vasitəsilə həyata keçirilir. Reyestrdən dövlət orqanları, bələdiyyələr, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fərdi sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər istifadə edə bilərlər. Reyestrdə olan məlumatlar bu subyektlərin yazılı (o cümlədən elektron) sorğusu əsasında sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü ərzində İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Reyestrdən istifadə və reyestrdən məlumatların alınması ödənişsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm