
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bərpa-müalicə müəssisələrində bu ilin birinci rübü ərzində 1500 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Onlardan 283 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.
Bu barədə Publika.Az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, bərpa-müalicə xidməti ilə təmin
olunanların 158 nəfərini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi
və konstitusiya quruluşunun müdafiəsi, habelə hərbi xidmət zamanı
əlil olanlar təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin müxtəlif
bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi, o cümlədən
Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri fəaliyyət
göstərir. Hazırda nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzində
və Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri
aparılır. Yaxın vaxtlarda nazirliyin Sumqayıt, Yevlax, Naftalan
şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, Bakı şəhər
Uşaq Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında da əsaslı
təmir işlərinə başlanacaq. Təmir işlərindən sonra qeyd olunan
bərpa-müalicə müəssisələrinin müasir tibbi-reabilitasiya
avadanlıqları ilə təchiz olunması, bu müəssisələrdə tibbi bərpa ilə
yanaşı, sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün
də şəraitin yaradılması nəzərdə tutulur.
Publika.Az