Reket jurnalistlər yeni məkanda
Bizi izləyin

Qırmızı.az

Reket jurnalistlər yeni məkanda

Əhalinin 70%-i internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisinə çevrilib və bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir.

İnternet istifadəçilərinin sayının artması, internetin imkanının genişlənməsi elektron media orqanlarının da sayına təsir edir. Artıq ənənvi qəzetlər yeni media ilə əvəzlənir. Həmçinin reket qəzetlər də daha azad və sərbəst mühitdə fəaliyyət göstərmək üçün internet mediaya ayaq açıb. Yaradılan azad mühit həm də saytların əsassız informasiyalara olan meylini də artırıb.

Onların adları fərqli olsa da, yaydıqları materiallar və seçdikləri mövzular məqsədlərinin oxşar olduğunu göstərir. Bu saytlar sensasiyalı, xüsusən də əsası olmayan, cəmiyyətdə birmənalı qarşılanmayan və dini, irqi, milli ayrı-seçkiliyə səbəb olan materiallar yaymaqla diqqət çəkirlər.

Bir müddət əvvəl jam.az adlı saytda 4 əsgərin ölməsi və hətta adlarının qeyd olunması xəbəri birdən-birə cəbhədəki vəziyyətlə bağlı narahatlığı artırdı. Sonradan isə məlumatın əsassız olduğu sübut olundu. Adıçəkilən saytda başqa bir məlumat Qusarda İcra Hakimiyyətinin qarşısında Rusiya bayrağının asılması idi. Əlbəttə, bu məlumat da təsdiqlənmədi. Bu tip saytlarda həm də adi cinayət hadisələrdən belə dini ayrı-seçkilik salmaq üçün istifadə edilir, “müsəlman xristianı öldürdü” kimi başlıqlarla verilir. Bu cür başlıq və məlumatların verilməsində qərəz olması inkarediməzdir.

Ənənəvi mətbuat orqanlarında bunlara qarşı tədbir görülür, bəs onlayn media ilə bağlı hansı addım atıla bilər?

Mətbuat Şurası İdarə Heyətinin üzvü, qurumun “reket” jurnalistikaya qarşı mübarizə komissiyanın rəhbəri Vüqar Rəhimzadə davamlı olaraq jurnalistlərin peşə davranış qaydalarını pozanlarla bağlı qara siyahı hazırlandığını deyib. Onun sözlərinə görə, hazırda bu siyahıda 90-a yaxın mətbuat orqanının adı yer alır:

“Bu gün də müraciətlər daxil olmaqdadır. Fəaliyyətində müsbət istiqamətdə dəyişiklik edən qəzetlərlə bağlı şuranın tərkibində olan apellyasiya qrupu tərəfindən də müvafiq qərarlar verir. Belə ki, adı "qara siyahı"da olan bir sıra qəzet redaktorlarının və təsisçilərinin Mətbuat Şurasının sədrinin adına ünvanlanmış müraciətlərinə baxılır və müvafiq qərar qəbul olunur. Məsələn, mart ayında 17 belə qəzetlə bağlı qərar verildi. Bu gün də davamlı şəkildə şikayətlər olur, hazırda “reket” jurnalistikaya qarşı mübarizə komissiyasında 30-a yaxın müraciətlə bağlı araşdırma aparılır. Həmçinin elektron media ilə bağlı Mətbuat Şurasının tərkibində komissiya yaradılıb və onun tərkibində peşəkar şəxslər çalışır”.

V.Rəhimzadə, həmçinin bildirib ki, saytlarla bağlı da Mətbuat Şurasına müraciətlər daxil olur:

“Elektron medianın inkişafı üçün yaradılan imkandan bəzən çirkin məqsədlər üçün istifadə edən saytlar da tapılır. Hətta elə saytlar var ki, onlar bəzən kollektiv şəklində bu işlə məşğul olur. Bu gün Mətbuat Şurasına bir sıra saytlarla bağlı davamlı şikayətlər daxil olmaqdadır. Belə şikayətlərdən bir neçəsinə Şuranın Şikayətlər Komissiyasında baxılıb və müvafiq qərar qəbul olunub. Bu gün çap mətbuatı ilə yanaşı elektron mediada da peşə davranış qaydalarını pozan jurnalistlərin sayı kifayət qədərdir. Öz çirkin məqsədlərinə çatmaq üçün belə “jurnalistlər” bu saytlardan yararlanmağa çalışırlar. Hazırda Mətbuat Şurasına bu istiqamətdə daxil olan şikayətlər araşdırlır”.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzün sözlərinə görə, internetin azad şəbəkə olması, burada qanunsuzluqlara yol verilməsi anlamına gəlməməlidir. Qanunların pozulması kütləvi olmasa da, simptomlar var, lakin bunun tənzimlənməsi o qədər də asan deyil. Provayderlərin məhdudiyyət qoyması isə internet azadlığının məhdudlaşdırılması, senzura kimi dəyərləndirilə bilər:

“Azərbaycanda "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna edilən dəyişikliyə əsasən, internet də KİV kimi qəbul edilib. KİV-lə bağlı bir sıra qanunlar-terrorizm, irqi, milli, dini ayrı-seçkiliklə bağlı məsələlər internetə də aid edilib.İnternet mediada bu işlə məşğul olanlar qanunun tələblərini pozurlar. Bu istiqamətdə səlahiyyətlər tam bölünməsə də, terrorçuluq, dövlər sirri, dini ayrı-seçkiliklərlə bağlı Milli Təhlükəsizlik Nazirliyi, dələduzluq, aldadılma ilə bağlı Daxili İşlər Nazirli və məhkəmə xətti ilə müəyyən addımlar atıla bilər”.

O.Güzdüz ictimai qurum olaraq özünütənzimləməyə daha çox önəm verdiklərini deyib:

“Bu cür fəaliyyət göstərən saytlarla bağlı çıxışlar edirik, ictimai rəy yaradırıq. Etika qaydalarını formalaşdırmağa çalışırq. İctimai qınaqla məsələni həll etmək mümkün deyil. Dünya praktikası da göstərir ki, cəmiyyət və dövlət üçün təhlükə olarsa, maraqlı tərəflər bunu məhkəmə qaydasında həll edə bilərlər. Azərbaycanda bir neçə dəfə bu cür məhkəmə çəkişmələri olub”.

“Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyevin sözlərinə görə, jurnalistlərin qərəzli məlumatlar yayması, milli, dini və irqi ayrı-seçkilik yayması onlayn medianın problemidir:

“Bu xəbərlər məlumatsızlıqdan yox, qəsdən edilir. Bu istiqamətli yazılar yaymaqda həm material, həm də siyasi maraqlar var. Bu halda ilk növbədə qanun və medianın tənzimləyici orqanları-Milli Teleradio Şurası və Mətbuat Şurası müvafiq addım atmalıdır. Həmçinin bu əməllərdə cinayət tərkibi olduğuna görə, hüquq mühafizə orqanları məşğul olmalıdır”.

A.Əliyevin sözlərinə görə, reket jurnalistika ilə mübarizə bütöv şəkildə aparılmalıdır:

“KİV cəmiyyətin bir hissəsidir, ona görə də bir istiqamətli islahat yetərli olmur. Bundan başqa, cəmiyyətin jurnalistə münasibəti dəyişməli, bölgələrdə rəhbər şəxslər, məmurlar jurnalist görən kimi əlini cibinə atmamalıdır. Reket jurnalistlərlə bağlı siyahının da hazırlanması təsirli olmur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm