Qırmızı.az
Prezident: Azərbaycanda düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi
Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda
iştirak etmişdir.
Mərkəzdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının
icrasından bəhs edən sərgi açılmışdır.
Sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının
əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur,
informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial
inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin
inkişafını əks etdirən göstəricilərə geniş yer verilmişdir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkə
iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında
regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı
Dövlət proqramları mühüm rol oynamışdır. Məhz ötən illərdə aparılan
məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi
Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına
düşür.
2003-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf
yolu keçmişdir. Həmin dövrdə muxtar respublikada ümumi daxili
məhsulun həcmi 13,9 dəfə, adambaşına ümumi daxili məhsul 12 dəfə,
sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları
istehsalı 4,7 dəfə, əsas kapitala investisiya qoyuluşu 16,4 dəfə,
xarici ticarət dövriyyəsi 13,9 dəfə, əhaliyə göstərilən pullu
xidmətlər 12,9 dəfə artmışdır. Naxçıvan Muxtar Respublikasında
təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə
hərtərəfli yenidənqurma işləri aparılmışdır.
Sərgidə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, o cümlədən
Fondun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata
keçirdiyi layihələr barədə məlumatlar da geniş əksini
tapmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev konfransı giriş nitqi ilə açdı:
"Bu gün biz Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət proqramlarının icrasını müzakirə edəcəyik.
Bildiyiniz kimi, ikinci Dövlət Proqramı bir ay bundan əvvəl başa
çatdı. Beləliklə, bu proqramların müzakirəsinə ehtiyac vardır.
Əslində, biz hər il bu proqramların icrasını müzakirə edirik. Hər
il təhlil edirik və görüləcək işlər haqqında göstərişlər
verilir".
Dövlət başçısı qeyd edib ki, 2004-cü ildə birinci proqramın qəbul
edilməsi Azərbaycan regionlarının inkişafında xüsusi rol
oynamışdır: "Mən birinci proqramın qəbul edilməsi haqqında hələ
2003-cü ildə prezident seçkiləri ərəfəsində fikirlərimi
bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk
növbədə, Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam,
xüsusi proqram qəbul ediləcəkdir. Belə də oldu, proqram qəbul
edildi. Birinci beşillik proqram demək olar ki, regionlarda böyük
dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi.
2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki,
regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi
potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu
olmuşdur".
Prezident bildirib ki, Azərbaycanda aparılan islahatlar, düşünülmüş
siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün
Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun
əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi
iradədir:
"Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf
etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son
on il ərzində iqtisadiyyat bu qədər artmamışdır. Bunun başlıca
səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai
asayişdir. Əlbəttə ki, sabitlik və düşünülmüş siyasət iqtisadi
sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda iqtisadi
islahatlar siyasi islahatlarla tamamlanır. Bu iki istiqamət
arasında uzlaşma vardır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu
baxımdan başqa ölkələr üçün də maraqlı ola bilər".
İlham Əliyev deyib ki, iki proqramın icra edilməsi nəticəsində
sənaye istehsalı 2,7 dəfə artmışdır: "Əgər proqramın icrasının ilk
illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına
artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu
inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft
sektorumuzun artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya
miqyasında ən böyük göstəricilərdən biridir. Ümumiyyətlə, keçən il
iqtisadiyyat təqribən 6 faiz artmışdır. Əlbəttə, 2006-cı ildə
istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti
nəticəsində ölkəyə böyük valyuta axını başlamışdır. O illərdə
iqtisadi artım daha çox neft amilinə bağlı idi. Ancaq biz neft
gəlirlərimizdən çox səmərəli şəkildə istifadə edə bilmişik. Bu
sahədə də Azərbaycan təcrübəsi nümunə ola bilər. Şəffaflıq təmin
edildi, neft gəlirləri artırıldı, eyni zamanda, əldə edilmiş
gəlirlər iqtisadiyyatın real sektoruna, infrastruktur layihələrinə
istiqamətləndirildi. Yəni, hesab edirəm ki, biz burada da çox
düzgün balans saxlaya bilmişik. Valyuta ehtiyatlarımız ildən-ilə
artır. Ancaq, eyni zamanda, ölkə iqtisadiyyatına böyük investisiya
qoyulmuşdur. Bu investisiya hesabına sahibkarlığın inkişafı,
infrastruktur layihələrinin icrası mümkün olmuşdur. İndi
Azərbaycanı bunlarsız təsəvvür etmək mümkün deyildir".
Dövlət başçısı vurğulayıb ki, ümumiyyətlə, 2004-cü ildə əgər
birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları
tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən
dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın
azaldılması, ixrac potensialının yaradılması son illərin
əlamətidir:
"Əlbəttə, əldə edilmiş bütün bu nailiyyətlər statistik
göstəricilərdə də əks olunur. Qeyd etdiyim kimi, iqtisadiyyat 3,4
dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə
artmışdır. Ölkədə bir milyon 200 min iş yeri açılmışdır ki, onların
900 mini daimi iş yeridir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə
düşmüşdür. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə
Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Xarici dövlət
borcumuz 8 faiz təşkil edir. Hesab edirəm ki, bu da dünya
miqyasında, ən yüksək göstəricidir. Bu, onu göstərir ki, biz
iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq.
Qoyulan investisiyalar ya xaricdən cəlb edilən investisiyalardır,
ya da ki, dövlət büdcəsindən ayrılan, o cümlədən Dövlət Neft
Fondunun hesabına qoyulan vəsaitdir. Yəni, biz beynəlxalq maliyyə
bazarlarından maliyyə resursları cəlb etməmişik. Yəni, onları çox
aşağı səviyyədə cəlb etmişik ki, ölkə borclanmasın. Bu gün inkişaf
etmiş ölkələrdə bu göstərici 100 faizdən də çoxdur. Ancaq
Azərbaycanda 8 faizdir. Misal üçün, xarici dövlət borcunun 50 faizi
ümumi daxili məhsula nisbətdə məqbul hesab edilir. Biz hazırda 30
milyard dollar kredit resurslarını alsaq, yenə də bu göstərici ən
yüksək səviyyədə olacaqdır. Yəni, bu, Azərbaycanın iqtisadi
potensialını əyani şəkildə göstərən amildir. Gələcək illərdə xarici
borcun aşağı səviyyədə saxlanması hesab edirəm ki, düzgün siyasət
olacaqdır".
Azərbaycan Prezidenti bildirib ki, son on il ərzində ölkəmizə 160
milyard dollar investisiya cəlb edilmişdir. Son illərdə sərmayənin
həcmi daha da artır. Keçən il rekord səviyyəyə çatmışdır,
Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur.
Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir. Bu da çox
müsbət haldır: "Düzdür, daxili sərmayələrin tərkibində dövlət
investisiya xərcləri hələ ki, üstünlük təşkil edir. Bu da təbiidir.
Çünki infrastruktur layihələri və ölkə iqtisadiyyatı üçün lazım
olan digər proqramlar icra edilir. Ancaq özəl sektor da Azərbaycana
investisiya qoyuluşunu artırır. Bu da ilk növbədə, ölkəmizdə hökm
sürən sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın
gələcəyinə inamının təzahürüdür. Ona görə əminəm ki, gələcək
illərdə investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır. Çünki
görüləsi işlər çoxdur".
Dövlət başçısı qeyd edib ki, ümumiyyətlə, 160 milyard dollar
həcmində qoyulan sərmayə Azərbaycan iqtisadiyyatına böyük təkan
vermişdir. Bu müsbət meyllər güclənir. Gələcəkdə həm dövlət, həm
özəl, həm xarici və daxili sərmayələrin qoyuluşu gözlənilir:
"Azərbaycan, baxmayaraq ki, əsas neft kontraktları artıq imzalandı
və icra edilir, yenə də xarici iş adamları üçün cəlbedici ölkə kimi
çox maraqlıdır. Bu gün daha çox qeyri-neft sektorunun inkişafına
vəsait qoyulur. Əlbəttə ki, biz bunu alqışlayırıq. Ölkəmizdə
yaradılan investisiya iqlimi çox müsbətdir. Adambaşına düşən
birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB
məkanında ön sıralardadır. Biz son on il ərzində, eyni zamanda,
sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə
sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək
üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə
resursları cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu hesabına
bir milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara
güzəştli şərtlərlə kreditlər verilmişdir".
İlham Əliyev deyib ki, sahibkarlığın inkişafı üçün xüsusi tövsiyə
planları da tərtib edilmişdir. Ölkə iqtisadiyyatında ən çox lazım
olan sahələri inkişaf etdirmək üçün artıq Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə kreditlər ayrılır: "Beləliklə, biz son illər
ərzində əsas ərzaq məhsullarımızla özümüzü daha da böyük səviyyədə
təmin edirik. Mən bir neçə il bundan əvvəl qarşıya vəzifə qoymuşdum
ki, biz özümüzü 100 faiz təmin edək. Hələ ki, buna çatmamışıq. Bu
barədə danışacağıq. Ancaq sahibkarların fəaliyyəti hesabına və
düşünülmüş dövlət siyasəti sayəsində bu istiqamətdə də çox ciddi
addımlar atılmışdır. Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm.
Son on il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında
şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə
göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda,
maddi dəstəkdir. Yəni, dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan
kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və
verir".
Prezident vurğulayıb ki, son on ildə infrastruktur layihələrinin
icrası prioritet məsələ idi: "Çünki biz yaxşı başa düşürdük ki, bu
layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır.
Xüsusilə, ölkəmizin enerji potensialının yaradılması istiqamətində
2004-cü ildən başlayaraq çox ciddi addımlar atılmışdır.
Azərbaycanda 10 il ərzində 17 elektrik stansiyası tikilmişdir.
Onların ümumi generasiya gücü 2300 meqavatdır. Müqayisə üçün deyə
bilərəm ki, bizim ümumi generasiya gücümüz 6300 meqavatdır. Onların
2300-ü son on il ərzində yaradılmışdır. Əgər bu elektrik
stansiyaları tikilməsə idi, bu gün ölkəmizin təxminən 30 faizi
işıqsız qalardı və heç bir sənaye inkişafından söhbət gedə
bilməzdi. Çünki Azərbaycanda sənayenin inkişafı əlbəttə ki,
infrastruktur layihələri ilə təmin edilməlidir. Ona görə biz, ilk
növbədə, elektrik stansiyalarının yaradılması ilə məşğul olduq.
Deyə bilərəm ki, bu gün enerji təhlükəsizliyimizi artıqlaması ilə
tam təmin etmişik. Hazırda bizim təxminən 600-700 meqavat həcmində
ixrac potensialımız vardır".
Dövlət başçısı qeyd edib ki, ancaq Azərbaycan dinamik şəkildə
inkişaf edir. Əhali artır, iqtisadiyyat inkişaf edir. Bizim gələcək
sənaye inkişafımızla bağlı böyük planlarımız vardır. Azərbaycan
yüksək texnologiyaları ilə özünü göstərəcəkdir. Azərbaycan müasir
industrial ölkəyə çevriləcəkdir. Yüzlərlə, bəlkə də minlərlə yeni
müəssisə yaranacaqdır. Ona görə enerji potensialımız tələbatımızı
daim qabaqlamalıdır: "Ona görə gələcəkdə elektrik stansiyalarının
tikintisi nəzərdə tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji
növlərinə də əlbəttə ki, diqqət yetirəcəyik. Son illərdə bu
istiqamətdə də ciddi addımlar atılmışdır".
İlham Əliyev deyib ki, son on il ərzində qazlaşdırma ilə bağlı
böyük işlər görüldü. Bu, həm sosial, eyni zamanda, iqtisadi
məsələdir. Çünki qaz olmayan yerlərdə insanlar daha çox elektrik
enerjisindən istifadə edirlər. Bu, həm onlar üçün iqtisadi cəhətdən
çox səmərəsizdir, eyni zamanda, elektrik enerjisinə tələbat artır:
"Belə olan halda əlbəttə ki, qazlaşdırma layihələrinə üstünlük
verildi. Hazırda ölkəmizin bütün şəhərləri, kəndlərin əksəriyyəti
qazlaşdırılıb və ümumilikdə Azərbaycanda təqribən 90 faizə yaxın
qazlaşdırma təmin edilibdir. Ancaq əlbəttə, bəzi kəndlərə hələ ki,
qaz xətləri çəkilməyib. Bu, proqramda vardır. Növbəti beş il
ərzində qazlaşdırmanın səviyyəsi 95-96 faizə çatdırılmalıdır".
Prezident bildirib ki, ölkəmizin hərtərəfli inkişafı üçün yol
infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri
daim diqqət mərkəzində olmuşdur. İlk növbədə, magistral yollardan,
ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili
yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir
rayonda yol layihələri icra edilir: "Burada əyləşən bütün
rayonların icra başçıları bu işlərə fəal şəkildə cəlb edilmişlər.
Mən hər bir rayonda olarkən onlardan daha yeni təkliflər alıram.
Həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan kənd
yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Növbəti
beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı
yollar olmalıdır və olacaqdır".
Azərbaycan Prezidenti vurğulayıb ki, sosial infrastrukturun
yaradılması ilə bağlı son on il ərzində böyük işlər görülmüşdür:
"Su layihələri icra edilir. Mən su layihələrini sosial
infrastruktur layihələrinə aid edirəm. Çünki bu, ilk növbədə
sosialyönümlü tədbirlərdir. Bu gün ölkəmizin hər bir şəhərində
içməli su, kanalizasiya layihələri icra edilir. Bir neçə şəhərdə
artıq bu layihələr başa çatıb. Mən açılışlarda iştirak etmişəm.
Artıq insanlara 24 saat ərzində fasiləsiz olaraq Dünya Səhiyyə
Təşkilatının standartları səviyyəsində keyfiyyətli su verilir.
Növbəti beş il ərzində bütün şəhərlərdə və əksər kəndlərdə yeni su
xətləri çəkiləcək, kanalizasiya sistemi qurulacaqdır. Beləliklə,
bütün dövrlərdə Azərbaycan xalqına böyük əziyyət verən su qıtlığı
problemi aradan götürüləcəkdir.
Digər sosial infrastruktur layihələri icra edilmişdir, 2700 məktəb
tikilmişdir. 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir
edilmişdir. 41 Olimpiya İdman Kompleksi yaradılmışdır, 8-i hələ
tikilir və yenə də tikiləcəkdir. Bizim mədəniyyət ocaqları bərpa
edilib. Yəni, regional Dövlət proqramlarının əsas mahiyyəti ondan
ibarətdir ki, bütün sahələr orada əhatə edilir. 2009-cu ildə qəbul
olunmuş proqram mətbuatda da dərc edilib. Hər bir vətəndaş oxuya
bilər, onun rayonunda, kəndində hansı işlər görüləcəkdir. Bu iki
proqramın formalaşmasında Azərbaycan vətəndaşları fəal iştirak
etmişlər. Çünki bu proqramlar yerlərdən gələn təkliflər hesabına
yarandı. Yerlərdə yaşayan insanlar daha yaxşı bilirlər ki, orada
hansı işlər görülməlidir, ilk növbədə hansı problemlər öz həllini
tapmalıdır. Beləliklə, yerlərdən gələn təkliflər və arzular
ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil
edilib. Hər il dövlət büdcəsi qəbul edilərkən proqramın icrası,
investisiya qoyuluşu nəzərdə tutulur. Beləliklə, bu proqramlar
konkret xarakter daşıyır".
Dövlət başçısı qeyd edib ki, ümumiyyətlə, bizim bütün işlərimiz
konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir:
"Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik.
Ancaq nəyi deyiriksə ona da əməl edirik. İki proqramın icrası bunu
bir daha təsdiq edir. Bu illər ərzində Azərbaycan böyük uğurlara
imza atmışdır. Şəhərlərimiz abadlaşdı. Hər bir şəhərdə, hər bir
rayonda abadlıq işləri görülür, ictimai yerlər salınır, parklar,
xiyabanlar, mədəniyyət ocaqları, küçələr, binalar abadlaşır.
Əlbəttə ki, Bakı hər bir şəhər üçün nümunədir. Bakı bu gün artıq
dünya miqyasında ən gözəl şəhərlərdən biridir, dünyanın ən gözəl
şəhərlərindən biridir. Əlbəttə, təbiidir ki, digər şəhərlər də
Bakıya oxşamaq istəyir. Ancaq hər bir şəhərin öz xüsusiyyəti,
tarixi, özəlliyi vardır. Əsas odur ki, insanlar üçün hər bir yerdə,
hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət etmək
üçün normal, yaxşı şərait yaradılsın".
Prezident qeyd edib ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir,
Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır: "Biz bu
təhlükəsizliyi, ictimai asayişi, iqtisadi inkişafı təmin edirik.
Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Bizim
hər bir məsələ ilə bağlı öz fikirlərimiz, mövqeyimiz vardır.
Beynəlxalq müstəvidə müstəqil siyasət aparmaq üçün ilk növbədə,
daxildə bütün işlər lazımi səviyyədə təşkil edilməlidir. Əlbəttə
ki, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi
müstəqilliyimizi böyük dərəcədə gücləndirmişdir.
Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri həll edilir. Nəqliyyat
təhlükəsizliyi həll olunur. Bu gün biz dünya üçün, nəinki qitə
üçün, dünya üçün nəqliyyat mərkəzinə çevrilirik. Əlbəttə ki,
infrastruktur layihələri bizim coğrafi vəziyyətimizi daha da
yaxşılaşdırır. Çünki infrastruktur, logistika, nəqliyyat
infrastrukturu olmadan heç bir coğrafi vəziyyət heç bir məna
daşımır. Necə ki, təbii resurslar. Dənizin altında, dərinlikdə
yerləşən təbii resurslar çıxarılmasa, heç bir dəyəri yoxdur. Ancaq
o dəyər təbii resurslar çıxarılanda yaranır. Ona görə, enerji,
nəqliyyat, ərzaq təhlükəsizliyi bizim əsas diqqət yetirdiyimiz
sahələrdir və hər istiqamət üzrə gözəl nəticələr vardır".
İlham Əliyev bildirib ki, bu gün Azərbaycan enerji təhlükəsizliyi
baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilibdir. Keçən ilin
dekabr ayında XXI əsrin kontraktı imzalanmışdır. "Əsrin kontraktı",
yəni XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin kontraktı
imzalanmışdır: "Bu salonda böyük tədbir keçirilmişdir. Müxtəlif
ölkələrdən dövlət, hökumət başçılarının iştirakı ilə tədbir
keçirilmişdir. Azərbaycan əsas iqtisadi yükü və əsas məsuliyyəti öz
üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk
edirik və biz liderlik göstərərək bu layihələri, böyük layihələri
icra edə bilərik. Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng
enerji layihələri Avropanın ən böyük enerji və infrastruktur
layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir. Liderlik
yenə də Azərbaycanın əlindədir. Biz inamla irəliləyirik. Qarşıda
duran bütün vəzifələri icra edirik. Ölkəmizin hərtərəfli inkişafı
üçün çalışırıq. İki proqramın icrası nəticəsində bölgələrdə yaşanan
bu inkişaf və tərəqqi əlbəttə ki, bizi daha da gücləndirir.
Bu gün biz görülən işlərlə bağlı məruzələri dinləyəcəyik. Burada
daha da konkret fikirlər, faktlar səslənəcəkdir. Üçüncü Dövlət
Proqramının qəbul edilməsi ilə bağlı işlər artıq görülür. Artıq bir
neçə aydır ki, üçüncü Dövlət Proqramı hazırlanır və qəbul
ediləcəkdir. Beləliklə, növbəti beş il üçün bir fəaliyyət planı
tərtib ediləcəkdir".
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər