Dünyaya aşağıdan baxan insanın həyat hekayəti
Bizi izləyin

Qırmızı.az

Dünyaya aşağıdan baxan insanın həyat hekayəti

Biz pak və məsum doğuluruq, həyatın pislikləri, çirkabları yavaş-yavaş, zaman keçdikcə üzərimizə hopur. Sonradan bilirik ki, əslində hər gün qarşılaşdığımız insanlar öz sifətləriylə gəzmirlər, maska, hətta üst-üstə bir neçə maska taxırlar. Sonradan anlayırıq ki, həmin o maskalı insanlar məktəbdə, işdə, tədbirdə, qonaqlıqda, getdiyimiz bütün yerlərdə öz oyunlarını oynayırlar. Əslində, heç kim elə-belə, həyatı öz axarı ilə yaşamır. Hər gün çeşidli yalanlar, saxta təbəssümlər görürük. Bütün bunlara rəğmən, hər günümüzə şükür edirik. Bütün iyrənc və acı gerçəkliklərə baxmayaraq, həyat gözəldir və yaşamağa dəyər.

Əslində ilk baxışdan o qədər də maraqlı görünməyən bu insanı yaxından tanıyanda səhv etdiyimi anladım. Görünür, hələ də insanları tanımağı bacarmıram. Kifayət qədər sağlam və idmançı görkəmi olan bu şəxsi dinlədikcə onun arabada oturduğu da yadımdan çıxdı. Bəlkə də, insanın ən gözəl keyfiyyəti onun mənən güclü olmasıdır. Həyatın sənə vurduğu ardıcıl sillələrə yıxılmırsan, bir az da möhkəm olursan. Qəhrəmanımız Asif Qasımov kimi. 1979-cu ildə Gürcüstanda hamı kimi sağlam doğulan bu gənc dörd ildir ki, əlil arabası ilə yeriyir. Deyir elə əvvəlcədən həyatım keşməkeşli olub, 11 orta məktəb dəyişib və 4 dildə orta məktəb oxuyub. İki uşaq atası olan Asif 2011-ci ildə istehsalat travması alıb. Elə o zamandan da özünə qarşı yaxın bildiyi əksər insanların münasibətinin dəyişdiyini görüb. 2 il evdən bayıra çıxmayan, hətta pəncərədən bayıra belə baxmağa utanan bu şəxs əlillərin bərpa mərkəzinə gələndə də gözlərini əllərilə bağlayıb utana-utana gəlibmiş.

Əvvəl həyat başımı çox qatırdı...

Lakin bura gəldikdən sonra bütün həyatı dəyişir. Oradakı əlilləri gördükcə, həm də xarici ölkələrə gedə-gedə yavaş-yavaş alışır bu həyata. Hər şey ona adi, normal görünür artıq. Əvvəl yeriyirdisə, indi oturur, ondan başqa əslində heç nə dəyişməyib. Həm də o vaxt əl işlərim yox idi deyir, indi ağac üzərində oyma işləri var, rəsmlər çəkir. Yanvar ayından, yəni bura gəlməzdən əvvəl bunların heç biri yox idi. İndi həyata tamam başqa gözlə baxır. Adi insanlar üçün, bəlkə də, bunu anlamaq çətindir, amma Asif deyir ki, ayaq üstə olanda həyat başımızı çox qatırdı, indi isə vaxt getmir. Özünün yarızarafat-yarıciddi dediyi kimi, əvvəl həyata yuxarıdan aşağı baxırdısa, indi aşağıdan yuxarı baxır.

İki həyat yaşayan insan

Onun qismətinə iki həyat yaşamaq yazılıb. Həm sağlam, həm də əlil arabasında həyat. Əslində, bu həyat tamam başqa həyatdır. Amma hər anına görə Allahına min dəfə şükür edir. Bəlkə də, həyatın dəyərini, qiymətini əlil olandan sonra anlayıb. Deyir indiki qazandığım uğurlar ayaqda olandan qat-qat çoxdur.

Əlil arabasındasansa, deməli, dilənçisən...

Asifi ən çox narahat edən insanların münasibətidir. Bəzən insanlar küçədə onu görəndə qulaqlarını çəkirlər. Bəzən yaşlı qadın ona yaxınlaşıb “ay anan ölsün...” deyir. Axı niyə? Axı mənə nə olub ki? Bütün bu suallar onu az qala hər gün düşündürür və hər dəfə də anlayır ki, o, bu sualların cavabını bilmir... Bəzən maşın sürdüyünü görüb ona məəttəl-məəttəl baxırlar.

“Bəzən polis saxlayır və deyəndə ki I qrup əliləm, maşından düşə bilmirəm, reaksiya da qəribə olur “nə olsun, düş gəl”, “əlilsən, bəs maşını necə sürüsən?”- deyə cavab verirlər.

Doğrudur, vəsiqə alıb müəyyən imtiyazlardan istifadə edən fırıldaqçılar əlil insanları gözdən salırlar. İnsanlarda belə bir fikir yaranır ki, kimsə arabadadırsa, demək, ona pul vermək lazımdır. Bəzən çoxları heç fərqində olmadan əlilləri aşağılayırlar. Əslində, onları elə belə də qəbul etmək lazımdır, onlara yazıq kimi baxmaq olmaz. Axı onlar da adi insanlardır, nə olsun ki, arabada oturublar. Bəlkə də, iki sağlam adamın görə bilmədiyi işi bir əlil arabasında oturan şəxs görə bilər. Asif deyir ki, əlilləri bərpa mərkəzində olduğu 6 ay ərzində Olimpiya oyunlarına vəsiqə qazanıb, 14 ölkə arasında Azərbaycanı təmsil edib. Dünya və Avropa oyunlarında iştirak üçün vəsiqə qazanıb. İnanır ki, çempionatlarda Azərbaycanın bayrağını yüksəklərə qaldıracaq.

Üzük taxır, yaxşı geyinir ki, ona pul verməsinlər

Onun ürək ağrıdan hekayəsini dinlədikcə bir çox ayaq üzərində yeriyən insanlara görə utanırsan. Əslində, idmanla məşğul olan, çox da bəzənib-düzənməyə ehtiyac olmadan sadə geyimlə gəzməyə üstünlük verən Asif insanların onu aşağılamaması üçün yaxşı geyinməyə məcbur olur. Üzük taxır, hətta bəzən böyük ölçülü üzüklər də taxır ki, cəmiyyət içərisinə çıxanda onu dilənçi bilməsinlər. Gətirib pul verməsinlər. Asif insanların onun xəstəliyini üzünə vurmalarından şikayət edir. Belə hallarla dəfələrlə qarşılaşdığını deyən qəhrəmanımız bir dostunun qarşılaşdığı hadisəni də bizə danışdı. Əlil dostu şəhərdə söhbət edən qızla oğlana yaxınlaşıb aptekin yerini soruşmaq istəyib. Elə salam vermək istəyib ki, salam ağzında qalıb. Oğlan ona 1 manat uzadıb. Asif deyir ki, elə o vaxtdan həmin oğlan evdən çölə çıxmır.

Əsas insanın ruhən ayaqda olmasıdır

Evdən bayıra çıxmadıqca yaşadığı qəsəbədə yeganə əlilin özü olduğunu düşünürdü. Elə bilirdi ki, bayıra çıxsa, əlil arabasında olduğuna görə ona pis baxarlar. Amma indi tamam başqa bir həyat yaşayır. Xarici ölkələrdə olduqca, orada əlil arabasında olan çox vəzifəli insanları gördükcə tək olmadığını anlayır. Dərk edir ki, insan güclüdür və qarşısına qoyduğu məqsədə çata bilər. Asif hesab edir ki, insanı yaşadan məqsədidir. Əgər məqsəd yoxdursa, o zaman sən kiminsə məqsədinə işləməli olacaqsan. O deyir ki, getdiyi ölkələrdə arabada olan general, deputat, mer tanıyır. Görünür, tale belə imiş, əlil olmaq heç bir şeyi dəyişmir.

Heç vaxt heç bir həkimdən vəziyyətinin necə olacağını soruşmur. “Özümün özümdən anlayışım var” deyir. İki il əvvəl otura bilmirdisə, yıxılırdısa, bu gün oturur, artıq idmanda da müəyyən uğurlar qazanıb. Asif üçün əsas insanın ruhən ayaqda qalmasıdır. O hesab edir ki, insanda həm də inam olmalıdır. İnamın varsa, qarşındakı hər bir əngəli dəf edə biləcəksən. Elə o da bu inamla yaşayır.

Ən böyük arzusu qələbə qazanmaqdır

Onun ən böyük arzusu qələbə qazanmaqdır. Uşaqlıq arzularımı həyat keçirmək. O vaxtlar həyat bir az başqa cür idi. Evləndikdən sonra idmana yenidən qayıdıb. Qarşısına qoyduğu məqsəd yalnız qələbədir. Bayrağımızı yüksəklərə qaldıracağı günü həsrətlə gözləyir.

Ailələri incəsənətə meylli olsa da, uşaq vaxtından daha çox idmana maraq göstərib. Atası heykəltəraşdır. Bacısı, qardaşı, ailədə ondan başqa hər kəs rəsm çəkirdi. Lakin bu gün rəsm çəkməyə vaxt tapır. Əvvəllər rəsm çəkməyə vaxt tapmasa da, indi rəsm çəkməyə gen-bol vaxtı var.

Hətta atası ona zarafatla “səndə bu istedad gec oyandı, amma gəldin hamımızı keçdin” deyir. İndi həm rəsmlər çəkir, həm də ağac üzərində oyma ilə məşğul olur. 20-dən çox əsəri var.

Övladlarının sağlam və güclü olmasını çox istəyir və bu səbəbdən də oğlunu cüdoya, qızını isə yüngül atletikaya yazdırıb.

Bir dəfə həyətə çıxmaq kifayət edib ki, həyatı iki illik ev dustaqlığından xilas olsun...

Ona elə bircə gün həyətə çıxmağı kifayət edib ki, həyatını ikiillik ev dustaqlığından qurtara bilsin. Lakin dediyinə görə, çətinlikləri hələ də çoxdur. Asif 9-cu mərtəbədə yaşayır. Evə qalxması üçün ona qardaşı kömək edirdi. İndi qardaşı əməliyyat olduğundan Asif köməksiz qalıb. Deyir ki, bəzən həyat yoldaşı onu qucağında doqquzuncu mərtəbəyə qaldırır, ya da düşürür. İcra Hakimiyyətinə bununla bağlı məktub yazsa da, cavab verən olmayıb. Bütün çətinliklərə baxmayaraq, həyətə çıxması onun həyatını dəyişib. Bu vaxta kimi heç yerə getmədiyini deyən Asif artıq təzəlikcə toya da getməyə başlayıb. Yavaş-yavaş həyata baxışı dəyişib. Bəzən olur ki, sağlam adamların edə bilmədiyi işin öhdəsindən gəlir. “Oturum maşına heç kim deyə bilməz ki, əliləm. Sükan arxasında oturub 1500 kilometr məsafəyə maşın sürə bilirəm. Bəzən sağlam adamlar 200-300 km sürə bilmirlər. Bir gündə Gürcüstana, kəndimizə gedib-qayıdıram”.

Xəstəxanada qaldığı 6 ayda 12 illik dərs keçib

Donetskdə 6 ay üzü üstə qalıb, yeməyi də elə o vəziyyətdə yeyib. 6 ayda 5 dəfə əməliyyat olunan bu insana həmin 6 ay sanki 12 illik dərs keçib. Deyir ki, uşaqları, ailəsi, onlara olan məhəbbəti onu ayağa qalxmağa məcbur edib.

İlk vaxtlar hər şey çox çətin olsa da, hətta intihar etmək istəsə də, sonra ailəsinə olan sevgi, uşaqlarını düşünməsi onu depressiyadan çıxara bilib. Asif deyir ki, bəlkə də subay olsaydı, bu vəziyyəti ilə barışmaq ona çətin olardı, amma ailəsi məcbur etdi ki, möhkəm olsun. Bir vaxtlar həyat yoldaşının yanında getməyə utanan Asif indi ürəyi istəyəndə gəzməyə, restorana da gedir.

Bu gün əldə etdiklərinə görə Allahdan sonra ailəsinə minnətdardır. Ailəsi, övladları ona çox kömək olub. Hətta evdə yerimə kursu keçəndə yaş yarımlıq qızı əlindən tutaraq onun gəzməsinə yardımçı olub. Qızı ilk qədəmlərini atanda atasının ayaqlarını tapdalaya-tapdalaya onu gəzməyə məcbur edib.

İndi hər yerə, hətta xarici ölkələrə də tək gedir. Bütün dünyanı tək gəzən əlil üçün öz ölkəsində tək gəzmək mümkün deyil. Həmişə “məni təyyarəyə qədər müşayiət edin” deyir, qalanı asandır. Son vaxtlar hər yerə pantuslar qoyulsa da, mailliyin çox olması səbəbindən sərbəst yerimək mümkün deyil. Elə bu şəraitsizlik üzündən neçə ildir ki, heç bir qohum-əqrəbasının da qapısını açmır.

Asifdə olan həyat, yaşamaq eşqinə heyran oldum. Qarşısında bu qədər əngəllər, problemlər var ikən hər şeyin yaxşı olacağına ümid edir. Asif deyir ki, ümidsiz olmaq, özünə qapanmaq, evdən çölə çıxmamaq çıxış yolu deyil. Yetər ki, ümidini itirməyəsən. Ümidli olmaq üçün o qədər çox səbəb var ki...

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm