Tələsən insanların payızı
Bizi izləyin

Qırmızı.az

Tələsən insanların payızı

Bu yay gerçəkdən aşırı dərəcədə isti müşahidə olundu.

Əksərən yay ayları isti olanda deyirlər ki, qış sərt keçəcək. Keçən il payız özünü oktyabrda hiss etdirirdisə, bu il daha erkən özünü göstərdi. Psixoloqların dediyinə inansaq, depressiya, melanxoliya halları bu fəsildə qaçılmaz olur. Kimisinə görə isə, payız romantika, sevgi, yağış fəslidir...

Gürcüstandan ayrılana yaxın kənddə havalar dəyişməyə doğru gedirdi. Üfüqdə görünən qızarmış günəş elə bil müqavimətini itirirdi. Bu yay yağıntının miqdarı demək olar ki, qat-qat az oldu. Azərbaycandan da belə anormal istilər rayonlarda quraqlıq, əkinlərə ziyan vurdu. Bir sözlə, təsərrüfat işləri fırıq çıxdı. Bazarlardakı meyvə-tərəzlərin qiymətləri də od tutub yanırdı. İqlim insanları sınağa çəkirdi. Nə isə, sözüm iqtisadiyyatda və ya təsərrüfat işləri ilə bağlı deyil.

Qəfil pəncərəni açıram və payızın ilıq nəfəsi balaca otağımızı soyudur. Belə soyuğu, çoxdandır ki, gözləyirdim, amma uzun müddət istiyə alışdığımızdan soyuğu yadırğayırıq. Ümumiyyətlə, qış fəslini daha çox sevirəm. Sərt rüzgarları, buz kəsən dondurucu havası, çovğunu, qarı məni elə bil özümə gətirir. İçimdə yığılan stress, əsəb toplusu əriyərək içimi soyuqlaşdırır. Səbəbini desəz ki, başqa fəsillərə nə olub ki? Deyərdim ki, yayın cır-cıramasında insanların beyinləri qızır və belə olan hallarda cinayətlər, avtoşluqlar, qızlara satmaşma və s. halları baş verir. Bu siyahını uzatmaq olar, ancaq nəyə gərək. Qışda isə insanlar sanki yoxa çıxır, görüntüləri zəifləyir. Günəş doğan kimi, havalar isinişən kimi insanlar peyda olur və mövcudluqları ilə həyatın axarına qayıdırlar...

Payızla üzləşmək, görüşmək vaxtımız gəlib çatıb. Birdə görəcəksən ki, soyuq yağı düşmən kimi qapına dayanıb. Rəhmətlik İsa İsmayılzadənin həzin misraları yadıma düşür:

“Payızın fikrini bilmək istəsən, gərək ağac olasan, gərək budaq olasan...”

İndi payız fəsli Bakıdadır. Və yağan yağışlarıyla, sərt küləyilə özünü sübut etdirirb. Baxırsan ki, bu fəsildə insanlar qarışqa kimi harasa tələsirlər. Metroda, avtobusda, digər nəqliyyat vasitələrində tələsən insan mənzərəsi görürsən. Bütün günlər də elə eyni – monoton keçir. Səhər iş, günorta yemək, axşam basabas, ev, yemək, televizor və yuxu. Sabahlar da həmçinin belə. Bu insanlar elə tələsirlər ki, elə bil xoşbəxtliyin yolunu tapıblar. Qayıdanda isə yorğun, uduzmuş insan təəssürratı yaradırlar. Payız darıxdırıcı fəsil olsa da, sevgililərin günləri olur. Boş skamyalarda payızın və münasibətlərinin dadını çıxardırlar. Bəzən isə yağışın altında çətirsiz qaçışırlar. Payız möhtəşəm fəsil olmasına baxmayaraq, özü ilə bərabər xəstəliklər, virusları da gətirir. Bu dəyişkən günlərdə insanlar özlərini qorusalar, daha yaxşı olar!

Yağış yağanda ən çox küçə uşaqlarını, yoxsulları düşünürəm. Onların əzabları, həyat savaşları qarşısında baş əyirəm.

Sonda isə dəyərli sənətçimiz Flora Kərimovadan “Bir axşam taksidən...” mahnısına qulaq asmağınızı tövsiyyə edərdim. Unutmadan deyim ki, sözləri Vaqif Səmədoğlunundur.

Bir axşam taksidən düşüb payıza,

Bilmədik haraya hayana gedək...

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm