25 yaşlı “qocanın” gənclik arzuları – “Yeni Müsavat”da bir gün
Bizi izləyin

Qırmızı.az

25 yaşlı “qocanın” gənclik arzuları – “Yeni Müsavat”da bir gün

Azərbaycan mətbuatında özünəməxsus yeri olan “Yeni Müsavat” qəzeti bu günlərdə 25 yaşını qeyd edir. Ad günü təbrikləri, mesajları, sosial şəbəkədəki müzakirələr bir həftədir davam edir. Qəzet çap olunur, internet versiyası oxucularına ölkədə və dünyada baş verən hadisələri çatdırmaqda davam edir. Bəs görəsən, redaksiya ad günü ab-havasındadırmı?

İki il əvvəl “Yeni Müsavat”ın ad gününü təbrik etmək məqsədilə qəzetdə olmuşduq. Həmin gün ən çox yadımda qalan baş redaktor Rauf Arifoğlunun qəzetin ömrünü başa vurması ilə bağlı narahatlığı, redaksiyadakı hüzn, əməkdaşların bizimlə söhbətdən yayınması oldu. Bunun bəzi obyektiv və subyektiv səbəbləri var idi.

Amma o vaxtdan iki il keçib və bu körpünün altından çox sular axıb. Redaksiyalar və əməkdaşlar arasında yeni dostluq münasibətlərinin yarandığını deyə bilərik. Qəzet bağlanmayıb. Bu 2 il ərzində də “müsavat.com” fəaliyyətini genişləndirib, “musavat.ru”, “minval.az” kimi saytlar yaradıb.

“Ötən dəfəkindən daha yaxşı olcaq” ümidi ilə fotoqrafımız Elçinlə bir yerdə həmkarlarımızı təbrikə getdik.

Redaksiyaya günorta saatlarında getdiyimizdən, ofisə girəndə qulağımıza ilk olaraq çəngəl, bıçaq səsləri dəydi. Nahar vaxtı idi. Baş redaktor Rauf Arifoğlu məşğul olduğundan öncə “müsavat.com” saytının əməkdaşlarının yanına yollandıq.

Saytın redaktoru Xalid Kazımlı Məhəmməd Türkmənə bizə bələdçilik etməyi tapşırdı. Bələdçimiz də sağ olsun, bizə qəzetin qaradinməz, danışmağı sevməyən əməkdaşlarını danışdırmaqda xeyli kömək etdi.

Redaksiyanın yazmağı sevən jurnalistləri hələ ötən dəfəki görüşümüzdə danışmağa maraq göstərməsələr də, bu dəfə daha fəal idilər. Redaktorların niyə bizi görən kimi otaqdan çıxmasından, jurnalistlərin ən çox hansı yeməyi sevməsindən, ən tez acan müxbirdən, baş redaktorun maaş vədindən, mükafatlandırılacaq əməkdaşlar və ən sevilməyən jurnalist tipindən, bütün iclas mətnlərinin saxlanmasının səbəbindən, “ağ” və “qara” otaq əməkdaşları arasındakı davadan danışdılar...

Bələdçimizlə “ağ otağa” səyahət

Niyə “ağ otaq”? Bəzi əməkdaşlar bu otağın belə adlandırılmasının məhz işıqlı olması ilə əsaslandırmağa çalışsalar da, əsas səbəbin bu olmadığını güman edirik. Bir qədər də dərinə vardıqda, yanılmadığımızı anlayırıq. Sən demə, bu məsələ bir müddət əvvəl “ağ otaq”la “qara otaq” sakinləri arasında ciddi polemikaya da səbəb olub.

Redaksiya daxilindəki sirlərin açılmamasında qərarlı olduqlarını deyən Elşad Paşasoy digər əməkdaşların sözlərini ağzında qoyur. Baxmayaraq ki, Sevinc Telmanqızı sirri öyrənməyimiz üçün müəyyən jestlər etdi... Amma Elşad bəyi tora salmaq mümkün olmadı. O, “qara otaq”dakıları sakitləşdirmək üçün “qara” sözünün qədim türk dilindəki “böyük” mənası ilə əsaslandıraraq vəziyyətdən çıxmağa çalışdı.

Biz sona qədər mübarizə aparıb bu adın mənasını öyrənməyə cəhd edirik.

Bu adın 2009-cu ildə yeni ofisə köçərkən yaranmış bir ifadə olduğunu, səbəbi özlərinin də unutduqlarını deyərək vəziyyətdən çıxırlar. Biz də “otaqlar arasında münasibətləri” bir qədər də korlamaq istəmədiyimizə görə söhbəti bağlayırıq.

Bu məqamda Elşad bəy qəzetin problemlərindən danışaraq bizim də fikrimizi “böyük sirdən” yayındırmağa çalışır.

“Yazmağı” burada öyrənən Günel Manaflı hələlik ilk iş yeri olan “Yeni Müsavat”ı seçməkdən peşman olmadığını deyir. Qəzetçiliyin sirlərini öyrənmək baxımdan “Yeni Müsavat”ın ən doğru məkan olduğunu düşünən Günel xanım, mətbuat olaraq ilk və son iş yerinin bu qəzet olacağını da deyir. Amma eyni zamanda, televiziyada işləmək istəyini də dilə gətirir.

“Qara otaq”dan ismarıc

“Ağ otaq” əməkdaşları ilə söhbətimizi bitirib, “qara otağ”a keçirik. “Qara otaq” sakinləri onlara verilmiş bu adla çoxdan razılaşıblar.

“Böyük insanlar qara rəngi seçir, zəif xarakterli insanlar ağ rəngə üstünlük verir. Əlbəttə, məqsədim qonşu otaqdakılara söz atmaq deyil. Amma “ağ otaq” onların öz seçimləridir”. Etibar Seyidağanın bu fikirlərini az sonra “ağ otaq” əməkdaşlarına çatdırırıq.

“Əsas, adamların işıqlı olmasıdır” deməklə vəziyyətdən çıxmağa çalışan E.Seyidağanın bu sözü ilə razılaşıb məsələni çox da uzatmırıq. Düşünürük ki, yazını oxuyandan sonra otaqlar arasında yeni münaqişənin baiskarı ola bilərik. Biz isə həmkarlarımız arasında yeni “gərginliyin” yaranmasını, özü də bizim vasitəmizlə yaranmasını istəmirik.

E.Seyidağa otağın evlənmək arzusunda olanlar üçün düşərli olduğunu deyir. Son üç ayda üç xanım əməkdaşın ailə qurması faktı ilə iddiasını təsdiqləyir. Ailə qurmaq istəyən mətbuat işçilərini də “Yeni Müsavat”da işə və “qara otaq”da oturmağa dəvət edir.

Rahat iş saatı

4 aydır qəzetin sosial müxbiri kimi çalışan Nərgiz Liftiyeva qəzetlə yanaşı, “müsavat.com” saytı üçün də video materiallar hazırlayır. Qəzetdə özünü evdəki kimi hiss edən müsahibim həm kollektiv, həm də iş saatından razılıq edir: “Bütün kollektiv mehribandır. İş saatı da gərgin deyil. Saat 11:00-da başlayırıq, tapşırılan materialları verəndən sonra iş saatı bitir. Bu da “Yeni Müsavat”ın özəlliyidir. Çünki insan nə qədər rahat istirahət edə bilirsə, o qədər də məhsuldar işləyir”.

Qəzetdə işləməsinin bir ili tamam olmayan Cavanşir Abbaslı əsasən siyasi yazılar hazırlayır. Müsavat Partiyasının üzvü olduğunu deyən Cavanşir siyasətə marağının çox olduğunu deyir. Redaktorlardan xeyli razılıq edir, onlarla arasında fikir ayrılığı olmadığını bildirir.

Burada kiçik bir haşiyə çıxaraq qeyd edək ki, jurnalistlər ümumilikdə redaktorlar və rəhbərlikdən ağız dolusu razılıq edirlər. Düzdür, bunu onların gələcəyi düşünmələrindən, yoxsa başqa səbəbdən olduğunu sona qədər də bilmədik.

“Bizi təhqir edənlər çoxdur”

Müəyyən fasilələrlə 1995-ci ildən “Yeni Müsavat”da çalışan Xalid Kazımlı indi fəaliyyətini “müsavat.com”da davam etdirir. 19 ildir bu qəzetdə çalışan Xalid bəy işə müxbir kimi başlayıb, redaktor statusuna qədər yüksəlib. Dediyinə görə, qəzetdə müxbirin görə biləcəyi bütün işlərdə çalışıb: “1995-1996-ci illərdə korrektor, redaktorlar üçün əmək haqqı vermək imkanı olmadığına görə, onların işini də özümüz görürdük. Bir adam 5-ə yaxın əməkdaşın işini görürdü. Maliyyə imkanı az olduğundan maksimum az işçi ilə çalışırdıq. Qəzet populyarlaşandan sonra hər kəs öz işini görməyə başladı və indi şükür etmək olar. İndi öz işimizlə məşğuluq, maaşımızı, qonararımızı vaxtında alırıq. Çalışırıq ki, insanların bizdən gözlədiyi informasiya ehtiyacını ödəyək”.

Qəzeti və saytı sevməyənlərin də olduğunu deyən Xalid bəy təhqir dolu mesajlar da aldıqlarını deyir: “Bizi təqdir edən, qəbul etməyən, cümlə xəyanətlərə bais hesab edənlər də var. Bu illər ərzində bizdə böhtana, iftiralara, təhqirlərə dözüm əmələ gəlib. Hətta son vaxtlar sayta gələn şərhlərdə “qəzeti DTK yaradıb, xarici dövlətlərə işləyirsiniz” kimi çox ağır ifadələr yazılır. Amma biz bunu da olduğu kimi sayta veririk. Bizi təqdir edənlər çoxdur. İstəməyənlər arasında siyasi konyunkturadan çıxış edən, rəqabət baxımdan aşağılamağa çalışan, bizdən önə keçmək üçün ayağını bizim başımıza qoymaq istəyənlər də var. Biz bunu təbii qarşılayırıq. Artıq bir neçə ildir Müsavat Partiyasına yaxın mətbuat olmaqdan xeyli uzaqlaşmışıq. Çalışırıq ki, bu istiqamətdə daha inamlı addımlar ataq”.

“Musavat.com”la qəzet arasında rəqabətə toxunan X.Kazımlı qəzet oxucularını “oğurladıqlarını” da etiraf edir: “Qəzetin ən populyar vaxtında oxucuların sayı 30 minə çatırdısa, “müsavat.com”un oxucularının sayı 100 mini keçir. Bu o deməkdir ki, 70 min oxucu qazanmışıq, qəzet oxucuları arasında da saytı oxuyanlar var. Amma onların sayı çox deyil”.

Genişlənən yaradıcılıq imkanları

Jurnalistikaya “Yeni Müsavat”da başlayan Elçin Xalidbəyli fasilədən sonra yenidən qəzetə qayıdıb. Hazırda musavat. com saytında redaktor olan Elçin müəllim qayıdandan sonra da mənəvi-psixoloji baxımdan fərq görmədiyini, lakin peşəkarlıq baxımından irəliləyiş olduğunu deyir: “Bundan başqa, maddi-texniki imkanlar da genişlənib, yaradıcılıq üçün bütün imkanlar var. İşlədiyimizin qarşılığında əmək haqqını da normal şəkildə alırıq. İşini görə bilməyən insanın burada işləməsi mümkün deyil. 1-2 həftə işləyə bilərlər, lakin bacarmayanlar özləri ayrılıb gedirlər”.

Saytda operativ məlumatların verilməsində böyük əməyi olan Məhəmməd Türkmən ən qaynar nöqtələrdən xəbər lazım olanda ona üz tutuqlarını deyir. Saytın sosial yazarı qəzetdən bir yaş gəncdir və bu mənada özünü şanslı hesab edir. Bir otaqda oturduğu Elçin Xalidbəyli və Xalid Kazımlının ünvanına təriflər yağdıran müsahibim onlarla bir yerdə olmağı xoşbəxtlik hesab edir. Bu məqamda Xalid bəy Məhəmmədin təriflərinə eyham vuraraq onun “gələcəyinin olduğu” ilə bağlı zarafat edir. Onun bu sözləri Məhəmmədin “istəyinə” çatdığını göstərir.

“Evdən gələn zəngləri qəbul etmirəm”

Nəhayət, bayaqdan yemək fasiləsində olduqlarına görə söhbət edə bilmədiyimiz redaktorların otağındayıq. Lakin redaktorlar bizi gördüklərinə heç də sevinmir, əksinə, otaqdan çıxmaq üçün tələsirlər. Redaktorların nə üçün bizdən qaçdığını anlamasaq da, növbətçi redaktor Elşad Məmmədlinin qaçmaq şansı olmur. Söhbəti də onunla davam etdiririk.

“Yeni Müsavat”da müxbir işinin incəliklərini öyrəndiyini deyən müsahibim bu qəzetdə redaktor olmağın da böyük məsuliyyət tələb etdiyini bildirir. Məsuliyyəti dərk etdiyini, xüsusən növbətçi olduğu günlərdə evdən gələn zənglərə belə cavab vermədiyini deyir: “Çünki diqqətimiz bura yönəlməsə, sabah həmkarımız iclasda bizim əvəzimizdən danlanacaq. Bunu nəzərə alaraq diqqətimizi maksimum işimizə yönəldirik. Strateji əhəmiyyətli yanlışlığa yol verməmə çalışırıq. Şəkil yanlış gedə bilər, bəzən xəbər diqqətdən qaçır”.

Vaxtilə özü də müxbir işləyən Elşad Məmmədli müxbir işinin çətinliklərini başa düşdüyündən, bəzən düzəltdikləri səhvləri üzə vurmadıqlarını deyir.

Nə yeyirlər?

Redaktorların söhbətdən yayınması bizə hələ də qaranlıq qalır. Bəlkə, redaktorlar yaxşı yemədiklərindən belə əsəbidirlər? Ayaqüstü redaktorların otağı ilə üz-üzə olan mətbəxə baş çəkirik...

Mətbəxdə çalışan Mahnizər xanım redaksiya əməkdaşları üçün badımcan, ət, pomidor qızartdığını və hər kəsin də razı qaldığını deyir. Qəzetdə daha çox qızartma yeməklərə üstünlük verildiyini, nahara ən tez və ən gec yeməyə gələnlərdən danışır: “İki saat yemək saatı olur, amma redaktorlar bir az gec gəlir. Bu da yəqin işlərin çox olmasına görədir. Ən tez yeməyə gələnlər isə “minval.az”ın əməkdaşları olur. Yeməklərimdən narazı qalmırlar. Şənbə günləri bəzən xəngəl də bişirirəm”.

Bir an kimi keçən 25 il

Qəzetin bütün otaqlarını gəzdikdən sonra əvvəlcə bizi məşğul olması səbəbindən qəbul edə bilməyən baş redaktorun yanına yollanırıq. Rauf Arifoğlu bizi gülərüz qarşılayır.

Rauf Arifoğluya 25 il bir qəzetə rəhbərlik etməyin məsuliyyəti, çətinliyi və qürurundan danışmasına imkan yaradırıq. O, 25 ilin qəzet ömrü üçün ciddi bir rəqəm olduğunu deyir: “Qəzetin fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda 7 rəhbər dəyişib. Bu baxımdan media üçün 25 il kifayət qədər ciddi bir ömürdür. Bu həm də şükür oxunası bir ömürdür və buna görə Allaha şükür edirəm. İddiamız davam edir. Bu gün gənclərdən də çox işləyirəm. Qəzetçinin, yazarın təqaüd yaşı olmur, o yaş çatanda insan daha çox işləmək istəyir”.

Müsahibim yeni media üzərində daha çox çalışdığını deyir: “Əksər çap media işçiləri yeni medianı qəbul etmirlər. Mən də əvvəllər məcburiyyətdən qəbul etsəm də, sonradan sevdim. Artıq çap mediasını Azər Ayxan başda olmaqla redaktorlara həvalə etmişəm, əsas diqqətim saytlar üzərindədir. Əsas işim qəzetlə sayt arasında uzlaşmanı qurmaqdır. Bu baxımdan işim çətinləşib. Poçtumu və saytların adminlərini telefon vasitəsilə idarə edə bilirəm. Düzdür, bu real həyatda ünsiyyətdə olduğum insanlarla problem yaradır”.

Söhbətimizin bu məqamında mətbuat şurasının sədri Əflatun Amaşovun zəngi istiqamətimizi dəyişir və Rauf bəy ad günü ilə bağlı təbriklərdən danışır: “Sosial şəbəkələrdə elə fotolar paylaşırlar ki, onların bir çoxunu birinci dəfədir görürəm. Bu da fərqli hisslər yaşadır. 25 ili bir an kimi keçirmişik”.

Rauf bəy 25 ili elə-belə keçirməyib. Bütün iclasların mətnlərini əlyazma formasında saxlayır. Yəni, hətta 10 il əvvəl bu gün keçirilmiş iclasda hansı mövzuları verdiyini qısa müddətdə tapa bilər. Bu ənənənin səbəbini redaktor belə izah edir: “Azərbaycan kimi ölkədə “Yeni Müsavat” qəzetinin başında durmaq tarixi prosesdir. Bu baxımdan bu prosesə aid sənədləri saxlamağımız vacibdir. Planlaşdırma iclaslarının mətnlərini cildlənmiş formada saxlayırıq. Bu həm də bu vaxta qədər hansı işlər gördüyümüzü yada salmaq və gələcəkdə bu dövrün media tarixini araşdıracaq şəxslərə kömək olmaqdır”.

Uğurun sirri

Mətbuat orqanını 25 il ayaqda saxlamaq asan deyil. Xüsusən də çap media tarixinin sona çatması ilə bağlı fikirlərin dolaşdığı bir vaxtda qəzet çıxarmaq çətindir. Bu baxımdan R.Arifoğlunu yaxşı menecer hesab etmək olar. Bunun sirri nədir?

“Yaxşı hissəsini mən demirəm, mənə deyirlər. Amma buna necə nail olduğumu bilmirəm. Görürəm iş çoxdur, yuxusuz qalmaqdan və digər çətinliklərdən qorxmadan işə başlayıram. Bizim sahədə istedaddan daha çox, zəhmət çəkmək lazımdır. Səbəb, yəqin ki, budur”.

R.Arifoğlu Azərbaycan və dünya mediası arasındakı fərqə toxunur, yerli mediada strukturlaşmanın şəxslərə görə aparıldığını deyir: “Bizdə bir nəfərin gördüyü işi Amerika mətbuatında 5 nəfər görür. 6-7 il əvvəl “Waşinqton Post”da 960 redaktor olduğunu öyrəndim. Bu xəbər məni şaşırtmışdı. Bizdə isə mətbuatda böyük pullar olmadığına görə biz strukturlaşmanı insanlar vasitəsilə həyata keçiririk. Hər hansı işçi gedərsə, o parça qopmuş olur. Bu baxımdan əməkdaşlarımızın üstündə “əsirik”, onlar üçün elə maddi, mənəvi şərait yaratmağa çalışırıq ki, onlar getməyə yox, qalıb işləməkdə maraqlı olsunlar. Azərbaycan mətbuatında böyük pullar dövr etsə, vəziyyət dəyişəcək. Hesab edirəm ki, buna uzun zaman var. Bu səbəbdən işçilərim üzərində əsirəm. 15-20 ildir burada çalışanlar var. Qəzetdə görünməyən qəhrəmanlar var. Gecə növbəsində Roma adlı əməkdaşımız çalışır. Onu bir dəfə toyunda, növbəti dəfə uşaqları ali məktəbə hazırlaşanda gördüm. Görüşməməyimizin səbəbi gecələr saytı evdən idarə etməyimdir. Lakin illərdir bu qəzetə əmək sərf edən həmin şəxslər mükafatlandırılacaq”.

“Müxbirin yox, redaktorun savadlı olması önəmlidir”

Baş redaktor əsasən savadlı, bacarıqlı redaktorlara üstünlük verdiyini deyir. Bunun səbəbini izah etməyi xahiş edirik. Sözsüz ki, müxbirlərin qəlbinə dəymədən. Rauf Arifoğlu qeyd edir ki, hərfləri, Azərbaycan dilini bilən əməkdaşı yaxşı jurnalist edə bilirlər: “Düzdür, bu, bizdən zaman, enerji alır. Əlbəttə, qarşı tərəf də dözümlü olsa, yazıların geri qaytarılmasına, danlaqlara dözə bilsə, bir il ərzində parlaya bilər. Bunun üçün də redaktor kollektivi güclü olmalıdır. Bizdə də bu ənənə var”.

Müxbirin özünü qəhrəman hiss etməsi üçün bütün imkanları yaradan, ildə bir-iki dəfə əsəbiləşən Rauf bəyin bağışlamadığı məqamlar da var: “Yeganə bağışlamadığım məqam müxbirin başqasından, özündən oğurluq etməsidir. Bu hər bir jurnalist üçün də ən aşağı xüsusiyyətdir. Gələn jurnalistlərin əksəriyyəti buna meyillənir, lakin buna imkan vermirik”.

Televiziya planları

Baş redaktor vəziyyətin iki il əvvəldən daha yaxşı olduğunu deyir: “Bu günə baxsaq, ağlamalıyıq. Amma 25 ilə baxıb gülürük ki, bu qədər yaşamışıq. İki il əvvəl 23-cü ili düşünərək ağlamışdıq. İndi isə 1989-90-cı illərə baxanda vəziyyətimiz çox yaxşıdır. İki il ərzində tirajımız 2 dəfə azalıb. Saytlarımız olmasaydı və bütün tirajı bura daşımasaydıq, bəlkə də, ürəyimiz partlayardı”.

Rauf bəyə maddi imkanlarının aşağı olduğunu demələrinə baxmayaraq, yeni saytlar açdıqların və hər bir saytın əlavə xərc olduğunu xatırladırıq...

Baş redaktor buna aydınlıq gətirir: “Keçən il bu vaxt çox qorxurdum, çox bədbin idim. Qəzetin bağlanması təhlükəsi məni çox narahat edirdi. Anladım ki, davam etmək üçün saytlara marağı artırmalıyıq. Ona görə də yeni saytlar yaratdıq. Menecer kimi qəzet variantını bağlamalı idim, çünki zərərlə işləyirdi. Lakin elektron mediadakı banner, reklamlardan gələn vəsait hesabına qəzeti ayaqda saxlayırıq. Hazırkı durumda əsas arzumuz reklam irqçiliyinin aradan qaldırılması və öz haqqımızı almağımıza imkan yaradılmasıdır. Reklam bazarı dediyimiz standartda olsa, əməkdaşlara 5 min manat maaş verərəm. Heç kimdən yardım istəmirəm, sadəcə, bizə mane olmasınlar. İndi əsas planımız mövcud durumu saxlamaq və internet televiziya yaratmaqdır. Bu, ənənəvi internet televiziyalar kimi olmayacaq. Bizim öz planımız var. Bunun üçün də təxminən 30 min manata ehtiyac var. Layihənin yazılı hissəsi hazırdır”.

Sonda fotoqrafımız Elçin Rauf bəyi bütün əməkdaşlarla birlikdə şəkil çəkdirməyə dəvət edir. Təklifə müsbət reaksiya verən Rauf bəy, əməkdaşların hamısının bir yerdə şəklinin olmadığını deyir və bunu təşkil etdiyimizə görə bizə təşəkkür edir.

Biz gələndə səssiz olan redaksiyada foto çəkiləndən sonra xeyli canlanma yaranmışdı...

P.S. Publika.az adından həmkarlarımızı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.

Gülxar Şərif

Fotolar Elçin Muradındır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm