Kamal Abdulla: “Bu xəbərə çox sevindim“ - Açıqlama
Bizi izləyin

Qırmızı.az

Kamal Abdulla: “Bu xəbərə çox sevindim“ - Açıqlama

Azərbaycanın tanınmış yazıçısı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın "Nobel" mükafatına namizədliyi qeydə alınıb. Məlumata görə, bu il Azərbaycandan sözügedən nüfuzlu ödüllə bağlı 5 müxtəlif müraciət olub. İlk dəfə olaraq Nobel Komissiyası Azərbaycandan ünvanlanan müraciətə müsbət cavab verib. Belə ki, tanınmış yazıçı Kamal Abdullanın quruma təqdim edilən trilogiya tipli 3 - "Sehrbazlar dərəsi", "Yarımçıq əlyazma" və "Unutmağa kimsə yox" əsərləri yüksək qiymətləndirilərək mükafata namizəd kimi qeydə alınıb. Artıq Kamal Abdullanın namizədliyinin qeydə alınması ilə bağlı rəsmi məktub da martın 17-də yazıçıya göndərilib.


K.Abdulla Publika.Az-la öz təəssüratlarını bölüşüb: "Sözün açığı, mən bunu Azərbaycan ədəbiyyatına verilən qiymət hesab edirəm. 2008-ci ildə də Azərbaycandan Nobel Komissiyasına müraciət edilmişdi. Amma yaxşı nəticəsi olmamışdı. Odur ki, əsərlərimin belə bir ünlü ödülə namizəd kimi qeydə alınacağına bir qədər inanmırdım. Mənim ücün gözlənilməz oldu. Bu xəbərə çox sevindim".

K.Abdulla əsərlərinin “Nobel” mükafatına namizəd seçilməsi üçün Komissiyaya ayrı-ayrı ədəbiyyatçıların müraciət etdiyini bildirdi: “Müraciəti ayrı-ayrı ədəbiyyatçılar etdiyindən trilogiya tipli 3 - "Sehrbazlar dərəsi", "Yarımçıq əlyazma" və "Unutmağa kimsə yox" əsərlərinin mükafata namizəd kimi qeydə alındığı barədə xəbər də onların ünvanına gəlib. Elə xəbəri də mənə onlar verdi. Çox sevindim".

K.Abdulla müraciətin ötən ilin noyabr ayında edildiyini də söylədi. Biz də Publika.Az olaraq hörmətli yazarımızı bu uğuruna görə ürəkdən təbrik edirik.

Zülfiyyə Telmanqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm