Qırmızı.az
Biz Azərbaycanlıyıq!
Elçin Mirzəbəyli
...Qismətimə Lənkəranda doğulmaq düşüb. Şəkidə də doğula bilərdim,
Bakıda, Naxçıvanda, Təbrizdə, Ərdəbildə də... Şuşada, Ağdamda,
Kəlbəcərdə doğulub öz Vətənimdə köçkün həyatı yaşaya da bilərdim.
Amma seçim etmək imkanım olmayıb. Tanrının istəyi belə olub, alın
yazıma Lənkəranda doğulmaq yazılıb. Buna peşman da
deyiləm...
...Mən fərqli bir Lənkəranda doğulmuşdum. Sözün, sənətin, elmin
ən böyük dəyər sayıldığı kiçik, amma özünəməxsus və kaloritli bir
şəhərdə. Doğulduğum və böyüdüyüm şəhərdə kimin hansı paltarı
geyindiyi, hansı maşını sürdüyü, hansı evdə yaşadığı və nəhayət,
hansı vəzifədə çalışdığı deyil, hansı kitabları oxuduğu göstərici
sayılırdı. İndi Lənkəran da həmin Lənkəran deyil... Azərbaycanın
digər bölgələrində olduğu kimi burada da dəyərlər və göstəricilər
dəyişib. Sonuncu dəfə nə zaman getdiyimi də unutmuşam. Orada baş
verənləri də başqaları kimi mətbuatdan oxuyuram. Gəncə, Kürdəmir,
yaxud Yevlaxda baş verən hadisələrlə bağlı oxuduğum məlumatlar mənə
necə təsir göstərirsə, Lənkəranla bağlı oxuduqlarıma da eyni
reaksiyanı verirəm.
Amma "Xəzər-Lənkəran" futbol klubu ilə "Heftçi" arasında
keçirilən son oyundan sonra sonuncunun baş məşqçisi Böyükağa
Hacıyevin mətbuata verdiyi açıqlamaya eyni reaksiyanı verə
bilmədim. Böyükağa Hacıyevə görə, "lənkəranlılar"la "naxçıvanlılar"
arasında heç bir oxşarlıq yoxdur. Yəni, onlar ayrı-ayrı
mədəniyyətin, dünyagörüşünün daşıyıcılarıdır. Yəni, "naxçıvanlılar"
bu torpağa Aydan, "lənkəranlılar" isə Marsdan gəliblər...
"Naxçıvanlılar" və "lənkəranlılar" sözlərini bilərəkdən dırnaqda
yazdım. Çünki Azərbaycanı bütöv qəbul edən bir insan üçün
"lənkəranlı", "naxçıvanlı", yaxud "gəncəli" anlayışı yoxdur və
olmamalıdır da! Azərbaycanlı, Azərbaycan türkü, Azərbaycan
vətəndaşı anlayışı var və belə də olmalıdır!
Azərbaycan türkləri Azərbaycan dövlətçiliyinin qarantörləridir,
zəmanətçiləridir! Etnik mənsubiyyətindən asılı olmayaraq, bu
dövlətin bütün vətəndaşlarının təhlükəsizliyinin təminatçılarıdır!
Böyük olmaq daha böyük məsuliyyət və daha geniş ürəkli olmaq tələb
edir! Daha əvvəllər də yazdığım kimi, insanın milli kimliyi təkcə
onun soy-kökü ilə müəyyənləşmir! Milli kimlik həm də dil,
mədəniyyət, dünyagörüşüdür, gələnəkdir! Bu millətin dilini
bilməyən, mədəniyyətini, dünyagörüşünü özünə yad sayan, istənilən
şəxs hansı qanı, hansı genetik kodu daşımasından asılı olmayaraq bu
millətdən deyil!
...Tale elə gətirib ki, qısa bir zaman kəsiyində Naxçıvanda
yaşamışam. Həm də çox çətin bir dövrdə... Naxçıvan Dövlət Dram
Teatrında Nəriman Nərimanovun "Nadir şah" əsərinə quruluş vermişəm.
Həmin dövrdə Azərbaycanın qədim sənət ocaqlarından biri olan
Naxçıvan Dövlət Dram Teatrı da ölkənin digər teatrları kimi ən
böhranlı dövrünü yaşayırdı. Biz minimum imkanlarla və minimum
yaradıcı heyətlə "Nadir şah" kimi manumental bir əsəri tamaşaçı
qarşısına çıxara bildik. Muxtar Respublika rəhbərliyinin dəstəyi
ilə, Məmməd müəllim, Kamran, Rövşən, Rza, Əbülfəz və adlarını
sadalamadığım digər sənət dostlarımla birgə sonradan Bakı da daxil
olmaqla Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Türkiyə və
İranda nümayiş etdirilən, Dövlət Televiziyasının qızıl fonduna
düşən bir əsərə imza atmağı bacardıq.
...Teatrın yaxınlığında bir çayxana vardı o zamanlar. Adına
"Rəşidin çayxanası" deyirdilər. Çayxananın sahibi hər gün səhər iş
otağıma gəlir, məni səhər yeməyinə dəvət edirdi. Getməyəndə isə
səhər yeməyini özü gətirirdi otağıma... Etiraz-filan da
dinləmirdi.
Qarış-qarış gəzmişəm Naxçıvanı. Hər yerdə eyni münasibəti,
qonaqpərvərliyi, dostluğu, qardaşlığı görmüşəm. Lənkəranda,
Gəncədə, Xaçmazda, Ağcabədidə... olduğu kimi. Orada yaşadığım zaman
ərzində Culfada, Şərurda, yaxud Ordubadda doğulan bir azərbaycanlı
ilə Lənkəranda doğulan bir azərbaycanlı arasında heç bir fərq
görmədim. Böyükağa Hacıyev bu fərqi necə görüb, deyə bilmərəm. Amma
mənə görə, özünü bu ölkənin vətəndaşı, bu xalqın nümayəndəsi sayan
bir kimsə azərbaycanlılar arasında doğulduğu, yaxud yaşadığı yerə
görə fərq qoymamalıdır. Çünki belə bir fərq yoxdur!
P.S. Uşaqlıq illərimlə bağlı kiçik bir xatirəmi bölüşəcəyəm
sizinlə...
Lənkəranın ucqar dağ kəndlərinin birindən şəhərə işləməyə gəlmiş
yaşlı bir qadın az qala hər gün bizə baş çəkərdi. O zaman
Nərimanovun adını daşıyan küçəmizi süpürürdi... Azərbaycan dilində
çətinliklə danışırdı. Buna baxmayaraq, ilk dəfə dilimizin türk dili
olduğunu ondan öyrəndim. Azərbaycan türkü olduğumu da həmçinin...
Üzünə xoş baxdığımız, ona bir insan kimi dəyər verdiyimiz, onu
özümüzdən biri saydığımız üçün bizə necə minnətdarlıq edəcəyini
bilmirdi...
Ailə də belədir, cəmiyyət də, millət də, dövlət də! İnsanları
xoş münasibət, qarşılıqlı yardım, sevgi birləşdirir! Bir olaq, diri
olaq, iri olaq!
P.P.S. Mən "Qarabağ" futbol klubunun azerkeşiyəm. Nə qədər ki, Qarabağ azad olunmayıb Şuşada, Laçında, Kəlbəcərdə... doğulduğumu düşünəcəyəm. Bu Vətənin yaralı yerinin bir parçası olmaq üçün...
-
Ekologiya07:17
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Avto04:44
Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDI
-
Magazin103:43
Nanə Vyetnamda belə dincəlir - FOTO
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO
-
Region01:11
Bu mərkəzə Rəisinin adı verildi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: təlaşlarınızla bağlı suallara cavab tapa bilərsiniz
-
MDB25 May 23:48
Məşhur milyarderdə yenidən XƏRÇƏNG AŞKARLANDI - Altı ay ömrü qalıb - FOTO