TQDK sədri prinsipləri göstərdi: təhsil haqqı, diplomun dəyəri, səviyyə
Bizi izləyin

Qırmızı.az

TQDK sədri prinsipləri göstərdi: təhsil haqqı, diplomun dəyəri, səviyyə

Özəl ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə bu il 0,88% (55 yer) artaraq 6294 yer müəyyən edilib. Ayrılan plan yerlərinin 56,4%-i Azərbaycan, 3,73%-i rus, 39,86%-i hər iki bölmə abituriyentlərinin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Publika.az-ın məlumatına görə, bu sözləri TQDK sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, qruplar üzrə götürdükdə planın 16,27%-i I ixtisas qrupu, 51,80% II ixtisas qrupu, 27,88% III ixtisas qrupu, 4,05%-i IV ixtisas qrupuna aid olub.

“Ötən il olduğu kimi bu il də qəbul planının əsas hissəsini (79.68%) ikinci və üçüncü ixtisaslar üçün nəzərdə tutulub. Özəl ali təhsil müəssisələrinin I ixtisas qrupunda qəbul planı dövlət ali təhsil müəssisələrinin müvafiq qrup üzrə qəbul planının 9,34, IV qrup üzrə 6,13%-nə bərabər olduğu halda, II qrup üzrə 42,63, III qrup üzrə 20.18%-nə bərabər olub. Bütün qruplar üzrə ümumilikdə götürdükdə isə özəl ali təhsil müəssisələrinin qəbulu dövlət ali təhsil müəssisələrinin qəbul planının 20%-i qədər olub”, – deyə M.Abbaszadə bildirib.

TQDK sədri onu da vurğulayıb ki, qəbulun nəticələrinin təhlili göstərib ki, müsabiqədə iştirak edən abituriyentlərin 27.44%-i (9863 nəfər) öz ərizələrində özəl təhsil müəssisələrinin ixtisaslarını da qeyd edib. Onların 624 nəfəri ərizələrində yalnız özəl ali təhsil müəssisələrini qeyd edib: “Özəl ali təhsil müəssisələrindən fərqli olaraq dövlət ali təhsil müəssisələrində IV ixtisas qrupu istisna olmaqla bütün qruplarda müsabiqə şəraiti mövcud olub. Ən zəif müsabiqə I ixtisas qrupu (1.044), ən yüksək müsabiqə II ixtisas qrupunda (1.296) olub. Təhlillər göstərir ki, abituriyentlərin bir hissəsi özəl ali təhsil müəssisələri ilə müqayisədə dövlət ali təhsil müəssisələrini seçir. Abituriyentlərin belə gözlənilməz seçim etmələrinin səbəbləri arasında təhsil haqqını, diplomun əmək bazarındakı dəyərini və ali təhsil müəssisəsindəki təhsilin səviyyəsini misal göstərmək mümkündür. Buna görə də, dövlət ali təhsil müəssisələrinin plan yerlərinin dolma faizi IV qrup istisna olmaqla qalan qruplarda 88%-dən çox olub. Ən yüksək nəticə II ixtisas qrupunda olub və 97.71% təşkil edib”.

****

TQDK sədri Məleykə Abbaszadə bu il Azərbaycanda ali məktəblərdə qruplar üzrə qəbul sıralanmasından danışıb.

Publika.az xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib ki, 1992-2014-cü illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir. Onun sözlərinə görə, 1992-2014-cü illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2.23, abituriyent ərizələrinin sayı isə 2.41 dəfə artıb: “İllər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Təqdim olunası abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2014-cü ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, ixtisaslar üzrə keçid balları xeyli düşüb”.

TQDK sədri qeyd edib ki, ölkədə hər qrupun ən nüfuzlu ixtisası da müəyyənləşdirilib. Onun sözlərinə görə, bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda isə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisaslarına üstünlük veriblər. I ixtisas qrupundan başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına üstünlük veriblər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm