“Qaraçılar” məhəlləsi, fin evləri – köhnə, yeni, ucqar Ucardan REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Qaraçılar” məhəlləsi, fin evləri – köhnə, yeni, ucqar Ucardan REPORTAJ - FOTOLAR

Respublikamızın hər bir yaşayış məskəni, şəhər və rayonu yerləşdiyi coğrafi mövqedən, iqlim şəraitindən, bölgədən asılı olaraq bir sıra xüsusiyyətləri, yerli adətləri, ənənələri özündə birləşdirir. Mental dəyərlərimiz, yaşayış tərzimiz, ənənələrimiz ümumi olsa da, ayrı-ayrı rayonlarda fərqli cəhətlər də kifayət qədərdir. Bu mənada paytaxtdan 240 km qərbdə, Şirvan düzündə yerləşən Ucar rayonu da spesifik cəhətləri ilə fərqlənir. Ərazisində 30-dan artıq yaşayış məntəqəsinin yerləşdiyi rayonun mərkəzi hissəsində maraqlı küçə, məhəllə adları hələ də qalmaqdadır.

Sakinləri səs-küylü olan məhəllə

81 min nəfərdən artıq insanın məskunlaşdığı Ucar rayonunun mərkəzi hissələrindən birində yerli sakinlər arasında “Qaraçılar” məhəlləsi adlandırılan bir neçə evdən ibarət böyük küçə yerləşir. Əvvəllər bu ərazidə bazar, alış-veriş mərkəzi də fəaliyyət göstərib. Lakin sonradan həmin bazar buradan köçürülüb. Odur ki, sakinlər bu ərazini “Köhnə bazarın ətrafı” da adlandırır. Üz-üzə tikilmiş, kiçik həyətyanı evlərdən ibarət olan 250-300 metrlik böyük küçənin “Qaraçılar məhəlləsi” adlandırılması bir vaxtlar burada xeyli sayda qaraçı ailəsinin məskunlaşması ilə bağlıdır.

Ucar sakini Rasim Nağıyevin sözlərinə görə, onun uşaqlığı, yeniyetməliyi və gəncliyi bu məhəllədə keçib:

“Əvvəllər məhəllədə xeyli sayda qaraçı məskunlaşmışdı. Bir vaxtlar ərazidə bazar da fəaliyyət göstərirdi. Qaraçılar, xüsusən qaraçı qadınlar, qızlar və uşaqlar səhərdən günortaya qədər həmin bazarda gəzişir, sakinlərdən pul dilənirdilər. Onlardan bəziləri dilənmək üçün Bakıya, bir qismi isə Gəncəyə, məşhur İmamzadə məscidinə gedir, pul yığır, axşamlar geri qayıdırdı. O vaxtlar Bakı və Gəncə istiqamətində hərəkət edən “fəhlə qatarı” vardı. Gediş haqqı çox ucuz idi - indiki pulla cəmi 50 qəpik. Buna görə də qaraçılar əsasən həmin qatarlardan istifadə edirdilər. Təbii ki, günün sonlarında yenidən bura – öz məhəllələrinə qayıdırdılar”.

Rayon sakininin sözlərinə görə, burada məskunlaşmış qaraçılar sonralar müxtəlif səbəblər üzündən respublikamızın ayrı-ayrı şəhər və rayonlarına, o cümlədən Yevlaxa, Ağdaşa, Gəncəyə, Bakıya, habelə digər yerlərə köçüblər. Lakin onların bir qismi burada qalmağa üstünlük verib. Hətta qaraçılardan yerli sakinlərə qaynayıb-qarışan, onlarla evlənən, ailə quranlar da olub. Bəzi ailələrdə qaraçılardan olan gəlinlər elə indi də var. Odur ki, hal-hazırda həmin küçədə yaşayan sakinlərin hamısı heç də qaraçı deyil. Amma onların arasında bir vaxtlar qaraçılarla yaxın olmuş şəxslər, habelə köçərilərin qohumları da var. Bu küçənin bəzi sakinlərinin fərqli xüsusiyyətləri hal-hazırda özünü göstərməkdədir. Onlar arasında elələri var ki, uca tonla danışır, səs-küylü olmaları ilə seçilirlər. Bəzi yeniyetmə və gənclər isə dalaşqanlıqları ilə fərqlənirlər.

Taxtadan düzəldilmiş evlər, həyətsiz mənzillər

Ucara, heç olmasa, bircə dəfə qonaq gəlmiş, rayonun mərkəzində olmuş hər kəs bu yaşayış məskəninin taxtadan düzəldilmiş fin evlərinin yerləşdiyi ərazi barədə eşitməmiş olmaz. Rayon sakinləri bildirirlər ki, həmin evlər ötən əsrin 60-cı illərində tikilib. Fin evlərinin yerləşdiyi Şıxəli Qurbanov küçəsində yaşayan Taleh Əliyev deyir ki, hər şey rayonun mərkəzini sel suları basmasından sonra başlayıb:

“1963-cü ildə rayon ərazisini sel basdı. Xeyli ev su altında qaldı, bəziləri dağılıb sıradan çıxdı. Nəticədə, sakinlər evsiz-eşiksiz qaldı. Qərara aldılar ki, camaatı müvəqqəti olaraq vaqonlara, qatarlara yerləşdirsinlər. İnsanlar çöllərdə qalmasınlar. Evləri dağılmış, sel basmış sakinlər bir müddət vaqonlarda yaşamalı oldular. Onlardan bəziləri qonşu rayonlara köçürüldülər.

Sonradan Finlandiyadan dəmiryol vasitəsilə, qatarlarla Ucara xeyli sayda taxta-şalban gətiriblər. Həmin taxtaları dəmiryol vağzalından bura daşıyaraq, kiçik evlər tikdilər. Lakin fin evlərinin heç birinin həyəti, hasarı yox idi. Burada məskunlaşdırılan ailələr üçün həyətyanı torpaq sahəsi ayrılmamışdı”.

Taxta divarlar arasında ucuz intim xidmət…

Taleh Əliyevin sözlərinə görə, Ucarın yeni bazarının bu ərazidə yerləşməsi, alış-veriş mərkəzlərinin fəaliyyətə başlaması, kəndlərdən gələn avtobusların, şəxsi minik maşınlarının həmin məkanda dayanması fin evlərinə olan marağın artmasına səbəb olub:

“Evlər taxta konstruksiyalardan quruldu. Bəziləri iki, bəziləri isə üç otaqdan ibarət olan kiçik fin evlərinin hətta mətbəxi, ayaqyolusu da taxtadan hazırlandı. Qərara aldılar ki, evləri elə fin layihəsi üzrə tiksinlər. İç-içə, darısqal, kiçik pəncərəli otaqlar qışda isti, yayda isə sərin və rütubətli olması ilə seçilir. Rayon sakinləri taxta konstruksiyalı bu evləri əvvəlcə qamış çubuqları ilə hasara aldılar. Hər kəs evin ətrafındakı bir neçə kvadratmetrlik həyətyanı sahəni hasara alıb, özü üçün həyət düzəltdi”.

Bir neçə il sonra qarğı çubuqları çürüdüyündən həmin hasarlar dəmir “list”lərlə, sonra isə daşla əvəzləndi. Lakin bununla belə, yoxsul sakinlərin bəzilərinin hasarları hələ də dəmir parçalarından ibarətdir. Fin evlərinin dam örtüyü şiferlə əhatə olunub. Sonralar bəzi sakinlər yaşadıqları taxtadan düzəldilmiş evləri çox ucuz qiymətə sataraq rayonun mərkəzinə köçüblər. Baxımsız vəziyyətdə olan bu küçələrdə yağışlı günlərdə böyük gölməçələr yaranır. Sakinlər ərazidəki böyük kanaldan kanalizasiya xətti kimi istifadə edirlər.

Bu ərazidə yeni bazarın, orta məktəbin yerləşməsi fin evlərin sakinlərinin artmasına səbəb olub. Amma artan təkcə sakinlər olmayıb. Məsələ burasındadır ki, fahişəliklə məşğul olan bəzi qadınlar sonralar bura üz tutaraq, qiyməti ucuz olan evləri satın alıblar. Onlar burada fahişəliklə məşğul olmağa başlayıblar. Ərazinin kənar hissələrində bəzi gənclərə və yeniyetmələrə göstərilən intim xidmətlər fin evlərinin yerləşdiyi məkanın qonşu rayonlarda da “şan-şöhrət”inin artmasına səbəb olub. Üstəlik, burada göstərilən intim xidmətlər qiymət baxımından da ucuz imiş. Yalnız sakinlərin çoxsaylı şikayətlərindən və haqlı narazılıqlarından sonra fahişələr bir vaxtlar Ucar - Göyçay yolunda yerləşən kafelərə üz tutublar. Oralardan isə birdəfəlik yoxa çıxıblar.

Unudulmuş Qaçaq Mirələm, köhnə, yeni, təzadlı Ucar

Ucarla bağlı, xüsusən rayonun yaxın keçmişi ilə əlaqədar araşdırılmalı mövzular, məsələlər çoxdur. Məsələn, 30-cu illərdə rayonun Alpout kəndində sovet hakimiyyətinə, bolşeviklərin zorakı yollarla həyata keçirdikləri kollektivləşmə prosesinə qarşı silahlı mübarizə aparmış rayon sakini Qaçaq Mirələmin keçdiyi döyüş yolu indiyədək ətraflı araşdırılmayıb. Mirələmi həbs etmək Ucarın o zamankı hüquq mühafizə orqanlarına nəsib olmayıb. Rayon ağsaqqallarının sözlərinə görə, Bakıdan Gəncəyə gedən Azərbaycanın o zamankı baş katibi Mircəfər Bağırov yolüstü Ucara gələrək sakinlərlə görüşmüş, qaçaqçılığa, silahlı mübarizəyə son qoyacağı təqdirdə Mirələmin hökumət tərəfindən bağışlanacağını bildirmişdi. Lakin qaçaq vədlərə inanmayaraq, mübarizəni davam etdirmişdi. Bir dəfə həbs olunmaq təhlükəsi ilə üzləşmiş Mirələm sonralar İrana qaçaraq ölümdən yaxa qurtarmışdı. Təəssüf ki, indiyədək belə bir el qəhrəmanının həyatını əks etdirən araşdırma yoxdur, hər hansı kitab işıq üzü görməyib.

Ucar, Göyçay, Ağdaş, Kürdəmir, Ağsu və Hacıqabul rayonlarındakı toy məclislərində tamadaların şeirlərindən tez-tez sitat gətirdiyi şair var - Əli Səfəroğlu. İndiyədək həmin şairin də yaradıcılığı kifayət qədər işıqlandırılmayıb.

Son illər Ucarın mərkəzi yerlərində bir sıra abadlıq-quruculuq, yenidənqurma işləri görülüb. Rayonun küçələri abadlaşdırılıb, məktəblər, bir sıra dövlət qurumlarının inzibati binaları təmir edilib və ya yenidən qurulub. Bir sıra yerlərdə yeni avtobus dayanacaqları quraşdırılıb. Rayonun mərkəzi küçələrinə, prospektlərə asfalt vurulub, yaşıllıqlar salınıb. Yeni işıq və qaz xətti çəkilib. Amma təəssüf ki, bu sözləri ancaq Ucarın mərkəzi yerləri haqqında demək mümkündür. Diqqət mərkəzində olan ərazilərdə hər il həyata keçirilən kosmetik işlərdən fərqli olaraq, gözdən uzaq, könüldən iraq olan yerlərdə acınacaqlı durum hökm sürür. Rayonun başlıca problemlərindən biri də kanalizasiya xətti ilə bağlıdır. Belə ki, rayonun kanalizasiya xətləri açıq bərələrdən ibarətdir. Çirkab məişət suları rayonun bəzi mərkəzi yerlərində belə açıq xətlə axıdılır. Bu isə yayda antisanitar şəraitin yaranmasına səbəb olur.

Rayonun cəmi bir neçə mərkəzi küçəsi, prospekti 3-4 ildən bir asfaltlanır. Nisbətən kənar yerlərdə isə yollar, küçələr ötən əsrin əvvəllərindəki araba yollarını xatırladır. O ki qaldı kəndlərə aparan yollara, bu barədə danışmağa dəyməz.

Rayonun mərkəzi hissəsində qaz, işıq, su problemi kəskin şəkildə nəzərə çarpmasa da, bir qədər uzaq kəndlərdə istilik və elektrik enerjisi çatışmazlığı mövcuddur. Hələ onu demirik ki, kəndlərdən rayon mərkəzinə gedən köhnə avtobuslar SSRİ dövründən qalıb.

Bütün bunlar onu göstərir ki, Ucarda heç də bütün yerlərə və sahələrə lazımi diqqət ayrılmır. Bu yaşayış məskənində işsizlik də açıq-aydın nəzərə çarpır. Elə bu səbəbdəndir ki, sakinlərin bir qismi iş üçün Bakıya üz tutub. Kənd sakinlərinin dolanışığı həyətlərində əkib- becərdikləri meyvə-tərəvəzdən çıxır. Hər gün səhər rayonun mərkəzi bazarına üz tutan kənd sakinləri öz məhsullarını sataraq günorta yenidən geri qayıdırlar. Özü də köhnə, istismar müddətini çoxdan başa vurmuş avtobuslarla. Bir sözlə, Ucarın mərkəzindəki inkişaf, tərəqqi rayon mərkəzindən o tərəfə keçmir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm