Gəncədə AMEA-nın səyyar iclası keçirildi
Bizi izləyin

Qırmızı.az

Gəncədə AMEA-nın səyyar iclası keçirildi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Gəncədə Heydər Əliyev Mərkəzinin konfrans zalında səyyar iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Gəncədə Heydər Əliyev Mərkəzinin konfrans zalında səyyar iclası keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb, qonaqları salamlayıb. Sonra, AMEA-nın prezidenti, akademik Akif Əlizadə geniş nitqlə çıxış edərək Gəncə Bölməsinin yaradılmasının əhəmiyyətindən və qarşıda duran əsas vəzifələrdən danışıb. Vurğulayıb ki, 1980-ci illərdə ulu öndər Heydər Əliyevin quruculuq siyasətinin nəticəsi kimi ərsəyə gəlmiş Gəncə Regional Elmi Mərkəzi uzun illər AMEA-nın qərb bölgəsi üzrə əsas strukturu olaraq fəaliyyət göstərib, burada bir sıra mühüm elmi tədqiqat işləri həyata keçirilib. Akademik xatırladıb ki, son illər prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı və onun uğurlu nəticələri elmi mərkəzin bölməyə çevrilməsi zərurətini meydana çıxarıb. Bu zərurətin nəticəsi olaraq ölkə rəhbərinin sərəncamı ilə Gəncə Bölməsi və onun nəzdində Humanitar Tədqiqatlar, Aqrar Problemlər, Diyarşünaslıq, Bioresurslar, Ekologiya və Təbii Ehtiyatlar institutları, həmçinin Nizami Gəncəvi Mərkəzi və Nəbatat bağı təsis edilib.

A.Əlizadə AMEA-da böyük dinamika ilə həyata keçirilən gənclər siyasətini xatırladıb, Gəncə Bölməsində də yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyindən söz açıb.

Sonra, iclasın gündəliyindəki ilk məsələ ilə əlaqədar olaraq, Gəncə Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Fuad Əliyev çıxış edib, qurumun 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib. Bildirib ki, bölgə üçün vacib olan qeyri-neft sektorunun inkişafı, təbii resurslar və ekoloji problemlər araşdırılıb. Alternativ enerji mənbələri, bioloji müxtəliflik və genefondun qorunması, davamlı inkişafı istiqamətlərində tədqiqatlar aparılmışdır. Toxumçuluq, süni mayalanma, torpaq və su ehtiyatları, həmçinin digər mövzular üzrə də araşdırmalar davam etdirilib. F.Əliyev Gəncə Bölməsinin elmi müəssisələrində fəlsəfə doktorluğu üzrə doktoranturaya 6 gəncin qəbul olduğunu açıqlayıb.

Tədbirdə bölmənin ötənilki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Təşkilatın yeni əsasnaməsi, strukturu və ştat cədvəli təsdiq edilib. Burada yeni yaradılmış institutlar və texnopark üçün torpaq sahələrinin ayrılması, həmçinin binaların tikilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında vəsatət qaldırılması da qərara alınıb. Bunlardan əlavə, rəsmi qərarda elmi tədqiqatların genişləndirilməsi, inkişafı, kadr hazırlığı, o cümldən gənc alimlərin elmi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərində bölmə rəhbərinə bir sıra tapşırıqlar da öz əksini tapır. E.Vəliyev texnopark üçün 1000 hektarlıq sahə ayrıldığını bildirib.

AMEA-nın vitse-prezidentləri və akademik-katibləri bölmənin hesabatı ilə bağlı çıxışlar edib, rəy və təkliflərini irəli sürüb. AMEA-nın akademik-katibi və müxbir üzvü, professor Rasim Əliquliyev Azərbaycanda cənab Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində reallaşan informasiya cəmiyyətinin inkişafından danışmış, bu inkişafdan faydalanaraq Gəncə Bölməsinin geniş İKT imkanları ilə təmin olunduğunu bildirib. Qeyd edib ki, hazırda İnformasiya Texnologiyaları İnstitutunun alimləri Gəncə Bölməsindəki həmkarları ilə asan şəkildə videobağlantı qura, xarici elmi mənbələrə rahat çıxış əldə edə bilirlər. O, bu işlərin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirildiyini qeyd edib.

Sonda A.Əlizadə AMEA-nın Gəncə Bölməsi ilə Bakıdakı institutları arasında innovativ layihələr istiqamətində birgə tədqiqatları vacib hesab etmiş, texnoparkın təşkili və kadr hazırlğı istiqamətində tövsiyələrini verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm