Qırmızı.az
Prezident: "Azərbaycan təmas xəttində üstünlüyü təmin edib"
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında
iştirak edib.
Publika.az xəbər verir ki, dövlət qurumlarının fəaliyyətində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində
son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza
formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron
xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik
əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci
ilin iyul ayının 13-də bu sahədə daha mühüm islahata imza atıldı,
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi yaradıldı. 2012-ci il dekabrın 29-da isə pilot
layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə
başladı. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda da “ASAN
xidmət” sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses
regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil
olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və
dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat
fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan
xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət”
mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət
orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda,
mərkəzlərdə 32 növ funksional yardımçı xidmətlər təşkil edilib.
Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni
yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi
siyasətin mühüm tərkib hissəsidir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Belə ki, Avropa
Parlamentində “İnnovasiya və Mobil İmza-Avropa ilə yeni rəqəmsal
inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən konfransda “ASAN
xidmət”in fəaliyyəti ilə bağlı təqdimat olub. Bu faktın özü bir
daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada
böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin
rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə
yaxından tanış olurlar. Artıq Bərdə rayonunda da “ASAN xidmət”
mərkəzi fəaliyyətə başlayır.
Prezident İlham Əliyevə məlumat verildi ki, Bərdə regional “ASAN
xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin aprel ayında
başlanılıb və bu ilin mart ayında başa çatdırılıb. Dördmərtəbəli
binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib.
Mərkəz rayonun Heydər Əliyev prospektində şəhər infrastruktur
obyektlərinə yaxın ərazidə yerləşir. Həyətdə uşaq avtoşəhərciyi
yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını
öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var.
Bundan əlavə, böyüklərin istirahəti və əylənmələri üçün də tələblər
nəzərə alınıb.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi.
Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan
ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən
düyməni basdı.
Geniş beynəlxalq marağın nəticəsidir ki, bu il Bərdə “ASAN xidmət”
mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli
sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzinin
fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş
mühitinin yaradılmasıdır.
Hazırda ölkəmizdə 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.
Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla
Sumqayıt, Gəncə və Sabirabaddadır. Bərdə “ASAN xidmət” mərkəzi
sayca 8-ci mərkəzdir.
Prezident İlham Əliyev xidmətdə yaradılan şəraitlə tanış olarkən
bildirildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də
daxildə olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər
rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə
fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət”lərə 4 milyon
120 mindən çox müraciət daxil olub.
Dövlətimizin başçısına “ASAN məktəb” layihəsi barədə də məlumat
verildi. Bildirildi ki, layihə Təhsil Nazirliyi tərəfindən həyata
keçiriləcək. Layihə çərçivəsində ilkin mərhələdə məktəbə Bərdə
rayonunda qəbul aparılacaq. Xatırladaq ki, digər mərkəzlərdə olduğu
kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və
vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün
şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi
və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər
-bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya,
tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi
terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və
digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata
keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP
şəbəkə ilə təmin edilib.
Prezident İlham Əliyev İnnovasiyalar zalında yeni layihələrlə tanış
oldu.
Bildirildi ki, sorğu robotu - ASAN robot “ASAN xidmət”
mərkəzlərinə müraciət edən vətəndaşların istiqamətləndirilməsi və
məlumatlandırılmasına xidmət edir. Belə ki, robot “Çağrı”
mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq vətəndaşın
sorğu və müraciətinin qəbul olunmasını təmin edir.
“ASAN xidmət” mərkəzində “ASAN İnteraktiv Bələdçi” Azərbaycana
gələcək turistlərin ölkəmizə dair məlumatları heç bir fərdi
bələdçiyə ehtiyac duymadan, birbaşa öz smartfonları vasitəsilə əldə
etmələrinə imkan verən mobil yenilikdir. Proqramı öz telefonlarına
konfiqurasiya edən turistlər üzərində xüsusi Artex markeri olan
obyektlərə dair məlumatları interaktiv və əyləncəli formada öyrənə
biləcəklər. Proqram təminatının digər bir xüsusiyyəti də
turistlərin konkret və darıxdırıcı proqrama tabe olmağa məcbur
edilməməsidir. Bu da onların gəzinti vaxtı rahatlığına və
maraqlandıqları obyektlərlə yaxından tanış ola bilmələrinə imkan
verəcək. Proqramın təqdim olunan hissəsi üç bölmədən ibarətdir və
hər bir bölmə Artex markeri yerləşdirilmiş fərqli posterlər
üzərindən işləyir. Bölmələrdən biri iyun ayında “Bakı-2015” birinci
Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi
Olimpiya Stadionunun nümayişindən ibarətdir. Bu bölmədə Olimpiya
Stadionuna dair məlumatlar görüntülü formada yerləşdirilib.
Proqramın ikinci hissəsi Bərdə “ASAN xidmət”inin açılışına həsr
olunub. Üçüncü bölmə isə Bərdə şəhərində yeni inşa edilən və
Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Parkı haqqındadır.
Burada parka dair məlumatlandırıcı videoçarx yerləşdirilib.
Buradakı “ASAN kadr” karyera mərkəzi “ASAN Məktəb” könüllülük
proqramını bitirmiş gənclərə işə qəbul prosesində dəstək olmaq üçün
yaradılmış elektron portaldır. www.asankadr.az portalı vasitəsilə
işaxtaranlar və işəgötürənlər üçün məlumat bazası yaradılır. Belə
ki, həm könüllülük proqramını bitirmiş gənclər öz
tərcümeyi-hallarını portalda yerləşdirir, həm də işəgötürənlər
burada vakant yerlər barədə elanlar verə bilirlər. Portalın axtarış
sistemi hər iki tərəfin öz tələbatına uyğun iş yeri və ya kadrla
təmin olunmasına şərait yaradır.
Məlumat verildi ki, Elektron Lisenziya üzrə Mərkəzləşdirilmiş
İdarəetmə Sistemi lisenziyaların verilməsi prosesində sui-istifadə
hallarını aradan qaldıran və şəffaflığı təmin edən elektron
informasiya sistemidir. Sistem vasitəsilə 115 adda müxtəlif növ
lisenziyanın elektron qaydada təqdim edilməsi həyata keçiriləcək.
Sistemdən istifadə etməklə sahibkarlıq subyekti dövlət orqanlarına
getmədən lisenziya ala biləcək. Uyğun baza və sistemlərin
yaradılması və təkmilləşdirilməsi lisenziya alınması prosesinin
daha şəffaf təşkili və sadələşdirilməsinə, yekun sənədin elektron
şəkildə təqdim edilməsinə səbəb olacaq.
Sonra “ASAN həyat” və “ASAN xidmət” dünya mətbuatında videoçarxları
nümayiş olundu.
Bərdədəki “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 170
nəfərdir ki, onların da 60 nəfəri könüllüdür. Burada kitabxana,
kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də yaradılıb.
Dövlətimizin başçısı mərkəzdə Bərdə rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:
“Yenidən Bərdədə olmağımdan çox məmnunam, çox şadam. Mən Bərdədə
dəfələrlə olmuşam. Hər dəfə burada olanda gözəl obyektlərin
açılışını qeyd edirik. Bu gün Bərdədə “ASAN xidmət” fəaliyyətə
başlayıb. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik
edirəm.
Gözəl binadır. Şəhərə yaraşıq verir. Daxili dizayn da gözəldir.
Əsas məsələ ondan ibarətdir ki, burada yüksək xidmətlər
göstəriləcəkdir. Bu, sayca səkkizinci “ASAN xidmət”dir. Dördü
Bakıda fəaliyyət göstərir. Üçü bölgələrdə - Gəncə, Sumqayıt,
Sabirabad şəhərlərində. Dördüncüsü də bölgələrdə məhz Bərdə
şəhərində açılmışdır. Qəbələdə və Bakıda iki mərkəz tikilməkdədir.
Əminəm ki, yaxın zamanlarda Masallıda da tikiləcək. Beləliklə,
bütün ölkə üzrə “ASAN xidmət” fəaliyyət göstərəcək”.
Prezidentin sözlərinə görə, Bərdə şəhərində “ASAN xidmət”in
fəaliyyətə başlaması əlbəttə ki, xüsusi məna daşıyır: “Qarabağ
bölgəsində ilk dəfə olaraq bu gözəl xidmət artıq fəaliyyətə
başlayır. Bu gün rəsmi açılışını edirik. Novruz bayramından sonra
isə artıq vətəndaşları qəbul etməyə başlayacaq”.
Sakin: Sağ olun, cənab Prezident. Biz Sizə çox minnətdarıq.
Prezident İlham Əliyev: “Bu, gözəl hadisədir. “ASAN xidmət”
Azərbaycan məhsuludur. İki ildən bir qədər çox müddət ərzində
fəaliyyət göstərir. Bu gün buradakı lövhədə göstərilən bu dəyişən
rəqəmlər, - görürsünüz, 4 milyon 120 min müraciət olub, - getdikcə
artır. Bu müraciətlərin sayı bu lövhədə göstərilir - 4 milyon 120
min müraciət. Təxminən 4 milyon insan müraciət etmişdir və
bürokratiyatısız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl
xidmətlər almışdır. “ASAN xidmət” doğrudan da ictimai xidmətlər,
ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün
dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək
qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də
tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm
yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük
hadisədir”.
Prezident qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda gedən bütün işlər
müasir səviyyədə görülür: “Ölkəmiz müasirləşir, inkişaf edir. “ASAN
xidmət”in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz
istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik
olsunlar. Azərbaycan vətəndaşları bu xidmətdə fəaliyyət göstərir və
yüksək xidmət göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı
mübarizədə “ASAN xidmət” çox mühüm rol oynayır. Eyni zamanda, bu
mərkəzdə yeni texnologiyalar, innovasiyalar tətbiq olunur. Artıq
səkkizinci mərkəzdir ki, mən açılışında iştirak edirəm. Hər dəfə
mənə yeni bir xidmət təqdim olunur. Sonra isə bu, geniş şəkildə
tətbiq edilir. Yəni, innovasiya, yeni fikrin, yeni yanaşmanın
yaranması məni çox sevindirir. Çünki Azərbaycan belə inkişaf
etməlidir. Bizim gözəl, təbii imkanlarımız, təbii resurslarımız,
istedadlı insanlarımız var”.
İlham Əliyev vurğuladı ki, eyni zamanda, bu xidmətdə yüzlərlə
Azərbaycan gənci fəaliyyət göstərir: “Keçən dəfə Sabirabad
mərkəzinin açılışında, eyni zamanda, biz könüllülərin forumunu
keçirdik. Bu da yenilikdir. Azərbaycanda artıq könüllülər qrupu
yaranıbdır. Bu gənclər insanlara könüllü şəkildə kömək etmək
istəyirlər. Bu, ən gözəl niyyətdir. Bu, Azərbaycanda ictimai
əlaqələr sahəsində yenilikdir. Könüllülər, eyni zamanda, bizim kadr
ehtiyatımızdır.
Bu gün mənə göstərilən təqdimatda “ASAN kadr” sistemi də artıq
fəaliyyətə başlayıb. Bütün könüllülərin iş qabiliyyəti, onlarla
bağlı bütün məlumat artıq vahid sistemdə cəmləşir. İstər dövlət
qurumu olsun, özəl şirkət olsun, əgər hazırlıqlı kadr işə götürmək
istəyirsə artıq o sistemə müraciət edir. Mənə verilən məlumata
görə, artıq dörd yüzdən çox könüllü işlə təmin edilib. Bu, bizim
kadr ehtiyatımızdır, gənclərin tərbiyəsidir. Doğrudan da hansısa
bir işi könüllü surətdə görmək əzmində olan insan böyük hörmətə
malikdir”.
Prezident deyib ki, gənclər bu mərkəzdə uğurla fəaliyyət
göstərirlər: “Bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti
gənclərdir, Azərbaycan gəncləridir. Gələcəkdə ölkəmizin taleyi
onların əlində olacaq. Ona görə onlar gənc yaşlarından bilikli,
savadlı, Vətənə bağlı və insanlarla ünsiyyətdə olmalıdırlar. “ASAN
xidmət”in fəaliyyəti nəticəsində, gördüyünüz kimi, bir neçə məqsəd
artıq təmin edilir: innovasiya, insanlara xidmət, rüşvətxorluğa
qarşı mübarizə, yenilik, müasirlik, könüllülər qrupunun
yaradılması, bölgələrin inkişafı. Bu xidmətin fəaliyyəti indi özünü
başqa sahələrdə də göstərir. Yəni, bu xidmətin yaradılması doğrudan
da məni həddindən çox sevindirir. Çünki son illər ərzində
Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə bir çox işlər
görülmüşdür. Məsələn, bu gün biz Bərdədə məcburi köçkünlər üçün
yeni şəhərciyin açılışını qeyd etdik.
Ancaq bu sahə xüsusi əhəmiyyət daşıyır. Çünki adətən yeni
texnologiyalar, yeniliklər bizə xaricdən gəlir. Bu da təbiidir.
Yəni, inkişaf etmiş ölkələr intellektual məhsulun sahibləridir.
Onlar bu intellektual məhsulu yaradır, icad edirlər. Təbii ki, o
ölkələrdə ənənələr böyükdür, sənaye inkişaf edib və elmi fikir
kifayət qədər yüksək səviyyədədir. Ona görə adətən inkişaf etmiş
ölkələr intellektual məhsulu yaradır və ondan sonra onu başqa
ölkələrə satır. Bu intellektual məhsul isə Azərbaycanda yaradılıb.
Bu, xalqımızın intellektual səviyyəsini, Azərbaycanın inamla
inkişafını göstərir. Şadam ki, artıq Qarabağ torpağında “ASAN
xidmət” var və bu xidmət bütün ətraf rayonların sakinlərinə,
məcburi köçkünlərə xidmət göstərəcək. Əminəm ki, bərdəliləri də
sevindirəcək”.
Sakin: İnşallah, Sizin sayənizdə, Sizin rəhbərliyinizlə. Sizə
minnətdarıq, cənab Prezident. Sizinlə fəxr edirik. Çox sağ
olun.
Prezident İlham Əliyev: “Sağ olun. Mən də çox şadam ki, yenidən
Bərdədəyəm, doğma Qarabağ torpağındayam. Əminəm ki, Azərbaycanın
ərazi bütövlüyü də bərpa ediləcək. Biz buna nail olmaq üçün daha da
güclü olmalıyıq. Çünki bildiyiniz kimi, biz bu barədə dəfələrlə
fikir mübadiləsi aparmışıq. Bütün beynəlxalq hüquq normaları
Azərbaycanın mövqeyini dəstəkləyir. Tarixi ədalət də bizim
mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və
qətnamələr bizim mövqeyimizi dəstəkləyir. Dünən Pakistan Prezidenti
ilə strateji tərəfdaşlıq haqqında imzaladığımız Bəyannamədə
münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində
həll edilməsi öz əksini tapıb. Bu ayın əvvəlində Bolqarıstanda da
strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilmişdir. Orada da
eyni cümlələr əksini tapıb: Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü, sərhədlərin toxunulmazlığı.
Yəni, əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll edilsə
idi, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki,
Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir.
Belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik.
Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər
gün bizim qələbəmizi yaxınlaşdırır. Son aylar ərzində Azərbaycan
təmas xəttində üstünlüyü tam şəkildə təmin edibdir və bizim
ordumuz, orduda xidmət edən gənclərimiz Vətəni ləyaqətlə
qoruyurlar, düşmənə çox güclü zərbələr vururlar.
Belə də olmalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi
müşahidə olunan həmrəylik, səfərbərlik iqtisadi və hərbi gücümüz
bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi
bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və
biz “ASAN xidmət”i Şuşada da yaradacağıq”.
Sakinlər: İnşallah, Sizin rəhbərliyinizlə. Çox sağ olun.
Minnətdarıq.
Prezident İlham Əliyev: “Bir daha Sizi gözəl mərkəzin açılışı
münasibətilə ürəkdən təbrik edirəm. Bu gün burada digər tədbirlər
nəzərdə tutulur, Bərdədə yollar çəkilir, kənd yolları, ictimai,
sosial obyektlər, məktəblər tikilir, tarixi abidələr bərpa edilir.
Köçkünlər üçün gözəl evlər tikilir, mərkəzlər, Olimpiya Mərkəzi,
xəstəxanalar yaradılır”.
Sakin: “Bu, bizə bayramqabağı ən böyük hədiyyədir”.
Prezident İlham Əliyev: “Əlbəttə, biz nəzərə almışdıq ki, ilk
növbədə regional mərkəzlər yaradılsın. Təbii ki, bir neçə region
seçilibdir. Bakıdan sonra, ilk növbədə, Gəncə mərkəzi regionu əhatə
edir. Sumqayıt böyük şəhərdir. Sabirabad mərkəzi regionu əhatə edir
və ondan sonra Qarabağ bölgəsini biz mütləq nəzərə almalı idik. Bu
gün Qarabağda da “ASAN xidmət” var. Qeyd etdiyim kimi, növbəti
mərkəzlər Qəbələdə, Masallıda və yəqin ki, gələn il şimal zonasında
yaradılacaqdır. Bu, birinci mərhələdir. Eyni zamanda, səyyar xidmət
də göstərilir. Yəqin ki, əvvəlki dövrlərdə Bərdəyə də avtobuslar
gəlmişdir. Belə mərkəz olandan sonra indi avtobusa ehtiyac yoxdur.
Sizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm”.
Sakinlər: “Çox sağ olun, cənab Prezident, Sizin də bayramınızı
təbrik edirik”.
Sonda xatirə şəkli çəkdirildi
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO