Bir noutbukla başlayan təhsil – Elektron məktəbdən FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bir noutbukla başlayan təhsil – Elektron məktəbdən FOTOREPORTAJ

Hər şagirdin qarşısında bir planşet, hər otaqda bir proyektor, elektron lövhə. Dərs başlayır, şagirdlər dəftər, kitab əvəzinə planşeti, netbuku açır, “dəftərim evdə qalıb” bəhanəsini “planşetin zaryadkası yoxdur” əvəz edib. Amma bu bəhanə uzun müddət çəkmir, müəllim “zaryadka” aparatını işə salır, tapşırıq müəllimin kompüterinə göndərilir.

Məktəbi gəzərkən özümü “Sehrli xalat” filminin qəhrəmanı Rəşidin xalatını geyinmiş kimi hiss etdim. Orta məktəbdən ayrıldığım heç də uzaq keçmiş olmasa da, gördüklərim adət etmədiyim mənzərə idi.

Təxminən 1 saata yaxın 2 mindən çox şagirdi olan məktəbdə gəzib, mənə qəribə gələn bu mənzərənin hər bir detalını həm özümün, həm də fotoaparatımın yaddaşına köçürməyə çalışdım.

Publika.az 220 nömrəli məktəb-liseydə yaradılmış elektron siniflərdən reportajı təqdim edir.

Uşaqların qiymətləri valideynlərin telefonuna ötürülür

Məktəb-lisey 2009-cu ildən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elektron məktəb” layihəsi üzrə pilot məktəb seçilib.

Layihəyə uyğun olaraq tədris prosesinin bütün sahələrində İKT üzrə yeniliklərin tətbiqi liseyin əsas inkişaf strategiyasıdır. “Elektron məktəb” layihəsi illərdir müəllimləri kağız jurnallardan uzaqlaşdırıb. Şagirdlərin dərsdə iştirak etməsi, aldıqları qiymətlər birbaşa elektron məktəbin idarəetmə sistemində yerləşdirilir. Valideynlər asm.az saytına daxil olmaqla övladının gündəlik davamiyyətini və qiymətlərini izləmək imkanına malikdir. Bundan əlavə, valideyn istəsə, məlumatlar onun telefonuna göndərilir. Bununla da onlar övladlarının tədrisinə elektron formada nəzarət edə bilirlər.

1 noutbukla başladıq

Məktəbin tədris işləri üzrə direktor müavini Laləzar Məmmədova illər əvvəl məktəbin bu prosesə 1 noutbuk və 1 proyektorla başladığını deyir. İllər keçib, indi bütün siniflər noutbukla təmin edilib.

“Biz bu prosesə başlayanda məktəblərdə elektron sistemin qurulması çox da aktual deyildi. Müəllimlər öz üzərində işləyərək təqdimatlar hazırlayırdılar.

Daha sonra Təhsil Nazirliyi tərəfindən 2009-cu ildə 10 kompüter, 10 proyektor verildi. İndi məktəbin 2 korpusunda bütün siniflər noutbukla təmin edilib. Əvvəl “mimoi” lövhələr verilmişdi ki, onu adi ağ lövhənin üzərinə yapışdırıb istifadə etmək olurdu. Daha sonra “Promethean” lövhələr verildi, onların imkanları “mimoi”yə nisbətən daha genişdir. Bu gün ümumilikdə məktəbdə 212 netbuk, 31 planşet, 11 “promethean” lövhə, 4 “mimio” qurğu, 47 kompüter, 130 noutbuk var”.

L.Məmmədova deyir ki, müəllimlər yalnız onlara verilmiş imkanla kifayətlənmir, öz üzərlərində işləyir, şagirdlərin marağına səbəb olacaq materiallar əldə edirlər.

“Azərbaycan tarixi”ndə “Edu-media” şirkətinin disklərindən başqa heç bir material yoxdur. Buna görə də, bu fənni tədris edən müəllimlər özləri axtarış aparıb müxtəlif mənbələrdən məlumat əldə etməyə çalışırlar”.

Elektron sistemin şagirdlərin qavramasına müsbət təsirindən danışan direktor müavini bu cür öyrənilən məlumatların yaddaşda daha uzun müddətli qaldığını deyir.

Laləzar müəllimənin dediklərinin nə qədər həqiqətə yaxın olduğunu öyrənmək üçün onunla birlikdə sinif otaqlarını gəzirik.

İlk olaraq ibtidai siniflərdən başladıq. Qəribədir, sinif otaqlarından musiqi səsi gəlir. “Deyəsən, musiqi dərsidir”, deyə səsli düşünürdüm ki, Laləzar müəllimə gülümsəyərək “yox, ingilis dili dərsidir” deyir.

İngilis dili dərsində nə üçün musiqi dinləyirlər?

Sualıma məktəbin ingilis dili müəlliməsi Ofeliya Qafarova elə musiqi sədaları altında cavab verir.

Onun sözlərinə görə, dili hər kəs bir cür qavrayır. Dərs prosesinin elektronlaşması bu baxımdan öyrənmə prosesini asanlaşdırıb:

“Dərsin oyunlarla qurulması şagirdlərdə maraq yaradır və onlara stimul verir. Elektron lövhələr şagirdlərin sözləri daha yaxşı qavramasına xidmət edir. Onlar sözlərlə şəkilləri uyğunlaşdırır, bundan başqa, ingilis dilində musiqi dinləyərək sözləri, rəqəmləri daha yaxşı öyrənirlər. Bununla da hər bir şagird öz qavrama qabiliyyətinə uyğun öyrənir. Materialları həm internetdən əldə edir, həm də “British Council” tərəfindən hazırlanan pulsuz dərsliklərdən istifadə edirik”.

Yuxarı siniflərdə isə Avropa Şurasının “eTwinning” layihəsinin köməyi ilə xarici ölkələrdəki məktəblərlə “skype”la əlaqə saxlayırlar. Çəkdikləri şəkilləri Almaniyadakı, İspaniyadakı həmyaşıdlarına göndərirlər. Bununla həm də məktəblilər ölkələrini tanıdırlar.

Riyaziyyat dərsində mövzu kəsrlərin ümumi təkrarıdır. Mətanət Abdullayeva elektron lövhədə verdiyi tapşırığı şagirdin qarşısındakı netbuka göndərir. Şagird hesablamanı aparır. Bundan başqa ev tapşırıqlarını da dəftərdə yox, netbukda edə bilirlər. Bu zaman müəllim öz kompüterindən tapşırığı şagirdin netbukuna göndərir. Müəllim tapşırıqları dəftərdən deyil, kompüterdən yoxlayır.

Gələcəkdə bütün dərslərin elektron sistemlə idarə olunmasına gəlincə, M.Abdullayeva birmənalı fikir söyləmədi

“Bu gün şagirdlərin çantası həddən artıq ağırdır. Dərsliklərin hamısı elektronlaşsa, bu zaman şagird yalnız bir netbuk gətirəcək. Amma bir tərəfdən də kitabdan oxuyub qavramaq daha rahatdır, kompüterdən çox istifadə gözə zərərdir. Amma əyanilik baxımından elektron dərsliklərin yeri əvəzsizdir”.

Elektron sistem daha çox motivasiya, yeni dərsin izahı və yekun dərslərdə istifadə edilir.

Biz sinfə daxil olanda həyat bilgisi dərsində müəllimənin şagirdlərə göndərdiyi tədqiqat sualı ətrafında fikir mübadiləsi aparılırdı. Bu dəfə seçilmiş tapmacaya şagirdlərin hamısı düzgün cavab vermişdi. Dərsin sonrakı mərhələsində işə şagirdlər mövzu üzərində müzakirə aparırdılar. Bu dərs üçün şagirdlər Edu.gov.az, canbala.az kimi saytlardan, video materialların izlənməsi üçün “youtub”dan istifadə edirlər.

Müəllimlərin işi çoxalıb

Digər sinifdə isə Azərbaycan dili müəlliməsi Fidan Əliyeva “Pover Point”proqramı vasitəsilə əlamət bildirən əşyalar barədə şagirdləri məlumatlandırırdı. Müəllimə tapşırığın kollektiv şəkildə işlənməsinin şagirdlərin nitq və təfəkkür qabiliyyətinin inkişafına təsir etdiyini deyir.

“Bu, həm də vaxta qənaət etməyə imkan verir. Şagird tapşırığı daha tez qavrayır, daha həvəslə dərsə gəlir. Onlar tapşırığa həm qrammatik qaydalar, həm də öz düşüncələrinə əsasən cavab verirlər”.

Dərslərin elektron sistemlə tədrisi müəllimlərin işini daha da artırıb. Müəllimlər mövzuya uyğun hərəkətli materiallar, şəkillər əldə edib dərsi hazırlayır. Bu dərslərdə əsas məqsəd kimin düz və ya səhv cavab verməsi deyil, şagirdin nəticə çıxarmasıdır.

Bu günün uşaqlarını sözdənsə, görüntü daha çox maraqlandırır. Elektron dərslərdə şagirdə daha çox seçim verilir. Görüntü məntiqi təfəkkürün inkişafı və yaddaşın möhkəmlənməsinə xidmət edir.

Fərdiləşmiş sinifdə dərs keçən Firdanə Məmmədovanın bütün şagirdlərinin qarşısında planşet var. Bu planşetlərin hər biri bir şagirdin adına qeyd olunub və ona həvalə edilib. F.Məmmədovanın sözlərinə görə, şagirdlər planşetlə işləməkdə maraqlıdır, bəzən axtarışları və hazırladığı materiallarla onu təəccübləndirə bilirlər.

Elektron dərslərin müəllimlərin işini asanlaşdırdığını deyən biologiya müəlliməsi Nərgiz Quliyeva şagirdlərin dərsi daha yaxşı qavradığını vurğuladı və bunu əyani surətdə bizə nümayiş etdirdi.

“Ənənəvi dərslər zamanı şagirdə hər hansı heyvanın daxili quruluşunu izah etmək çətin olurdu. Amma texnikanın verdiyi imkanlar sayəsində hər bir mövzu barədə əvvəldən material hazırlayıram. Baxın, bu materialda heyvanın daxili quruluşunu şəkillər və video materiallarla göstərirəm. Bu cür izahat daha asan olur”.

Ayaz Abbasov fizika dərsində fotoeffekt hadisənin izah edirdi. Onun sözlərinə görə, əvvəl atomların hərəkətini şagirdlər xəyalında canlandırmalı olsa da, artıq bunu real olaraq gözləri ilə görür. Müəllimlərin müxtəlif mənbələrdən əldə etdiyi materiallar şagirdlərin anlayacağı formaya salınır.

Şagirdlər nə düşünür?

Şagirdlər də ən azı müəllimləri qədər elektron sistemin tətbiqindən razı görünürdülər. Əlbəttə, valideynlərin uzaq tutduqları kompüterlər hər an əllərinin altındaydı və bu da onların ürəyincə idi. Amma onlar bütün dərslərin elektron keçilməsindən birmənalı olaraq razı deyildilər. Bizə qəribə gələni bu tədris metodundan onların çox adi proses kimi danışmaları oldu.

Fərid Əliyev netbukdan daha çox “Həyat bilgisi”, “Azərbaycan dili” dərslərin hazırlanması üçün istifadə edir. Netbukda dərs hazırlamağın daha əyləncəli olduğunu desə də, bütün dərslərin elektron olmasını istəmədiyini deyir.

Elektron vasitələrlə çox marağı olmayan Mədinə Abdullayeva ancaq dərslərini hazırlamaq üçün noutbukdan istifadə etdiyini deyir.

Nihal Hüseynzadə isə “İngilis dili”ni komüterlə öyrənməkdə maraqlıdır.

“Evdə də kompüterim var, məktəbdə də dərsin musiqi ilə keçilməsi xoşuma gəlir”.

Azər Cəfərli netbukla əsasən şəkil çəkməyi , musiqi dinləməyi xoşlayır.

Leyla Şəfaqətova elektron dərslərin biliyin möhkəmlənməsində mühüm rol oynadığını deyir. Əsasən, “Biologiya” və “Coğrafiya” dərslərinin elektron lövhələrdə keçilməsinin üstünlüklərindən danışan müsahibim, bütün dərslərin müasir sistemlə qurulmasını istədiyini deyir.

Məktəbdə elektron tədris sistem qurulsa da, bəzən müəllimlər texnikanı idarə etməkdə çətinlik çəkirdilər. Lakin hər biri elektron dərsləri böyük həvəslə təqdim edirdi. Onlar dərslərinə davam edərkən biz “sehrli xalat”ımızla redaksiyaya geri döndük. Rəşiddən fərqli olaraq şəkillərimiz silinmədi.

Gülxar Şərif

FOTOLAR müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm