Qırmızı.az
Hamamın içində və çölündə - FOTOREPORTAJ
“– Yayın istisində harada sərinlənmək olar?
– Hamamda.
– Qışın soyuğunda harada qızınmaq olar?
– Hamamda”.
“O olmasın, bu olsun” filmini izləyən hər kəs bu dialoqun Üzeyir Hacıbəyovun dahi komediyasında yer aldığını çox yaxşı bilir.
Hamam mədəniyyəti məişətimizin ayrılmaz hissəsi, qədim adət-ənənələrimizdəndir. Bir neçə məşhur kinomuzda - “O olmasın bu olsun”, “Evlənmək istəyirəm”, “Bizim Cəbiş müəllim”də hamam səhnələrinə yer verilib.
Adət-ənənlərimizə əsasən, qədim dövrlərdə təzə bəy öz dostları, tanışları ilə birlikdə toy günündə hamama gedər, əylənib dincələrdilər. Hamam təkcə yuyunmaq, təmizlənmək məkanı deyil, həm də istirahət, müalicə yeri sayılırdı.
Maraqlıdır, illər əvvəl mövcud olmuş hamam ənənəsi indi necə qorunub saxlanılır? Qədimliklə müasirliyin vəhdəti olan Bakıda keçmiş adət-ənənələrə riayət olunurmu? Bütün bunları araşdırmaq üçün üz tutduq Bakının bir neçə məşhur hamamına. İlk öncə yolumuzu “Təzəbəy” hamamından saldıq.
Əsası 1886-cı ildə qoyulmuş hamam uzun illər fasiləsiz fəaliyyət göstərib. Sovet hakimiyyəti illərində bu tarixi-mədəni abidə 9 saylı hamam kimi fəaliyyət göstərib. Ötən əsrin 90-cı illərində SSRİ imperiyası süqut edəndə bu hamam da baxımsızlıq və yiyəsizlik səbəbindən acınacaqlı duruma düşüb. On doqquzuncu əsrin tarixi-mədəni abidəsi bir müddət çox pis vəziyyətdə qalıb. Lakin iş adamlarından biri 2003-cü ildə hamamı əsaslı təmir etdirərək yenidən sakinlərin istifadəsinə verib. Təmir hamamın yerləşdiyi binanın dizaynı və xarici görünüşü pozulmamaqla, yüksək səviyyədə həyata keçirilib. Hamamın giriş hissəsində beşguşəli ulduz, tarixi abidənin bildiriş lövhəsi vurulub. Bura çimməyə gələnləri giriş qapısında ilk öncə antik Misir, yunan, italyan, hind, habelə Azərbaycan abidələri (əlində təsbeh tutmuş köhnə bakılı) qarşılayır. Obyektin sahibi hamamın girişində ayrı-ayrı ölkələrin tarixini əks etdirən abidələrin, müxtəlif geyimli kiçik heykəllərin, büstlərin olmasını buranın dünyanın müxtəlif xalqlarının nümayəndələrinin üzünə açıq olması ilə əlaqələndirir:
“Bu o deməkdir ki, rus da, italyan da, ingilis də, yunan da, bir sözlə, ölkəmizə gələn hər bir qonaq “Təzəbəy hamamı”nda dincələ bilər. Qapımız milliyyətindən, dinindən asılı olmayaraq hər bir qonağın üzünə açıqdır”.
O qeyd etdi ki, son vaxtlar “Təzəbəy hamamı”na üz tutan əcnəbilərin, habelə paytaxt sakinlərinin sayı artıb. Bütün bunlar burada yaradılmış yüksək şəraitin və xidmətin nəticəsidir.
Müxtəlif ornamentli bəzək əşyaları hamamın həm xarici görünüşünə, həm də daxili hissəsinə xüsusi al-əlvanlıq bəxş edir. İçəri daxil olduqda burada ayrı-ayrı ölkələrin tarixini, mədəniyyətini əks etdirən abidələrlə yanaşı, müxtəlif heyvan rəsmləri, habelə oyuncaqlar, bəzək əşyaları diqqəti cəlb edir. Divarların müxtəlif əşyalarla, antikvarlarla, rəsmlərlə, portretlərlə, bəzək əşyaları ilə bəzədilməsi ənənəsi hamamın içində və istifadə edilən əşyalarda da qorunub saxlanılıb.
Lenin, Stalin, Hitler, Marks da burda “dincəlir”
“Təzəbəy hamamı”ının ayrı-ayrı yerlərində ötən əsrin bir sıra dövlət başçılarının, o cümlədən Lenin, Stalin, Hitlerin, kommunist ideyalarının müəlliflərindən olan Karl Marksın, habelə məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin portretlərinə, ayrı-ayrı rəssamların, heykəltəraşların əl işlərinə, kiçik büstlərə rast gəlmək mümkündür.
“Təzəbəy hamamı”nın inzibatçısı deyir ki, buranın müştəriləri arasında bir çox tanınmış insanlar, məşhur şəxslər olub və indi də var: “Əvvəlki illərlə müqayisədə indi müştərilər çoxalıb. O ki qaldı təzə bəylərə, sonuncu müştəri bazar günü olub. Adətən, təzə bəylər bura öz dostları, tanışları ilə gəlir deyə bunun üçün xüsusi banket sifariş edilir. Bura qadınlar da üz tutur. Düzdür, onların sayı azdır, amma hər halda qadın müştərilərimiz də var”.
“Xınayaxdı mərasimlərinin iştirakçıları da çimməyə gəlirlər”
İçəri şəhərdə fəaliyyət göstərən, XVIII əsr abidəsi, məşhur Ağa Mikayıl hamamı uzun illər Bakı sakinləri arasında “Məşədi İbad hamamı” adı ilə məşhur olub. Çünki 1956-cı ildə ekranlaşdırılmış “O olmasın, bu olsun” filmindəki hamam səhnəsinin bir neçə epizodu burada lentə alınıb.
Təxminən üç əsr bundan əvvələ aid olan bu tarixi abidə əvvəlki daxili və xarici görünüşünü saxlamaqla, təmizliyi, səliqə-sahmanı, antikvar əşyaları ilə seçilir. Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunan Ağa Mikayıl hamamı İçərişəhər Qoruq İdarəsi tərəfindən 2010-cu ilin may ayında təmirə bağlanıb. 2012-ci ilin dekabrındakı əsaslı təmirdən sonra yenidən müştərilərin istifadəsinə verilib. Köhnə hamam həm də bərpa olunub.
Hamamın nəzarətçisi Elxan Qasımov deyir ki, spesifik masaj, soyunub-geyinmə otaqları, dekorativ hovuz, müxtəlif cür mis qablar, retro və modern dizayn ilk öncə paytaxtın qədim yaşayış yeri olan İçərişəhərə üz tutan əcnəbilərin, xarici qonaqların və hətta ayrı-ayrı ölkələrin ictimai-siyasi xadimlərinin diqqətini cəlb edir. Bu səbəbdən də hamamın müştəriləri arasında bakılılarla yanaşı, əcnəbilər də var: “Abidə uzun illər Ağa Mikayıl hamamı kimi fəaliyyət göstərib. Lakin sovet hakimiyyəti illərində onun adını dəyişib 20 saylı hamam qoyublar. Hamam həftənin birinci və beşinci günləri xanım müştərilərə, digər günlərində isə kişilərə xidmət göstərir. Qadın müştərilərə güzəştli qiymətlərlə xidmət göstəririk. İndi yeni dəb yaranıb. Belə ki, toylardan əvvəl keçirilən xınayaxdı mərasimlərinin iştirakçıları da bura çimməyə gəlirlər.
İtalyan qızlar və avstriyalı Stefan hər həftə burada çimir
Onun sözlərinə görə, İçərişəhər sakinlərindən bəziləri toy günü bəyin hamama getməsi ənənəsini hələ də qoruyub saxlayır. Hamama hər gün orta hesabla 15-ə yaxın müştəri üz tutur: “Bu gün 9 nəfər gəlib. Bəzi günlər daha çox müştərimiz olur. Adətən, yay fəslində hamamlara gələn az olur. Qışda isə adamların sayı çoxalır. Müştərilərimizin hər üç nəfərindən biri əcnəbilərdir”.
Elxan Qasımov qeyd etdi ki, hamama üz tutanlar arasında məşhurlar da kifayət qədərdir: “Rusiyanın Dövlət Dumasının deputatı Gennadi Züqanov dəfələrlə burda çimib. O, sonuncu dəfə 2 ay əvvəl bu hamamda olub. Habelə Vladimir Jirinovski, fransız aktyoru Jerar Depardye dəfələrlə burda olub. Azərbaycanın məşhur bəstəkarı Xəyyam Mirzəzadə hər həftə burda çimir. AMEA-nın əməkdaşları bura tez-tez üz tuturlar. Əvvəllər müştərilərimiz arasında Milli Məclisin deputatları da vardı. Hətta paytaxt rayonlarının icra hakimiyyətlərinin işçiləri də bəzən xidmətlərimizdən yararlanırlar. Hamamda qonaqlara yalnız çay veririk. Bəzi hamamlarda müştərilərə müxtəlif cür yeməklər təqdim olunur. Halbuki belə olmamalıdır. Çünki qida insana həm ağırlıq gətirir, həm də hamamda yemək yemək günahdır”.
Ötən ildən etibarən “Məşədi İbad hamamı”na xarici və yerli müştəri marağı artıb. Bunu hamama üz tutanların sayının çoxalması da göstərir: “İçərişəhərdə çalışan, işləyən əcnəbilərin böyük əksəriyyəti mütəmadi olaraq bura üz tuturlar. Bəzən çimdikdən, masaj olunduqdan sonra hətta bizimlə oturub çay da içirlər. Hər gün 6-7 əcnəbi müştərimiz olur. İtaliyanın ölkəmizdəki səfirliyinin xanım əməkdaşı xidmətlərimizdən razı qaldığından öz rəfiqəsini də bura gətirdi”.
“Məşədi İbad hamamı”na ən çox almaniyalı, avstriyalı, rusiyalı turistlər, hətta ABŞ vətəndaşları da üz tuturlar: “Avstriyadan olan müştərimiz Stefan artıq yaxından tanıdığımız müştərimiz olmaqla yanaşı, həm də dostumuzdur. Bir ildir Bakıda yaşayan və işləyən Stefan həftə ərzində iki dəfə xidmətlərimizdən yararlanır. Elə çimir ki, kənardan baxanlar onun azərbaycanlı olduğunu zənn edirlər. Stefan hətta özünə daban daşı, kisə də alıb. Əvvəllər bunların nə olduğunu bilməyən müştərimiz bizim qaydalarımızı mənimsəyib və həmin qaydalardan istifadə edir. Kisədən ilk dəfə bizim hamamda istifadə edən əcnəbilər onların bədənlərindən kirin çıxdığını görəndə təəccüblənməyə başlayırlar. Ona görə də bəziləri hətta buradan gedəndə bizdən kisə istəyirlər”.
Anar Tağıyev
Fotolar Elçin Muradındır
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Əkrəm Hüseynzadə VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin18 Oktyabr 21:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə8 Oktyabr 20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR