Ərdoğanın qələbəsindən dərhal sonra Hersoq Bakıya gəlir - Regionun düzəni necə dəyişir?
Bizi izləyin

Region

Ərdoğanın qələbəsindən dərhal sonra Hersoq Bakıya gəlir - Regionun düzəni necə dəyişir?

İsrail prezidenti İshak Hersoq və xanımı Mixal Sislan çərşənbə axşamı, mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda səfərdə olacaq. İsrail mediası “İranla həmhüdud şiə müsəlman ölkəsi olan Azərbaycana iki günlük səfəri” vacib “tarixi səfər "adlandırır. Xəbər verilir ki, rəsmi qonaqlar üçün xüsusi mərasimlər təşkil ediləcək, qırmızı xalça üzərində qarşılanaraq “Zuğulba ” Prezident sarayında Fəxri qarovul dəstəsi qarşısında rəsmi qəbul keçirəcək, İsrailin dövlət himni –Ha Tikvah (Ümid) səsləndiriləcək .

Səfər zamanı iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsi müzakirə ediləcək, həmçinin İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbir də olacaq.

İ.Hersoqun gündəliyinə Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin məzarı önünə və müharibə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər xiyabanına əklillər qoyulması daxildir.

Hersoqu İsrailin səhiyyə naziri Moşe Arbel müşayiət edəcək və o, azərbaycanlı həmkarı Teymur Musayevlə görüşəcək. İki nazir ölkələr arasında səhiyyə sahəsində gələcək əməkdaşlığı, xüsusilə həkimlərin hazırlanması, fəlakətlərə hazırlıq və rəqəmsal səhiyyəni müzakirə edəcəklər.

Dövlət səfəri zamanı səhiyyə sahəsində əməkdaşlıq sazişinin imzalanması ilə bağlı rəsmi mərasim, həmçinin İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçiriləcək. Nəhayət, İsrail prezidenti yerli yəhudi icması ilə görüşəcək, Xabad məktəbindən 30-a yaxın uşaq onları İsrail və Azərbaycan bayraqları ilə qarşılayacaq.

Qeyd edək ki, bir ay əvvəl İsrailin xarici işlər naziri Eli Kohenin Bakıya səfəri də Tehranın təzyiqlərinə baxmayaraq, İsraildə səfirlik açan ilk şiə müsəlman ölkəsinə səfər kimi təqdim edilirdi. Səfər zamanı E.Kohen prezident İlham Əliyevlə görüşmüşdü. Hökumət iclasının sonunda su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, ətraf mühit və neftdən başlayaraq müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalanmışdı.

Koheni 100-dən çox Azərbaycan təşkilatı və şirkəti ilə görüşlərdə iştirak etmək üçün İsrailin daxili təhlükəsizlik, kibertəhlükəsizlik və su təhlükəsizliyi üzrə qurumlarının nümayəndələri də daxil olmaqla genişləndirilmiş iqtisadi nümayəndə heyəti müşayiət etmişdi. Kohen səfər zamanı gələcək iqtisadi əməkdaşlıqla yanaşı, İran, onun nüvə potensialı uğrunda yarışı və Səudiyyə Ərəbistanı ilə son yaxınlaşması kimi aktual məsələləri də müzakirə etmişdi. Azərbaycan və Ermənistan arasında gərginlik hələ də davam etdiyi üçün iki ölkə arasında hərbi əməkdaşlıq da müzakirə oluna biləcəyi ehtimalı da var idi.

Səfərdən sonra İsrail parlamentinin 32 üzvü hökumətə müraciət edərək İsrail Xarici İşlər Nazirliyinin İrandakı cənubi azərbaycanlı icmasının mübarizəsini dəstəkləməyi xahiş etmişdi. Amma dəstək məktubunun dərcindən sonra İsrailin informasiya naziri Gila Qamliel öz “Twitter” səhifəsində yazmışdı ki, o, parlament üzvlərinin əksəriyyətini bu məktubdan geri çəkilməyə inandırıb və artıq 25 nəfər məktubdan imzalarını geri götürüb.

O zaman "Farsnews" İranın səfərə baxışını belə ifadə etmişdi: İsraildə iğtişaşları, İranla regionun ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpasını nəzərə alaraq, biz Əliyevin daha müdrik davranacağını gözləyirik. Yəni iranlı xarici siyasət həvəskarlarının ehtimalına əsasən, Səudiyyə Ərəbistanı ilə İran arasından yaxınlaşma olduğundan, üstəlik, İsraillə Səudiyyə arasında yaxınlaşmanı nəzərdə tutan "İbrahim anlaşmaları"nda fasilə verildiyindən Azərbaycan da İsraillə əlaqələrini “region ölkələrinin maraqlarını” nəzərə almaqla yenidən dəyərləndirməli idi. Xüsusən də ona görə ki, Türkiyədəki seçkilər səbəbindən AKP iqtidarı Bakını əvvəlki kimi dəstəkləyə bilməyəcəkdi və Bakı da Tehranın diktəsini nəzərə almağa məcbur olmalı idi. Amma Təl-Əviv və Ər-Riyad arasında danışıqlar yenidən bərpa olunub, Azərbaycan və Türkiyə dostluğununun da sınağı olan seçkidə AKP 17-ci qələbəsini qazanıb, İsrail prezidenti isə Bakıya rəsmi səfərə gəlir...

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm