Dövlət təltifləri ilə bağlı qayda təsdiq edildi
Bizi izləyin

Rəsmi xronika

Dövlət təltifləri ilə bağlı qayda təsdiq edildi

Prezident İlham Əliyev Dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Dövlət təltiflərinin hazırlanması xərclərinin (2017-ci ildə hazırlanmış və dəyəri ödənilməmiş dövlət təltifləri, habelə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq 2018-ci il ərzində sifariş ediləcək dövlət təltifləri də daxil olmaqla) dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

“Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 524; 2014, № 5, maddə 477; 2016, № 8 maddə 1384) və “Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanmasının təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2865 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 534; 2009, № 2 maddə 74; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) ləğv edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm