İlham Əliyev İmişliyə səfər etdi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev İmişliyə səfər etdi - FOTO - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 300-dən çox müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu gün “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var.

İmişli kompleksi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 14-cü mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb, inşaat işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks dördmərtəbəli inzibati binadan və “ASAN park” istirahət guşəsindən ibarətdir.

Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Bildirildi ki, bu mərkəz İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək. Qeyd edək ki, bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 25 milyona yaxındır.

Prezident İlham Əliyev mərkəzi işə saldı.

Dövlətimizin başçısı kompleksə daxil olan “ASAN Peşə” ilə tanış oldu.

Məlumat verildi ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu layihəsi ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” Mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.

İmişli “ASAN xidmət” Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 184, könüllülərin sayı isə 45 nəfərdir.

Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölməsi də yaradılıb. Bu bölmədə 3-12 yaşlı uşaqların psixoloji və sosial inkişafına dəstək məqsədilə müxtəlif xidmətlər göstərilir. Mərkəzin 4 saylı Bakı “ASAN xidmət” və Quba, Sabirabad, Masallı, Qəbələ, Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində də bölmələri fəaliyyət göstərir. Bir il ərzində bu bölmələrdə ümumilikdə 18 mindən çox uşağa və yeniyetməyə psixoloji xidmətlər göstərilib.

İmişli “ASAN xidmət” Mərkəzində ilk dəfə olaraq “ASAN Vəkil” bürosu yaradılıb. Belə ki, bu il oktyabrın 3-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında əldə olunan razılığa əsasən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutulmaqla göstəriləcək. Bundan başqa, Dövlət Agentliyinin əməkdaşları və “ASAN” könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” xidmətində bu günədək 800 min vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa, burada Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 9 xidmət göstəriləcək.

Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə tanış oldu. “Sofiya robotu” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya robotu” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

Prezident İlham Əliyev “Sofiya robotu” ilə söhbət etdi.

Sənəd dövriyyəsi sistemi bütün dövlət orqanları arasında və daxili sənəd dövriyyəsinin mərkəzləşdirilmiş qaydada bulud texnologiya əsasında həyata keçirilməsinə imkan verir. Limitsiz yaddaş imkanı və bütün təşkilatların istifadə edə biləcəyi mərkəzləşdirilmiş sistem xərclərin qənaətinə və proseslərin sürətlənməsinə kömək edəcək.

Vətəndaş Məlumatlandırma Sisteminin təqdimatı zamanı bildirildi ki, bu, yeni mobil tətbiq və analitika sistemidir. Mobil sistemin tətbiqi vətəndaşların baş verən hadisələr - yanğın, təbii fəlakət və qəzalar, zəhərlənmə, su və havanın tərkibinin dəyişilməsi və digər hallarla əlaqədar məkana, vaxta və digər meyarlara görə məlumatlandırılmasını təmin edəcək. Ən əsası isə zərərin aradan qaldırılmasına dair qabaqlayıcı tədbirlər barədə istifadəçilər maarifləndiriləcək. Vətəndaş mənfi hallarla bağlı qarşılaşdığı məqamları sistemə ötürəcək və sistem bu məlumatları aidiyyəti dövlət qurumlarına yönləndirəcək.

Yeni layihələrdən biri də “ASAN Railway taksi” xidmətidir. Bu, əsasən turistlər üçün nəzərdə tutulmuş dəmir yolu reysləri üzərində innovativ taksi sistemidir.

Prezident İlham Əliyevə “Sağlamlığın ağıllı təhlili” layihəsi barədə də məlumat verildi. Bu avadanlıq və proqram təminatı vasitəsilə hər bir şəxs olduğu məkanda öz sağlamlıq vəziyyəti barədə göstəricilərlə tanış ola bilər, həkim məsləhətləri və sağlamlığa dair tövsiyələr ala bilər. Həmçinin uzaqdan diaqnozun qoyulması, tibbi məlumatların yaddaşda saxlanılması da göstərilən xidmətlər sırasındadır.

Dövlətimizin başçısı “ABAD” publik hüquqi şəxsin yeni saytı - www.abad.gov.az-ın fəaliyyəti ilə də tanış oldu. Saytda “Haqqımızda”, “Məhsullar”, “Xidmətlər”, “Xəbərlər” və “Əlaqə” funksional bölmələri yaradılıb. Bundan başqa, 108 (4) telefon nömrəsinə və “ABAD”ın sosial şəbəkələrdəki hesablarına keçid linkləri təmin edilib. Həmçinin keçid imkanlı “ABADçı ol” bölməsi yaradılıb. Bildirildi ki, “ABAD” publik hüquqi şəxs beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. “ABAD”ın rəsmi saytında Avropa İttifaqı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), TİKA və BMT-nin İnkişaf proqramları kimi birgə fəaliyyətlərə dair məlumatlar var. Bundan başqa, Mərakeş, İndoneziya, Əfqanıstan, Özbəkistan və digər ölkələr “ABAD” modelinin ixracında maraqlıdırlar.

Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan “ASAN xidmət” mərkəzlərinin layihələri də təqdim olundu.

Mərkəzdə “ABAD”ın sərgi salonu da fəaliyyət göstərəcək. Qeyd edək ki, əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən və Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində “ABAD”çı ailələrə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək göstərilib. Satışları təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakının müxtəlif yerlərində, həmçinin Şamaxı rayonunun Dəmirçi kəndində mərkəzlər açıb.

İmişli kompleksində Gənc İstedadlar Teatrı da fəaliyyət göstərəcək. Prezident İlham Əliyev burada “ASAN xidmət” könüllülərinin səhnələşdirdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Kölgə” tamaşasını izlədi. Qeyd edək ki, könüllülər “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 16 min könüllü gənc qoşulub. Hazırda 700-ə yaxın gənc “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərir. Bu günədək könüllülər tərəfindən 500 layihə həyata keçirilib və 1000-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. "ASAN Məktub” və “ASAN Kadr” layihələri qabaqcıl təcrübələr kimi BMT-nin "Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər" adlı portalına daxil edilib.

Prezident İlham Əliyev “ASAN Park”da yaradılan şəraitlə də tanış oldu. İmişli “ASAN Həyat” konsepsiyası İmişli “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konsepsiyanın istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. Belə ki, “ASAN Həyat” kompleksi üçün ayrılan 1,5 hektar ərazidə park, diskoteka, uşaq meydançası, fəvvarə və oturacaqlar, paintball sahəsi də yaradılıb.

Diqqətə çatdırıldı ki, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN Qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Qeyd edək ki, İmişli “ASAN Həyat” Kompleksinin yerləşdiyi ərazidə avtomobil və velosiped dayanacağı da yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə tanış olub.

İmişli Rayon Məhkəməsinin sədri Qurban Hacıyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirdi ki, ümumi sahəsi 2300 kvadratmetr olan bina ikimərtəbəlidir. Bu bina da digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünüb, habelə əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılıb. Binada dövlətimizin başçısının tapşırığına uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur qurulub, Dünya Bankı ilə Ədliyyə Nazirliyinin həyata keçirdiyi birgə layihə çərçivəsində bina müasir İKT ilə təchiz edilib, ən yüksək səviyyədə məhkəmə və konfrans zalları inşa olunub. Burada videokonfransların, elektron sənədlərin dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan avadanlıqlar quraşdırılıb. Məhkəmədə “elektron icra” sistemi tətbiq edilir və bu sistem vasitəsilə məhkəmə qərarlarının elektron qaydada icraya yönəldilməsi təmin olunur, məhkəmə ilə icra qurumu arasında sənədlərin kağızsız mübadiləsi həyata keçirilir. Dörd hakim, 30-dək məhkəmə və ədliyyə işçisinin fəaliyyəti üçün nəzərdə tutulan binada müxtəlif tədbirlər keçirməyə imkan verən konfrans zalı və təlim otağı, habelə kitabxana, arxiv, təqsirləndirilən şəxslərin saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur.

İmişli Rayon Məhkəməsində vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları quraşdırılıb. Bunlar vətəndaşlara məhkəmə prosesləri və onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır.

Onu da deyək ki, son illərdə dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə 14 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 7 məhkəmə üçün bina və komplekslərin inşası davam edir.

Qeyd edək ki, son illərdə ölkədə bütün sahələrə olduğu kimi, ədalət mühakiməsinin səmərəsinin artırılmasına xidmət edən genişmiqyaslı islahatlar aparılır, məhkəmə sistemi daha da müasirləşdirilir. İmişli Rayon Məhkəməsinin yeni binasının inşası da bu islahatların əyani təsdiqidir.

***

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin oktyabrında başlanılıb, bu ilin iyulunda isə tikinti işləri başa çatdırılıb. Müəssisənin ümumi ərazisi 2900, tikintialtı sahəsi isə 576 kvadratmetrdir. İkimərtəbəli binada yataq, geyim, məşğələ otaqları yaradılıb. Kompüter, musiqi və idman otaqları da balacaların ixtiyarına veriləcək. Binada bufet, mətbəx və digər inzibati otaqlar da var. Bina istilik sistemi ilə təchiz olunub, fasiləsiz su təminatı üçün ərazidə yerləşən artezian quyusundan su xətləri çəkilib, müşahidə kameraları quraşdırılıb. Bir sözlə, binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Burada yaradılan şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, ünsiyyətqurma bacarıqlarının inkişafında mühüm rol oynayacaq.

Körpələr evi-uşaq bağçasının həyətində də geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb. Burada balacaların vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif attraksionlar da quraşdırılıb.

Qeyd edək ki, hazırda İmişlidə 883 uşaq yerlik 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, İmişli Bayraq Kompleksinin ərazisində yerləşən muzey binasının inşasına ötən il başlanıb və tikinti işləri bu ilin sentyabr ayında başa çatdırılıb. Ümumi ərazisi 8000 kvadratmetr olan muzey binası sərgi zalından, elektron kitabxana, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında, ümumilikdə, 3 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Ümummilli Liderin andiçmə mərasiminə dair fotoşəkillər, onun dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə, Dövlət Bayrağı Meydanının açılışı mərasimlərinə dair fotoşəkilləri, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir.

Onu da deyək ki, İmişli Bayraq Muzeyinin yerləşdiyi meydanda dirəyinin hündürlüyü 100 metr olan dövlət bayrağı ucaldılıb. Bayraq dirəyinin postamentində Azərbaycan Respublikasının gerbi və ümummilli lider Heydər Əliyevin kəlamları əks olunub. İmişli Bayraq Kompleksi Prezident İlham Əliyevin 2012-ci il oktyabrın 28-də İmişli rayonuna səfəri zamanı istifadəyə verilib.

Qeyd edək ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqın və dövlətin maraqlarına uyğun müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan, beynəlxalq nüfuzu gündən-günə artan, dünya və region əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifi olan suveren ölkəmizin üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşının qəlbində qürur və fərəh hissi doğurur.

***

Oktyabrın 22-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki göstəriciləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir. Aparılan yenidənqurma tədbirləri elektrik enerjisinə durmadan artan tələbatın ödənilməsində də mühüm rol oynayır. Paylayıcı şəbəkələrin müasirləşdirilməsi gündən-günə sürətlənir və daha geniş ərazini əhatə edir. Ötən əsrin 60-cı illərindən istismarda olan və tamamilə yararsız vəziyyətə düşən elektrik təsərrüfatında hazırda, sözün həqiqi mənasında, inqilabi dəyişikliklər aparılır. Yeni qurğular təkcə rayon mərkəzləri və iri yaşayış məntəqələrinin deyil, eləcə də ətraf kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayır. Reallıq göstərir ki, kommunal xidmətlərin inkişafına dair bu quruma aid üç strateji hədəf, üç prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə işlər maksimum diqqətdə saxlanılır. Aparılan yenidənqurma tədbirləri qarşıdakı 10 il üçün müəyyənləşdirilən elektrik enerjisinə tələbatın proqnozuna və dinamikasına, yəni, “Azərişıq” ASC üzrə 2015-2025-ci illəri əhatə edən fəaliyyət planına uyğun həyata keçirilir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

“Azərişıq” ASC-nin sədr əvəzi Vüqar Əhmədov Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında mühüm rol oynayacaq. Mərkəzdə işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqla yanaşı, nəzarət-monitorinq, avtomatik idarəetmə, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.

Bildirildi ki,“Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi 6 rayon - Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, İmişli və Zərdab üzrə 137 min 190, o cümlədən 121 min 172 əhali və 16 min 18 qeyri-əhali abonentə və ümumilikdə, 753 min 200 nəfər əhaliyə xidmət göstərir. İmişli rayonu üzrə isə 33 min 321 abonent mövcuddur. Son illərdə Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə daxil olan 6 rayonda “Azərişıq” tərəfindən 110 və 35 kV-luq on yarımstansiya yenidən qurulub, 620 yeni KTM quraşdırılıb, 2200 kilometr müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilib və təmir edilib. Bundan başqa, regional baş idarənin yerləşdiyi İmişlidə 35 kV-luq “Məzrəli” və “Rəsullu” yarımstansiyaları tam yenidən qurulub, rayon mərkəzində Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi üçün inzibati bina inşa edilib.

Prezident İlham Əliyev İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə saldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib.

Publika.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, uzunluğu 23 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yol 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Əvvəllər çınqıl və torpaq örtüklü yolla vətəndaşların gediş-gəlişində müəyyən problemlər yaşanırdı. Yolun yenidən qurulması ilə bu problemlər köklü şəkildə həll olunub. Aparılan işlər zamanı zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Layihənin icrası çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Yolboyu zəruri yerlərdə 30 suötürücü boru da quraşdırılıb. İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun istifadəyə verilməsi nəticəsində əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla, yük və sərnişin daşınması da yaxşılaşacaq.

Dövlətimizin başçısına İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili yolu barədə də məlumat verildi. Uzunluğu 14 kilometr olan yolun yenidən qurulması ilə 7 yaşayış məntəqəsinin 26 mindən çox əhalisinin rahat və təhlükəsiz hərəkəti təmin edilib. Bu avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə əhalinin və nəqliyyatın hərəkətinə çətinliklər yaradırdı. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun bərpa edilib. Yolun eni 10 metrdir. Layihə çərçivəsində yeni dəmir-beton borular quraşdırılıb, körpü məhəccərləri yenilənib, avtobus dayanacaqları inşa edilib. Bununla da yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışı təmin edilib, yük və sərnişin daşınması asanlaşıb. Diqqətə çatdırıldı ki, bu gün İmişli rayonunda ümumi uzunluğu 213 kilometr olan avtomobil yolları istifadəyə verilib.

Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Publika.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. Son illərdə respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur. Yenidən qurulan yollardan biri də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsidir. Bu işlər sübut edir ki, yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işlərinin həcmi və coğrafiyası ildən-ilə artır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətimizin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Bu gün əminliklə söyləmək olar ki, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb. Bu cür layihələr həm də ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına da böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yolların müasirləşdirilməsi, həm də bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır.

Məlumat verildi ki, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində bölgələrdə mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin yenidən qurulması yekunlaşıb. Bundan əvvəl yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16,5 və 26 kilometrlik Aran-Qarağacı hissələri yüksək səviyyədə qurularaq Prezident İlham Əliyevin iştirakı ilə açılıb və vətəndaşların istifadəsinə verilib. Yolun 42,5-154,5 kilometrlik hissəsində isə işlər sürətlə davam etdirilərək yekunlaşdırılıb. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun inşa edilib. Yol yatağının eni 12 metr təşkil edir. Yolun Qarağacı-Bəhrəmtəpə hissəsində suların ötürülməsi üçün ümumi uzunluğu 5155 poqonmetr 224 dairəvi suötürücü borunun quraşdırılması və 27 yerdə 629 poqonmetr uzunluğunda düzbucaqlı su keçidinin inşası aparılıb. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədilə 17 alt keçid inşa olunub. Yolboyu Tərtərçay üzərində uzunluğu 100, Xaçın çayı üzərində uzunluğu 50, Qarqarçay üzərində isə uzunluğu 25 metr olan 3 yeni körpü də inşa edilib. Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Dövlətimizin başçısına Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 64 kilometrlik Bəhrəmtəpə-Horadiz hissəsində aparılan yenidənqurma işləri barədə də məlumat verildi. Ölkəmizin cənub-qərb magistral avtomobil yolunun tərkib hissəsinə aid olan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 64 kilometrlik hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti-quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. Üçüncü texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun eni 12 metrdir. Yol üzərindəki ikiaşırımlı doqquz körpü də əsaslı təmir olunub, onların hərəkət hissələrinin eni genişləndirilib. Layihəyə uyğun olaraq yolboyu 38 müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib, 30 avtobus dayanacağı quraşdırılıb, zəruri yerlərdə siqnal dirəkləri, yol nişanları və məlumatverici lövhələr qoyulub.

Qeyd edək ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 112 kilometrlik hissəsi 2015-ci ildə 2-ci texniki dərəcəyə uyğun yenidən qurulub. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz bu avtomobil yolunun təqribən 177-ci kilometrliyindən götürür. Magistral yolun 64 kilometrlik hissəsinin yenidən qurulması ilə artıq Bakıdan istər Beyləqan və Füzuli rayonlarının yolboyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Prezident İlham Əliyev Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə meliorasiya və irriqasiya sahəsində böyük uğurlar əldə olunub. Bu çərçivədə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri meliorasiya və irriqasiya sahəsinin müasir səviyyəyə çatmasına imkan yaradıb. Son illərdə həyata keçirilən mühüm layihələrdən biri də Araz çayının yeni qol-kanalının istifadəyə verilməsidir. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən növbəti uğurlu və tarixi layihədir.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışına həsr olunmuş mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Hörmətli mərasim iştirakçıları.

Bu gün biz İmişli rayonunda yeni önəmli infrastruktur layihəsinin istismara verilməsini qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu layihənin həyata keçirilməsi nəticəsində İmişli və qonşu rayonların iqtisadiyyatına yeni təkan veriləcək.

İmişli rayonunun inkişafı ilə bağlı bir çox tədbirlər görülmüşdür. Bu səfər mənim Prezident kimi İmişli rayonuna beşinci səfərimdir. Keçən dəfə İmişlidə olarkən biz içməli su layihəsinin açılışını qeyd etmişdik. Digər infrastruktur layihələrinin icrası İmişli rayonunun ümumi inkişafına müsbət təsir göstərmişdir. Kənd yollarının demək olar ki, 50 faizi əsaslı şəkildə təmir edilib, yenidən çəkilib. Biz bundan sonra da bu işlərlə məşğul olacağıq. Bakı-İmişli-Horadiz-Cocuq Mərcanlı istiqamətində yol ən yüksək standartlara cavab verir.

Qeyd etdiyim kimi, içməli su layihəsi istifadəyə verilmişdir və 40-dan çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Qazlaşdırma İmişli rayonunda 92 faizə çatıb. Bu, çox gözəl göstəricidir. Xüsusilə, əvvəlki dövrü nəzərə alsaq görərik ki, bu istiqamətdə böyük irəliləyiş var. Elektrik enerjisi ilə təchizat yaxşılaşır və demək olar ki, bu sahədə heç bir problem yoxdur. Bu gün biz “Azərışıq”ın yeni idarəetmə və nəzarət mərkəzinin açılışını edəcəyik. Sosial infrastrukturla bağlı bir çox önəmli obyektlər istifadəyə verilmişdir. Onların arasında Olimpiya Kompleksi, 130 çarpayılıq mərkəzi rayon xəstəxanası, Gənclər Mərkəzi, digər layihələr, 25 məktəb əsaslı şəkildə təmir edilib və yenidən tikilib.

Bu gün biz İmişlidə “ASAN Həyat” mərkəzinin açılışını qeyd edəcəyik. Bu, çox önəmli sosial layihədir. Bildiyiniz kimi, “ASAN” bizim intellektual məhsulumuzdur. Azərbaycan bu intellektual məhsulu artıq xarici ölkələrə də ixrac edir. “ASAN Həyat” mərkəzində yerli vətəndaşlar, xüsusilə gənclər üçün 180-dən çox iş yeri yaradılıb. Qırxdan çox könüllü “ASAN xidmət” mərkəzində işləyəcək. Bu mərkəzdə 300-dən çox müxtəlif xidmətlər göstəriləcək. Əminəm ki, İmişli rayonunda sosial, ictimai xidmət sahələrində böyük irəliləyiş olacaqdır.

Bu gün açılışına toplaşdığımız layihənin icrası təkcə İmişli rayonu üçün deyil, eyni zamanda, qonşu rayonlar üçün də böyük əhəmiyyət daşıyır. Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək.

Bu layihənin icrası, ilk növbədə, bizim güclü iqtisadi imkanlarımızı göstərir. Çünki bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür.

İnfrastruktur layihələrinə gəldikdə, ümumiyyətlə, deyə bilərəm ki, regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul olunandan sonra - son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır. Biz bu ilin sonuna qədər bu rəqəmə çatacağıq. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Biz təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik. Gələcəkdə bu, daha da artacaq. Çünki biz özümüzü tam təmin edirik və yaxın gələcəkdə istifadəyə veriləcək 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyası vasitəsilə ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min kilometr avtomobil yolu istifadəyə verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə də çatacağıq.

Meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib. Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur. Yeni kanalların, beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə onlardan biridir. Gələcək planlarımızda da meliorativ tədbirlərin görülməsi xüsusi yer tutur. Növbəti illərin Dövlət İnvestisiya proqramlarında da bu layihələr öz əksini tapacaq. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq.

Əvvəlki illərdə də bu sahəyə böyük diqqət göstərmişik və qeyd etdiyim layihələr bunun əyani sübutudur. Növbəti illərdə daha böyük diqqət göstəriləcək. Çünki bu, ilk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Digər tərəfdən, başqa infrastruktur layihələrinin icrası demək olar ki, başa çatır. Biz əlbəttə ki, növbəti illərdə də yolların çəkilişi, qazlaşdırma, içməli su layihələrinin icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi, hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır.

Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Keçən il biz 100 min hektar torpağa su gətirmişik. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilir. Bunun 53 min hektarı, bax, Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq.

Əlbəttə ki, bu, kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Hesab edirəm ki, builki göstəricilər də qənaətbəxşdir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək. Eyni zamanda, su olan yerdə məhsuldarlıq da artır. Biz bu artan məhsuldarlığı görürük. Xüsusilə, biz bunu iri fermer təsərrüfatlarının fəaliyyətində görürük. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq təqribən 50 sentnerə yaxındır, ya da ki, ondan çoxdur.

Ona görə, həm meliorativ tədbirlər, həm kənd təsərrüfatı sahəsində aparılan çox ciddi islahatlar, elmi yanaşma, torpaqlardan düzgün analizin aparılması və fermerlərə buna uyğun olaraq tövsiyələrin verilməsi, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının dövlət xətti ilə ölkəmizə gətirilməsi, - qeyd etməliyəm ki, bu il 5 mindən çox, keçən il 9 mindən artıq texnika aqrolizinq xətti ilə gətirilib fermerlərə verilmişdir, - gübrələrin, yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi, fermerlərin vergilərdən tamamilə azad olunması, - torpaq vergisi istisna olmaqla, - bütün bu tədbirlər və üstəgəl sahibkarlığın inkişafına təkan verən tədbirlər, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər nəticəsində biz kənd təsərrüfatının inkişafına nail oluruq.

Mən tam əminliklə deyə bilərəm ki, növbəti illərdə bu sahədə daha da böyük irəliləyiş, uğurlar olacaqdır. Çünki əvvəlki illərdə də bu sahə inkişaf edib, ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında, düzgün təhlil və infrastruktur layihələrinin icrası nəticəsində biz kənd təsərrüfatını inkişaf etdirəcəyik. Bu, bizim iqtisadi gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək, eyni zamanda, məşğulluğu da artıracaqdır. Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən çox artır, hər il 100 mindən çox uşaq doğulur. Bu da bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Ancaq bizim iqtisadi inkişafımız, xüsusilə iş yerlərinin yaradılması bu inkişafa uyğun şəkildə təmin edilməlidir. Ona görə, məşğulluğun artırılması daim gündəlikdə duran məsələdir.

Son illər ərzində kənd təsərrüfatı ilə bağlı görülən tədbirlər, bir çox məhsulların alış qiymətinin artımı nəticəsində kəndlilərdə kənd təsərrüfatına maraq böyük dərəcədə artıb. Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. Biz sadəcə olaraq yeni investisiyalarla, yeni layihələrlə fermerlər üçün, kəndlilər üçün bu imkanları genişləndirməliyik və genişləndirəcəyik. Böyük maliyyə vəsaiti tələb edən beton su kanalının çəkilişi 53 min hektara, - hansılar ki, ya tamamilə suvarılmayıb, ya da ki, qismən suvarılıb, - yeni həyat gətiririk, imkanlar yaradırıq ki, vətəndaşlar əksinlər, becərsinlər, pul qazansınlar, daha yaxşı yaşasınlar, evlər tiksinlər və xalqımızın rifahı yüksəlsin.

Budur bizim əsas məqsədimiz və bu məqsədə çatmaq üçün biz əlimizdən gələni edirik. Nəticələr də göz qabağındadır. Qeyd etdiyim kimi, məşğulluqla bağlı problemlər həll olunur, sahibkarlara bundan sonra da böyük diqqət göstəriləcək. İki milyard manatdan çox güzəştli kreditlərin verilməsi özlüyündə böyük nailiyyətdir, böyük nəticədir. Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar. Yəni, imkanlar var, həm kreditləşmə yolu ilə, həm sahibkarların öz vəsaiti hesabına münbit şərait yaradılıb, investisiya iqlimi çox müsbətdir və dövlət dəstəyi də göz qabağındadır. Onu da bildirməliyəm ki, 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə başlayacaq, bəziləri artıq işləyir, mən onların açılışlarında olmuşam və 45 aqroparkın istifadə etdiyi torpaq sahəsi təqribən 200 min hektara yaxındır. O torpaqlarda heç nə əkilmirdi və o torpaqlar elə boş torpaqlar kimi qalırdı. Biz o torpaqlara həyat qaytardıq.

Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq vergisindən başqa, o da çox cüzi bir rəqəmdir. Subsidiyalar verilir. Yanacaq, gübrə, kreditlər güzəştli şərtlərlə, elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir. Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və gözəl nəticələrə gətirib çıxarır.

Bu gün açılışına toplaşdığımız Araz çayının beton su kanalının çəkilişi çox önəmli, əlamətdar hadisədir. Bu layihənin icrası nəticəsində ölkəmiz daha da inkişaf edəcək, xalqımız daha da yaxşı yaşayacaqdır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ çıxış etdi.

-Möhtərəm cənab Prezident.

Hörmətli mərasim iştirakçıları.

Azərbaycan ta qədimdən suvarma əkinçiliyi tətbiq olunan ölkə olsa da, XX əsrin əvvəllərində ilk meliorasiya tədbirləri Azərbaycanda aparılsa da, amma meliorasiya, su təsərrüfatı sahəsində böyük və hərtərəfli inkişaf ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir.

Ulu Öndərimiz həmişə meliorasiya, su təsərrüfatı obyektlərinin açılışında iştirak edər və camaatı təbrik edərdi. Bu ənənəni davam etdirən cənab Prezidentimizə bu gün belə bir obyektin açılışına gəldiyinə görə, melioratorlar adından, su təsərrüfatı işçiləri adından öz dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, son 15 ildə Azərbaycanda çox böyük işlər görülüb. Siz ümumi şəkildə dediniz, həmin illərdə 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Təkcə üç su anbarının - yəni Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının hesabına 390 min hektar ərazinin su təchizatı, 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılıb, 150 min hektara yaxın su dəyməyən torpaqlara su verilib, yeni suvarma sahələri dövriyyəyə daxil olub.

İstifadəyə verilən gündən Taxtakörpüdə bugünkü günə 2 milyard kubmetr su olub, Şəmkirçay su anbarında 1 milyarda yaxın su yığılaraq respublika əhalisinin istifadəsinə verilib. Tovuzçay su anbarının həcmi çox böyük olmasa da, qısa müddətdə 100 milyona yaxın su yığılıb. Yığılan bu su xalq təsərrüfatına, bizim iqtisadiyyatımıza və əhalimizə sərf olunub. Qeyri-rəsmi dünya qiymətləri ilə götürsək, cənab Prezident, bu suyun dəyəri təxminən 3 milyarda yaxındır. Sizin gördüyünüz bu işlər sayəsində əhalimizə görün nə qədər xeyir dəyir.

On beş iI ərzində 2 min 234 subartezian quyusu qazılıb. Bu, 2 min 234 kəndin, yəni əhalinin, bölgənin sevincinə səbəb olan tədbirlərdir. Ötən il bizə göstəriş verdiniz ki, Azərbaycanda meliorasiya olunan, su təchizatı olan 100 min hektar torpağı istifadəyə vermək lazımdır. Bu, çox mürəkkəb bir iş idi, amma biz o tapşırığı icra etməkdə heç bir çətinlik çəkmədik. Çünki Siz hərtərəfli dəstək oldunuz, lazımi vəsait ayırdınız, eyni zamanda, bu köməklə yanaşı, yüksək tələbkarlıq göstərdiniz. Biz keçən il 103 min hektara yaxın torpaqda meliorativ tədbirlər apardıq, suvarma suyu ilə təchizatı yaxşılaşdırdıq. Onun bu il yenə də davam etdirilməsini tapşırdınız, həmin məsələlərin həlli üçün lazım olan vəsaitin ayrılmasına kömək göstərdiniz. Biz Sizə məruzə edirik ki, ilin axırınadək yeni suvarılan sahələri, meliorasiya olunan torpaqları və su təchizatı yaxşılaşdırılan daha 102 min hektar torpaqları Azərbaycan kəndçisinə təhvil verəcəyik. Bunlar Sizin gördüyünüz böyük işlərin nəticəsidir. Bu müddətdə yaradılan aqroparklar, yeni təsərrüfatlar, onların istehsal etdiyi məhsulun hamısı Sizin dəstəyinizlə əkin dövriyyəsinə daxil edilən yeni sahələrin hesabınadır.

Mən əvvəllər uzun müddət kənd təsərrüfatı sahəsində işləmişəm. İndi kənddə işləmək çox asandır. Siz kəndlinin torpağını da, suyunu da verirsiniz, başqa infrastrukturu da yaradırsınız, yolunu çəkirsiniz, hər şey edirsiniz, kəndliyə yalnız işləmək qalıb. Kəndli də işləyir və nəticələr yüksəlir. Ona görə də Azərbaycanda kənd təsərrüfatı sahəsində dinamik inkişaf heç vaxt dayanmayıb. Bu 15 il ərzində həmişə artım tempi olub.

Bu il Sizin tapşırıqlarınızla çəkilən Neftçala magistral kanalı tam istifadəyə verilir. Orada 10 min hektardan çox sahə meliorasiya olunur. Sabirabad rayonunda artıq “H” kanalında yekun işlər görülür, 16 min hektar torpaq istifadəyə verilir, onun 1600 hektarı Biləsuvar rayonuna aiddir. Hər yerdə bu sahədə işlər gedir və nəticələri də göz qabağındadır. Bu gün açılışına toplaşdığımız bu kanalın çəkilişi üçün Sizin tapşırığınızla 2010-cu ildə selə qarşı mübarizə tədbirləri görməyə, Araz çayının yeni qol-kanalını tikməyə başladıq. O vaxt biz yeni qolun 5 kilometr uzunluğunda kanalını suvarma üçün açdıq. Eyni zamanda, Yuxarı Muğan kanalının üzərində üçgözlü 500 metr uzunluğunda dəmir-beton dunker və başqa qurğuları tikdik. Siz bu zonanın su təchizatını yaxşılaşdırmaq üçün böyük işlər görürsünüz.

2016-cı ildə Sizin İran İslam Respublikasında səfərdə olarkən cənab Ruhani ilə apardığınız danışıqların nəticəsi olaraq Xudafərin, Qız qalası hidroqovşaqlarının, Xudafərin su anbarının tikilməsi məsələsi ilə bağlı saziş imzalandı. Bunun Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Həm suların yığılması və selə qarşı mübarizə tədbirlərinin görülməsi, həm də orada yığılan sulardan həmin torpaqların suvarılmasına bu kanalın çəkilməsi imkan verdi. Biz bununla bağlı müraciət etdik, Siz tapşırıq verdiniz. Qısa müddətdə biz 54 kilometr uzunluğundakı kanalın torpaq kanalı şəklində tikintisi barədə Sizə hesabat verdik. Siz məsələ qaldırdınız ki, bunu beton kanal etsək daha yaxşı olar və Siz bunun üçün də vəsait ayırdınız. Biz kanalı beton etməklə əvvəl 40 min hektara su çatırdısa, kanalın suqalxma qabiliyyətini artırmaq, itkiləri azaltmaq və torpaqların meliorasiya vəziyyətinin pisləşməsinin qarşını almaqla, həmin o ərazini 53 min hektaradək artıra bildik. Bunun 26 min hektarı Saatlı rayonundadır, ora heç su dəyməyən torpaqlardır. Təmiz məhsuldar torpaqlardır, orada işləmək olar, 16 min hektara yaxını İmişlinin torpaqlarıdır. Bunun 10 min hektara yaxını da Biləsuvar rayonunun torpaqlarıdır. Yəni, indi qol-kanalların çəkilməsi üçün vəsait ayırdınız və hazırda onlar da çəkilir. Gələcəkdə orada 175,46 kilometr qol-kanallar çəkilməklə bu torpaqlardan tam istifadə etmək olar. Eyni zamanda, kollektor-drenaj şəbəkələrin çəkilməsi, xüsusilə Yuxarı Muğan kollektorunun yenidən qurulması ilə bu torpaqların meliorasiya vəziyyətini tam yaxşılaşdırmaq mümkündür. Siz bunlarla kifayətlənmədiniz və bizə tapşırdınız ki, Ələt-Astara yolunun sağında, solunda olan torpaqları da araşdırın. Bu gün Sizə məruzə edirəm ki, həmin ərazidə 30 min hektar yeni suvarılan sahəni əkin dövriyyəsinə vermək olar. Yəni, biz onları layihə şəklində hazırlayıb, Sizə təqdim edəcəyik.

Cənab Prezident, bugünkü açılış çox əlamətdar bir dövrdə keçirilir. İki gün əvvəl Azərbaycan dövlətinin başçısı kimi, Siz Türkiyə Respublikasında bu vaxtadək olmayan ən böyük müəssisənin, SOCAR-ın “Star” neft emalı zavodunun açılışında iştirak etmisiniz. Bu müəssisənin Azərbaycanın məhsulunun dünya bazarına çıxarılması üçün qardaş Türkiyə Respublikasında tikilməsi mühüm hadisədir və hamımızı çox sevindirir. Bu layihənin müəllifi də Sizsiniz, təşkilatçısı da. Bu uğur və böyük tədbirin keçirilməsi münasibətilə bütün melioratorlar adından Sizi təbrik edirik. Söz veririk ki, bundan sonra da bizim qarşımızda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyik. Melioratorlar Sizin tapşırıqlarınızı həmişə yerinə yetirməyə hazırdırlar.

Diqqətinizə görə sağ olun.

X X X

Mərasimdə çıxış edən iqtisadiyyat naziri Şahin MUSTAFAYEV dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli mərasim iştirakçıları.

Sizin rəhbərliyinizlə bütün qlobal çağırışları nəzərə almaqla qətiyyətlə və uğurla davam etdirilən sosial-iqtisadi siyasət sayəsində Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir, dünyada baş verən mürəkkəb siyasi və iqtisadi proseslərin neqativ təsirlərinə qarşı dayanıqlılıq nümayiş etdirir.

Sosial-iqtisadi sahədə əldə edilən uğurların davamlılığının təmin edilməsində qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının, xüsusilə bölgələrin hərtərəfli inkişafında məqsədyönlü siyasətinizin davamı olaraq, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları müstəsna rol oynayır.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə görülmüş kompleks tədbirlərin nəticəsi olaraq, iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında ciddi irəliləyişlər əldə olunub, onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil edib, ixrac potensialı genişlənib. Belə ki, son 15 ildə ixrac 5,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi isə 2,6 dəfə artıb.

İxrac potensialının genişləndirilməsində qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişafı xüsusi önəm kəsb edir. Görülən işlərin nəticəsində aqrar sektorun davamlı inkişafı təmin olunub, bu ilin 9 ayında istehsal 4,3 faiz, kənd təsərrüfatı istehsalı və emalı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 540 milyon ABŞ dollarına çatıb.

Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Möhtərəm cənab Prezident, xüsusi diqqət və dəstəyiniz sayəsində respublikada 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 330 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 111 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.

Artıq Xaçmaz, Şəmkir, Cəlilabad, Goranboy və İsmayıllı rayonlarında 5 aqropark istifadəyə verilib. Bundan başqa, Qaxda 2100 hektarda heyvandarlıq, əkinçilik və bağçılıq, Tovuzda 550 hektarda heyvandarlıq və əkinçilik, 12 min hektarda taxılçılıq, Salyanda 3 min hektarda heyvandarlıq və əkinçilik, Hacıqabul və Şamaxı rayonlarında 4300 hektarda heyvandarlıq və əkinçilik, Samuxda 5 min hektarda taxılçılıq, Hacıqabulda 27 min hektarda əkinçilik və 2 min hektarda heyvandarlıq və əkinçilik, Füzulidə 2500 hektarda taxılçılıq, Kürdəmirdə 2 min hektarda əkinçilik, Ucarda 2100 hektarda heyvandarlıq və taxılçılıq, Ağcabədidə 5 min hektarda əkinçilik və Qazaxda 1000 hektarda kartofçuluq olmaqla, ilin sonunadək 69 min hektar ərazidə 13 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təqribən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsulunun istehsal və emal olunması, ümumilikdə 10 minədək yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

Möhtərəm cənab Prezident, məhsuldarlığın artırılmasında, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsində suvarma suyu ilə təminat vacib faktordur. Tapşırığınıza uyğun olaraq, aqrar sektorun inkişafında xüsusi rolu olan meliorativ tədbirlərin davam etdirilməsi, strateji əhəmiyyətli və iri kapital tutumlu su anbarlarının tikintisi nəticəsində hər il minlərlə hektar torpaq sahələri əkin dövriyyəsinə cəlb olunur. 2018-ci ildə sərəncamlarınızla ayrılmış dövlət əsaslı vəsaitlər hesabına əkin sahələrinə suvarma suyunun çatdırılması üçün magistral kanalların inşası və meliorativ tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Sizin rəhbərliyinizlə reallaşdırılan növbəti uğurlu və tarixi layihə - Araz çayının yeni qol-kanalı vasitəsilə Saatlı, İmişli və Biləsuvar rayonlarında 53 min hektara yaxın torpaq sahəsinə suvarma suyunun çatdırılması təmin ediləcək. Bu məqsədlə müvafiq sərəncamlarınızla dövlət əsaslı vəsait qoyuluşundan təqribən 80 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatının potensialının reallaşdırılmasına göstərdiyiniz daimi diqqət və qayğıya cavab olaraq, sahibkarlar tərəfindən bu rayonlarda yeni aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasına 450 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır. Bu layihələr çərçivəsində yeni torpaqların istifadəyə verilməsi nəticəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin yaradılması, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun və digər bitkilərin əkilməsi həyata keçiriləcək. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur. Bu işlərin görülməsi 5000-dək yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı bu təsərrüfatlarda hər il 180 milyon manatdan çox məhsul istehsalı gözlənilir. Bu da kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə, eləcə də ixrac qabiliyyətinin artırılmasına töhfə verəcək. Hazırda bu ərazilərdə 4 aqroparkın yaradılmasına başlanıb. Ümumi dəyəri 65 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə dövlət 10 milyon manat güzəştli kredit ayırıb və iki aqroparkın ümumi dəyəri 16 milyon manat olan layihələrinə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən kompleks tədbirlər ölkənin dayanıqlı inkişafına, qeyri-neft sektoruna, onun ixrac qabiliyyətinin daha da artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələrini verir. Sizi əmin edirik ki, bu tədbirlərin uğurla davam etdirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“MKT” İstehsalat Kommersiya MMC-nin İmişli filialının direktoru Oqtay GÜLMALIYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Mən də öz növbəmdə imişlililər, eyni zamanda, “MKT” İstehsalat Kommersiya təşkilatının kollektivi adından Sizi salamlayıram, İmişliyə xoş gəlmisiniz.

Fürsətdən istifadə edərək, Sizin bilavasitə göstərişiniz əsasında Araz çayının İmişli və qonşu rayonların ərazisindən keçən tarixi qol-kanalının bərpası münasibətilə tədbir iştirakçılarını təbrik edir və Sizə minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, “MKT” İstehsalat Kommersiya kollektivi adından bildirmək istəyirəm ki, şirkətimiz İmişli rayonu ərazisində kənd təsərrüfatı sahəsində, xüsusilə də pambıqçılıq və taxılçılıq sahəsində geniş fəaliyyət göstərir. Müəssisəmizə dövlət qayğısı sayəsində 3800 hektar sahədə iri taxılçılıq təsərrüfatının yaradılmasına 5 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə 8,8 milyon manat olmaqla, fermerlərlə bağlanmış müqavilə əsasında 5200 hektarda pambıq, 800 hektar sahədə isə arpa və buğda əkilib. Taxıl sahələrində hər hektardan orta hesabla təxminən 45-55 sentner məhsul əldə edilib. Ona görə də şirkətimiz taxıl əkini sahələrinin genişləndirilməsini nəzərdə tutur. Bundan əlavə, indiyədək 10 min ton pambıq yığılıb. Sahələrdə məhsulumuz boldur və hər hektardan 24 sentnerdən çox pambıq gözləyirik.

Möhtərəm cənab Prezident.

İmişli əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Şirkətimizin kollektivi adından Sizi əmin etmək istəyirik ki, bundan sonra daha əzmlə çalışacaq və rayon iqtisadiyyatına, kənd təsərrüfatının inkişafına öz töhfəmizi verəcəyik.

Diqqətinizə görə təşəkkürümü bildirirəm.

Sağ olun.

X X X

“İD – Aqropark” MMC-nin təsərrüfat rəhbəri Sədafər HÜSEYNOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Ölkəmizdə uğurla aparılan sosialyönümlü iqtisadi islahatların daha da dərinləşməsi, xalqımızın maddi‐rifah halının yaxşılaşdırılması, cənab Prezident, məhz Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Biz sahibkarlar fəaliyyət sahələrimizi genişləndirərkən təkcə dövlətin maddi dəstəyini deyil, həm də cənab Prezident, Sizin böyük mənəvi dəstəyinizi də hiss edirik. Sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyiniz qərarlar və sahibkarlara verdiyiniz tövsiyələr bizim üçün böyük stimul yaradır.

Möhtərəm cənab Prezident, təmsil etdiyim “İD-Aqropark” MMC şirkəti 2017-ci ilin əvvəlində yaradılıb. Şirkətin yeni layihəsi Saatlı rayonunun Azadkənd kəndi ərazisində 7000 hektar sahədə müasir innovativ texnologiyalara əsaslanan təsərrüfatın yaradılmasıdır. Bu məqsədlə aqroparka dövlət dəstəyi çərçivəsində 10 milyon manat güzəştli kredit verilib. Aqroparkın birinci mərhələsinin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılır.

Şirkət tərəfindən 5000 hektar sahədə arpa, buğda, qarğıdalı, soya, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, 1000 hektar sahədə nar və 500 hektar sahədə badam bağlarının salınması nəzərdə tutulur. Ötən il ərazinin bir hissəsində günəbaxan, soya və qarğıdalı, bu il isə qarğıdalı və günəbaxan əkilib. 2018-ci ilin yaz mövsümündə 120 hektar sahədə intensiv nar bağı salınıb, damla üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Nar bağının suvarılması üçün 2 hektar sahədə süni göl yaradılıb və su nasos stansiyası tikilib, 9 kilometr uzunluğunda yeni elektrik xətləri çəkilib və 2 transformator quraşdırılıb.

2019-cu ilin əvvəlində əlavə 240 hektar sahədə nar bağının salınması üzrə işlər aparılır. Bununla yanaşı, 1300 hektar torpaq sahəsi dənli bitkilərin yetişdirilməsi üçün hazırlanıb, açıq tipli 6 drenaj xətti və su kanalı çəkilib. Bütünlükdə isə 7000 hektar sahə üçün 58 kilometr uzunluğunda açıq tipli drenaj xətləri çəkilir. 20 hektar sahədə yonca əkilib. Hazırda arpa və buğda əkini aparılır. Əkin sahəsinə tələb olunan gübrələr verilib.

2019-cu ilin yazında 1156 hektar sahədə dənli bitkilər və pambıq əkilməsi üçün şumlama işləri aparılır. 1000 hektar sahə üçün yeni 15 müasir suvarma - pivot sistemi layihəsi hazırlanıb və 2019-cu ildə bu sistemin tikintisi planlaşdırılır. Yaxın gələcəkdə bu sistem üçün 5 nasos stansiyasının tikilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, Saatlı aqroparkında dənli bitkilərin yetişdirilməsi, nar və badam bağlarının salınması, müvafiq texniki tədbirlərin həyata keçirilməsi ilə əlaqədar infrastruktur, yaxın gələcəkdə quşçuluq fabriki və heyvandarlıq fermaları yaradılacaq. Aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün “Aqrolizinq” ASC-nin köməyi ilə müasir standartlara cavab verən 38 adda müxtəlif növ kənd təsərrüfatı texnikası alınıb. Hazırda təsərrüfatımızda 41 daimi işçi çalışır. Nar bağının salınması dövründə 200-dən çox mövsümi işçilər də cəlb olunub. Ümumilikdə, aqroparkda 400-dək daimi iş yerinin açılması nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda bütün sahibkarların himayədarı və dayağı olduğunuz üçün Sizə sahibkarlar və kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirik ki, yaratdığınız şəraitdən istifadə edərək ölkədə aqrar sahənin inkişafına öz töhfəmizi verəcəyik.

Diqqətinizə görə sağ olun.

X X X

“Aqropark Yaşıl Ada” MMC-nin icraçı direktoru Fərhad BAĞIROV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

İcazə verin, Biləsuvar əhalisinin, bütün kənd təsərrüfatı işçilərinin səmimi minnətdarlıq hissini və salamlarını Sizə çatdırım.

Biləsuvarlılar rayonumuza hər gəlişinizi, rayon əhalisi ilə görüşlərinizi böyük sevinc hissi ilə qarşılayır, aqrar sahənin inkişafı ilə bağlı müdrik və uzaqgörən çağırışlarınıza səs verərək, yaratdığınız yüksək şəraitdən və qayğıdan bəhrələnməklə əzmlə çalışır, ilbəil yüksək nəticələr əldə edirlər.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş 3000 hektar ərazidə Arazın yeni qol-kanalından istifadə edəcək “Yaşıl Ada” aqroparkını yaratdıq. Həmin ərazi əvvəllər qış otlaq sahəsi kimi istifadə edilib, yüksək keyfiyyətli bu torpaqlar baxımsız vəziyyətdə olub, orada meliorasiya və irriqasiya qurğuları olmayıb. Bu gün isə həmin ərazilərdə Sizin göstərişinizlə geniş meliorasiya işləri görülür, infrastruktur yaradılır.

Bu gün açılışına toplaşdığımız Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi müəllifi olduğunuz mühüm layihələrdən biridir. Bu layihənin reallaşdırılması tarixi hadisədir, kənd təsərrüfatı işçilərinə, aqrar sahəyə investisiya yatıran sahibkarlara çox dəyərli töhfədir. Bu layihə ilə Siz, cənab Prezident, Muğan torpaqlarına yeni nəfəs, yeni həyat verdiniz. İcazə verin, bizə bu tarixi günü yaşatdığınıza görə biləsuvarlılar adından, kənd təsərrüfatı işçiləri, eləcə də “Yaşıl Ada” aqroparkının kollektivi adından Sizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı çatdırım.

Möhtərəm cənab Prezident, bu layihə Biləsuvar rayonunun 10356 hektar əkin sahəsini əhatə edəcək. Bunun 3000 hektarı “Yaşıl Ada” aqroparkının istifadəsinə verilmiş torpaq sahələridir. Məruzə edirəm ki, aqroparkın ərazisində zəruri infrastrukturun yaradılması, torpaqların əkinə, yüksək məhsuldarlığa hazırlanması ilə bağlı bir çox işlər görülüb və hazırda da bu işlər davam etdirilir. Belə ki, 10 min tonluq anbar, ofis binası, işçilərin istirahətini təmin etmək üçün 6 tarla düşərgəsi tikilib, 8 kilometr elektrik xətti çəkilib, 100 kvt-lıq transformator quraşdırılıb, 10 kilometr suvarma kanalı təmizlənib, aqroparka gedən 18 kilometr yol təmir olunub, 60 kilometr sahələrarası yollar təmir olunaraq yararlı vəziyyətə gətirilib.

Aqroparka İqtisadiyyat Nazirliyi tərəfindən 7 milyon manat dəyərində investisiya təşviqi sənədi verilib. 2019-cu ildə aqroparkın birinci mərhələsinin istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə 1000 hektar ərazidə müasir suvarma - pivot sistemləri quraşdırılacaq. Aqroparkın ərazisinə 6,5 kilometr beton su kanalının, 21 kilometrlik elektrik xəttinin çəkilişi planlaşdırılır. Aqropark gələcəkdə böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərəcək.

Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq aqroparkın ölkəmizin aqrar sektoruna əhəmiyyətli töhfə verə biləcək iri təsərrüfata çevrilməsi üçün var qüvvəmizlə çalışacaq, kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirdiyiniz tarixi işlərin fəal iştirakçıları olacaq, etimadınızı doğruldacağıq.

Diqqətinizə təşəkkür edirəm.

X X X

Daha sonra Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ 2010-cu ildə Kür-Araz çaylarında baş vermiş sel və daşqınların yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə Araz çayının gursulu illərdə çayda baş verə biləcək daşqınlardan yaranacaq fəlakətlərin qarşısını almaq və onun sərfinin bir hissəsinin İmişli və Biləsuvar rayonlarının ərazisindən keçirməklə Mahmudçalaya, oradan isə Qızılağac qoruğunun ərazisi ilə Xəzər dənizinə axıdılması üçün ümumi uzunluğu 130 kilometr olan Araz çayının yeni qol-kanalının tikintisi nəzərdə tutulmuşdu. Texniki İqtisadi Əsaslandırma ilə həmin işlərin 4 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı. Hazırda onun birinci mərhələ üzrə baş suqəbuledici qurğu daxil olmaqla, 5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Tikilmiş baş suqəbuledici qurğu və yeni qoldan istifadə etməklə Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinin suvarılması üçün 54,2 kilometr uzunluğunda kanalın hidrotexniki qurğularla birgə inşası həyata keçirilib. Kanalın başlanğıcda suburaxma qabiliyyəti saniyədə 46, sonda isə 24 kubmetr təşkil edir. Kanal üzərində 84 müxtəlif təyinatlı hidrotexniki qurğu, o cümlədən 14 avtomobil körpüsü inşa olunub.

Perspektivdə Biləsuvar və Sabirabad rayonlarının daha 10 min hektar azməhsuldar sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq. Araz çayının yeni qolundan Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün ümumi uzunluğu 175,46 kilometr, müxtəlif suburaxma qabiliyyəti olan paylayıcı kanalların qurğularla birgə tikintisi 2 mərhələdə nəzərdə tutulub və bu il inşaat işlərinə start verilib.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basdı.

Onu da deyək ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə son illərdə regionlarda mütərəqqi suvarma texnologiyalarının tətbiqi ilə aqroparklar, iri fermer təsərrüfatları və müasir heyvandarlıq kompleksləri yaradılıb. Bu da qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayıb. Bu işlərin davamı olaraq Saatlı, Biləsuvar və İmişli rayonlarında pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının inkişafı məqsədilə aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin yaradılması nəzərdə tutulub. Aqroparkların yaradılması regionlarda iqtisadi potensialın, kənd təsərrüfatında istehsalın artmasına, məhsulların keyfiyyət göstəricilərinin daha da yaxşılaşmasına, özünütəminetmə səviyyəsinin və regionlarda əhalinin məşğulluğunun yüksəlməsinə, ixrac potensialının genişlənməsinə töhfə verəcək. Araz çayının yeni qol-kanalı da regionda kənd təsərrüfatının inkişafına, xüsusilə aqroparkların yaradılmasına geniş imkanlar açır. Torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi sahibkarlar tərəfindən 454 milyon manat investisiya qoyuluşuna və 5000-dək yeni iş yerinin açılmasına şərait yaradacaq. Bu layihələr çərçivəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin təşkili, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun əkilməsi, nar və xurma bağlarının salınması həyata keçiriləcək. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı təsərrüfatlarda ildə 176 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı gözlənilir. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur.

Hazırda bu ərazilərdə 4 aqroparkın yaradılmasına başlanıb. Ümumi dəyəri 65,2 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb və iki aqroparkın ümumi dəyəri 15,9 milyon manat olan layihələrinə investisiya təşviqi sənədi verilib. Hazırda 30 rayon üzrə 45 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə görülən işlərə dövlət tərəfindən 329,7 milyon manat maliyyə dəstəyi göstərilib. Bundan başqa, 15 aqropark üzrə 25 layihəyə investisiya təşviqi sənədi verilib. Görüləcək işlər nəticəsində, ümumilikdə, 10 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. İlin sonunadək daha 13 aqropark fəaliyyətə başlayacaq. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində dəyəri 600 milyon manatdan çox olan məhsul istehsalı gözlənilir.

Sonda xatirə şəkilləri çəkdirildi.

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gedib.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda

Oxumağa davam et
Reklam
Reklam

Gündəm