Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə məktub göndərib
Bizi izləyin

Rəsmi xronika

Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə məktub göndərib

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osayminə məktub göndərib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"İslam Əməkdaşlıq Təşkilatının 2020-ci il 14 iyul tarixli bəyanatında Azərbaycan və Ermənistanın dövlət sərhədində baş vermiş hadisələr nəticəsində həlak olan Azərbaycan vətəndaşları ilə bağlı göndərdiyiniz başsağlığına və Ermənistanın təcavüzkar siyasətinə verilən obyektiv qiymətə görə Sizə təşəkkür edirəm.

Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, qəfil hücum həyata keçirərək hərbçilərimizi, Tovuz rayonunun dinc sakinlərini qətlə yetirmiş və yaralamışlar. Ermənistan növbəti günlərdə də atəşkəs rejimini kobud şəkildə pozmuşdur. Azərbaycan Ordusunun əks həmlələri və cavab atəşi nəticəsində təxribatın qarşısı qətiyyətlə alınmış və bundan sonra da alınacaqdır.

Bu hadisələr bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin ikiüzlü, ölkənin isə təcavüzkar olduğunu nümayiş etdirdi. Bu gün hərbçilərlə yanaşı uşaq, qadın və yaşlı insanların hədəf seçilərək öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan rəhbərliyində təmsil olunduğunu nümayiş etdirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan bu günədək İslam Əməkdaşlıq Təşkilatı ali və yüksək səviyyələrdə Ermənistanın işğalçı siyasətini, regional sülhə və sabitliyə törətdiyi təhlükəni pisləyən bir çox qətnamələr qəbul etmişdir. Azərbaycanın haqlı mövqeyi İƏT-ə üzv ölkələr tərəfindən hər zaman dəstəklənmişdir.

Münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı İƏT-in daim ədalətli mövqeyini bir daha alqışlayırıq.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm