Ermənistanın siyasi dividendlər qazanmaq üçün saxta tarixə ehtiyacı var - PREZİDENT
Bizi izləyin

Rəsmi xronika

Ermənistanın siyasi dividendlər qazanmaq üçün saxta tarixə ehtiyacı var - PREZİDENT

“Ermənistan kimi kiçik, yoxsul və zəif ölkənin Türkiyə kimi böyük və güclü ölkəyə qarşı ərazi iddiaları var. Onlar öz ideoloji doqmalarına o qədər tabe idilər və türkofobiya dövlət siyasəti oldu ki, onlar hətta reallıq hissini itiriblər”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Göksenin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Türkiyə hökuməti addımlarını çox konstruktiv şəkildə planlaşdırır:

“Lakin, əlbəttə ki, onlar adekvat cavab almalıdır. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, öz konstitusiyalarını yenidən yazmalıdırlar. Onlar yeni konstitusiya qəbul etməlidirlər. Onlar bunu planlaşdırırlar, lakin bu, hökumətin siyasi gündəliyi üçündür. Hökumət öz siyasi mövqeyini gücləndirmək istəyir. Lakin, eyni zamanda, düşünürəm ki, onlara yaxşı məsləhət verə bilərəm. Öz konstitusiyalarından Türkiyəyə qarşı ərazi iddialarını çıxarsınlar. Mən bilmirəm, hansı ölkənin konstitusiyasında digər ölkəyə qarşı ərazi iddiaları var.

Zənnimcə, bu, nadir haldır və hər kəs başa düşməlidir ki, tarix boyunca çoxsaylı müharibələr olub və onların soyqırımı ilə bağlı saxta tarixinin reallıqla heç bir əlaqəsi yoxdur. Bu, müharibə idi, elə bir vəziyyət idi ki, insanlar bir-birilə savaşırdılar, ölkələr bir-birilə savaşırdı, lakin sonra barışıq oldu.

Yeri gəlmişkən, həmin dövrdə Ermənistanın nəinki Osmanlı imperiyası ilə çətinlikləri var idi, onların digər qonşuları ilə də çətinlikləri var idi. Niyə onlar haqsız hücumları üçün yalnız Türkiyəni seçdilər? Türkiyə hökuməti bu məsələlərlə qərəzsiz, obyektiv şəkildə məşğul olmaq üçün tarixçilərdən ibarət birgə qrupların yaradılmasını açıq şəkildə dəfələrlə təklif edib. Lakin onlar imtina ediblər. Niyə? Çünki onların siyasi dividendlər qazanmaq üçün bu saxta tarixə ehtiyacı var. Onlar bəzi ölkələrdən müdafiə, müəyyən yardım əldə etmək üçün bu saxta hekayədən istifadə edirdilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm