Müqəddəs yürüş naminə koronavirusdan qorunaq - Məlahət İbrahimqızı
Bizi izləyin

Səhiyyə

Müqəddəs yürüş naminə koronavirusdan qorunaq - Məlahət İbrahimqızı

“Biz boşluq buraxmadıq. Artıq hələ koronavirus başlayandan Dünya Səhiyyə Təşkilatının rəhbəri və müxtəlif dünya səviyyəli mütəxəssislər, ekspertlər, infeksionistlər, epidemioloqlar bu pandemiyanın ikinci, üçüncü dalğasının olacağı ilə bağlı davamlı olaraq anonslarını vermişdilər, bir dəfə verməmişdilər”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı karantin qaydalarının yenidən məhdudlaşdırılmasına münasibət bildirərkən qeyd edib.

Millət vəkili xatırladıb ki, yay boyu, hətta bu pandemiya bir az səngdiyi dövrdə belə, artıq ikinci dalğanın gələcəyini və ona da ölkələrin, xalqların hazırlığını tövsiyə edirdilər: “Və bu ikinci dalğanı daha çox proqnozlaşdırırdılar ki, payız, sentyabr ayından başlayacaq. Ona görə ki, sentyabr ayından artıq havalar tez-tez dəyişir, insanları aldadır. Ümumiyyətlə, tibb elmində kəskin tənəffüs yollarının xəstəliyi var, el arasında qrip deyirik. O xəstəlik də ən çox payız aylarında, havaların tez soyuyub isinəcəyi müddətdə olur. Ona görə də indi ikinci dalğa gəlir. Bilirsiniz, Fransada gündə 40 minə yaxın insan bu virusa yoluxur. Artıq karantin rejimini uzadıblar. Almaniyada Berlin qapalı şəhər olub. Amerikada yoluxma sayı gündə 50, 100 minə çatır. Azərbaycan da dünyanın bir parçasıdır. Bu da pandemiyadır. Bizdə də bunun olmağı gözlənilirdi. Amma çox təəssüf ki, bizim insanlarda bir az laqeydlik var”.

M.İbrahimqızının sözlərinə görə, bu gün pandemiyaya qarşı mübarizədə beynimizdə ancaq bir düşüncəmiz olmalıdır ki, biz vətən müharibəsindəyik, erməni virusuna qarşı mübarizə aparırıq: “Ona görə biz hər birimiz özümüzü də, ətrafdakıları da qorumalıyıq. Bu gün hər kəs məsuliyyətini ikiqat dərk etməlidir ki, onun kimisə yoluxdurmağı bizim vətən müharibəmizə qarşı biganəliyi olar. Bu gün bizim dövlətimizin gücü, resursumuz erməni faşistlərinə qarşı mübarizəyə yönəlməlidir”.

Birinci dalğada Azərbaycanda koronavirusa qarşı mübarizənin uğurlu keçdiyini vurğulayan M.İbrahimqızı təəssüf etdi ki, insanlarımızda arxayınçılıq əmələ gəldi: “Həm də bu arxayınçılıq yay dövrünə düşdü. İnsanların hərəkəti çox oldu, ora-bura, rayonlara getdi. Ona görə, bu ikinci dalğa istər-istərməz bizdə də qalxdı. Arxayınçılıq əmələ gəldi, karantin də yumşladıldı, məktəblər məhdud da olsa, açıldı. Yəni müəyyən yumşalmalar oldu. Eyni zamanda, vətəndaşlarımız unutdular”.

“Əbəttə ki, havaların soyuması ilə əlaqədar yoluxanların sayı arta bilər. Ona görə, hər kəs özünü qorumalıdır. Bu, təbiidir. Çünki hava soyuyur, isinir. İnsan nazik geyinir, bir saatdan sonra hava soyuyur, insanın da orqanizmi zəifləyir. Ona görə, bu artım gözlənilən idi. Amma gözlənilməsindən əlavə, gərək, hər kəs ayıq-sayıq olsun. Yəni biz koronovirusun birinci mərhələsindən bu mərhələdə daha çox məsuliyyətli olmalıyıq”,-deyə millət vəkili əlavə edib.

M.İbrahimqızı onu da diqqətə çatdırıb ki, virusun artması bizim ümumi əsgərlərimizə problem yarada bilər: “Əsgər ailələrində problem olar. Əsgərlər orada erməni faşistləri ilə müharibə aparır, eşidər ki, onun ailəsində koronavirus var. Allah etməsin, ən vacib də ordumuza düşər və biz dövlətimizin gücünü zəiflətmiş olarıq. Yenə dərmanlar, xəstəxanalar, çarpayı problemi olar. Ona görə, hər kəs anlamalıdır ki, biz koronavirusa qarşı özümüzü millətimizin sağlamlığına görə qoruyurduqsa, amma indi Azərbaycan xalqının xəyal etdiyi vətəni biz reallaşdırırıq. Biz bu müqəddəs yürüş naminə koronavirusa görə tam ehtiyatlı, məsuliyyətli olmalıyıq. Nə tələb olunur? Maska, sosial məsafə, dezinfeksiyaedici məhlullarla tez-tez gigiyenik işləri görmək, çoxlu adam olan yerlərə getməmək. Ehtiyac yoxdursa, insan niyə ora-bura gedir ki? Ona görə də Operativ Qərargah çox doğru etdi ki, məhdudlaşma etdi. Həm də bütün dünyada yeni tədris ili elan olundu. Yeni tədris ilində də kimlərdir? Gənclərdir, uşaqlardır. Nə qədər olmasa uşaqdırlar”.

M.İbrahimqızı noybarın 2-dən sonra karantin qaydalarının davam edəcəyi barədə fikir deyə bilməcəyini söyləyib: “Onu gedişat göstərəcək. Ona görə, biz hamımız səfərbər olmalıyıq. Necə ki, erməni faşizminə qarşı bütün Azərbaycan xalqı həmrəylik göstərir, birgə mübarizə aparır, bax, koronavirusa qarşı da elə mübarizə aparmalıdır. Yenə deyirəm, bu gün bizim xalqımızın tarixi yazılır. İnsanlar bunu düşünsünlər ki, biz beynimizdə koronavirusumu seçək, yoxsa Ali Baş Komandanmızın o gözəl, mübarək tvitlərinimi gözləyək?! İnsan koronavirusa tutulanda onun o vəziyyəti də olmaz ki, yəni o, xəstə canı ilə məşğuldur. Amma möhtərəm Prezidentimiz o gözəl tvitləri ilə ordumuzun gündə bir neçə kəndi, qəsəbəni aldığı xəbərini verir. Ona görə, bir daha oxucularınızdan öz adımdan xahiş edirəm ki, hər bir kəs özünü qorusun”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm