Bakının brend mağazalarında niyə Azərbaycan MAHNILARI SƏSLƏNDİRİLMİR? - ARAŞDIRMA
Bizi izləyin

Sosial

Bakının brend mağazalarında niyə Azərbaycan MAHNILARI SƏSLƏNDİRİLMİR? - ARAŞDIRMA

Yəqin ki, şəhərdə yerləşən brend mağazalara baş çəkmisiniz. Həmin dükanlara girəndə Kambocadan olan hansısa bir ifaçının mahnısını eşidirik. Xoşumuza gəlir, açırıq “Shazam”ı səsini ilk dəfə eşitdiyimiz birini “search” edirik və beləliklə, bu müğənninin bir mahnısını axtararkən onun ümumi sənətindən, digər əsərlərindən xəbərimiz olur. Vasitəçi kim oldu? Tişört almağa girdiyimiz həmin bu brend mağaza...

Ancaq qəribə haldır ki, bu mağazalarda siz heç vaxt Azərbaycan mahnısı eşidə bilməzsiniz. Bəs müqəssir kimdir? Məhz biz də bu sualın cavabı ətrafında araşdırma aparmağa çalışdıq...

Publika.az olaraq bu mağazaların bəzilərinə üz tutaraq niyə milli musiqimizə, ifaçılarımıza dəyər vermədiklərini, saya salmadıqlarını soruşduq. Hər mağazanın təmsilçisindən fərqli fikirlər aldıq.

“Koton” mağazasının Brend meneceri Aslı İşçen:

“Mahnılara müdaxilə etmək ixtiyarımız yoxdur, çünki biz həmin mağazanın françayzeriyik (əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alan qurum). Səslənən musiqilərin hamısı Türkiyədən göndərilir. Hərdən dünyada tanınan meqastar olduğuna görə Tarkanın musiqiləri səslənir. O da bir-iki dəfə olub”.

“Pink accessories” brendinin yaradıcısı Hüseyn Əliyev:

“Bizim mağaza əsasən, yeniyetmələrə xitab edir. Buna görə də, daha çılğın, pop janrında olan musiqilərə üstünlük veririk. Beynəlxalq dil ingilis dili olduğu üçün həmin dildə olan mahnılar səslənir. Yerli mahnılara gəldikdə isə, “tineycer”lik nə qədər əks olunur, orasını özünüz yaxşı bilirsiniz”.

“Albers Group” şirkətinin HR meneceri, “Zelhome” brendinin təmsilçisi Aygün Vəliyeva:

“Mağazamızın tərzi tamam fərqlidir. Rənglər olaraq soft, musiqi olaraq caz, bluz janrına üstünlük verilir. Bir ara “Sarı gəlin” mahnısı səslənirdi və bu müştərilərin xoşuna gəlirdi. Müğənnilərimizin bir çoxu toy mahnısı oxuyur. Həmin musiqiləri “Zelhome”da səsləndirmək nə dərəcədə düzgündür? Həm də pop janrı bizə yaxın deyil. Bayağı mahnıları qoysaq, mağazanın səviyyəsi düşəcək. Deyəcəklər bu nə mahnıdır belə?

Ancaq onu deyim ki, səhər tezdən mağaza açılmamışdan əvvəl bizdə toy və rəqs musiqiləri səsləndirilir. Uşaqlar yaxşı oynayıb, stress atır və işə başlayırlar. Mahnılar hər fəsilə uyğun olaraq dəyişdirilir. Bizim müğənnilərdən də Miri Yusif, Nigar Camal, Röyanın bəzi mahnıları tərzimizə uyğundur. Onlardan isə hələ ki, istifadə etməmişik. Küçələrdə brend olmayan mağazalarda yerli mahnılarımız səslənir və orada ab-hava da başqa cürdür”.

“Puma” idman geyimləri brendinin mağaza meneceri:

“Şirkət tərəfindən heç bir qadağa yoxdur. Hər şey menecerin özündən asılıdır. Menecer zövqünə görə mahnıları tənzimləyir. Ancaq elə mahnılar seçilməlidir ki, müştəridə rahatlıq hissi yaratsın və onlar alış-verişə daha çox köklənsin. Rep və rok janrında olan musiqilər müştərini yorur”.

“Bershka” brendinin mağaza təmsilçisi:

“Firmamız İspaniyanın olduğu üçün mahnılara müdaxilə etmirik. İngilis dili də ümumbəşəri dil olduğuna görə daha çox həmin dildə mahnıların səsləndirilməsinə icazə veririk”.

“Colins” brendinin mağaza meneceri:

“Müştəri mahnının sözlərini başa düşürsə, fikri həmin mahnıda qalır və alış-verişdən soyuyur. Şirkət tərəfindən xüsusi bir qadağa yoxdur”.

“Levis” cins brendinin mağaza təmsilçisi:

“Biz radiodan istifadə edirik, həmin radioda da ancaq xarici mahnılar səsləndirilir. Siz Türkiyədə türk, Rusiyada rus mahnıları səsləndirilən mağazamızı görə bilməzsiniz. Şirkətimizin qaydası belədir. Biz də buna əməl edirik”.

Məsələyə münasibət bildirən marketoloq Pərviz Əzimov deyir ki, alış-veriş mərkəzlərində, əyləncə məkanlarında mahnıların siyahısı, mağazanın ətir-qoxu sistemi, rənglər və nüanslar adətən, peşəkar mütəxəssislər tərəfindən hazırlanır.

P.Əzimov sözlərinə belə davam edir: “Bütün bunlar elə hazırlanmalıdır ki, mağazaya daxil olan müştəri orada daha çox vaxt keçirmək istəyində olsun. Eləcə də musiqi bu işdə böyük rol oynayır. Niyə məhz Azərbaycan mahnılarına qadağa qoyulmasına gəldikdə isə, bu, qismən yuxarıda qeyd etdiyim səbəblərdən asılı olsa da, daha çox biznes sahiblərinin eqolarından irəli gəlir. Fikir vermisinizsə, həmin yerlərə daxil olanda hamı çalışır sizinlə rus dilində danışsın. Belə olanda sanki özlərini böyük bir elitanın tərkib hissəsi hesab edirlər. Musiqi məsələsi də belədir. Sanki Azərbaycan mahnısı səsləndirməyi özlərinə sığışdırmırlar. Düzdür, musiqilərimizin içində mağaza, “mall” tipinə uyğun mahnı azdır, ancaq yox deyil. Ən azından "playlist" qarışıq ola bilər, lakin bu qeyd edilən mağaza sahiblərinin eqosuna uyğun olmur. Bəzən isə dünyagörüş məsələsi ortaya çıxır. O adamların bir çoxunun heç bizim musiqilərdən xəbərləri yoxdur. Bir az pulları var, bildikləri ifaçı da Üzeyir Mehdizadədən başqası deyil. Azərbaycan musiqisi onlar üçün Namiq Qaraçuxurludan başlayır, Üzeyir Mehdizadədə bitir. Ona görə də normal mahnılardan xəbərsizdirlər və o musiqilərdən istifadə etmirlər”.

P.Əzimov deyir ki, bəzi geyim mağazaları “Françayzinq”lə çalışdığı üçün baş ofis tərəfindən onlara musiqi ilə bağlı müəyyən tələblərin olması da mümkündür:

“Bu nüans da özünə görə işdə rol oynayır. Buna bənzər bir tendensiya bir zamanlar restoranlarda var idi. Həm restoran adları, həm içindəki məzmun Azərbaycandan uzaq idi. Hərə ingilis dilində bir ad tapıb, restorana qoyurdu, olurdu “yevropeyski” yer. Ancaq bu sahəyə daha ağıllı yanaşanlar milli markalar yaratdı, milli adlara, musiqilərə keçməyə başladılar. “Sumax”, “Paxlava”, “Nuş”, “Başqa yer” və s. adlar meydana çıxdı, həmin məkanlarda yerli musiqilər istifadə olundu. Nə səviyyələri aşağı düşdü, nə də müştəriləri azaldı. Əksinə, daha yaxşı nəticə verdi. Mağazalar da yavaş-yavaş bu formaya uyğunlaşacaq”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözügedən məsələyə cavabı belə oldu:

“Bu sahə üzrə xüsusi standartlar təyin olunmayıb. Biz bu məsələlərə qarışmırıq”.

Biz də öz növbəmizdə belə mağazalarda toy stilində olan mahnıların səsləndirilməsini istəmirik. Ancaq xüsusi bir təbəqəyə aid olan ifaçılar var ki, onların mahnılarını miks edərək, mağazalarda səsləndirməklə onu müştəriyə sevdirmək olar.

Eyni zamanda müştərilərin bu mahnıları tanıması ilə onların yutubda baxış, habelə yükləmə sayı artacaq və nəticədə ifaçı daha da həvəslənəcək. Sözsüz ki, tələbat artdıqca, daha keyfiyyətli işlər ortaya çıxacaq. Amma yox, bu, bizim nəyimizə lazımdır? Biz ən yaxşısı Şəbnəmə qulaq asaq, Rəqsanəni sevək, toy müğənnilərinə “sitayiş” edək, olsunlar bizim “məbədimiz”... Brendlər də bizə xor baxıb, milli musiqimizi bəyənməsinlər...

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm