Bu gün Yel çərşənbəsidir
Bizi izləyin

Sosial

Bu gün Yel çərşənbəsidir

Bu gün dünyanın yaranmasında iştirak edən dörd ünsürdən biri olan “Yel (külək, hava) çərşənbəsi”dir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.

AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Publika.az-a bildirib ki, yel çərşənbəsi yelin təzəcə çıxmış otları, ağaclardakı tumurcuqları, təbiəti oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. “Türk mifoloji təsəvvüründə “Yel baba” dörd cür libas geyinir: ağ, qara, göy və qırmızı. Qara yel Qərbdən, Ağ yel Şərqdən əsir. Xəzri göy libasda, gilavar isə qırmızı libasda görünür. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə istiqamət dəyişməsi, isti və ya soyuq olması, əslində, onun özünün - küləyin - havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir”.

Yel çərşənbəsi günü həyətlərdə tonqallar qalanır, evlərdə plov (aş), südlü plov, lobyalı aş, bulğur aşı və s. bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnama görə, yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.

“Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. “Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və s. var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqəti çəkir. Yel Azərbaycan mifik təfəkküründə həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı obrazında peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır...”.

Bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrabanın yada salınması günü kimi də qeyd edilir. “Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov (aş), halva və s. olur. Ehsan qohum-əqrabalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır”.

Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda Yellə bağlı keçirilmiş mərasimlər də var. Mərasim “Yel baba” adlanırdı və taxıl biçilib xırmana yığılandan sonra keçirilirdi. Məlumdur ki, keçmişdə kombayn olmadığından taxıl əllə biçilərək, dərz bağlanar, at, öküz arabaları ilə xırmana daşınardı. Dərzlər xırmanda döyüləndən sonra, buğdanın, arpanın və digər dənli bitkilərin sovrularaq samandan, çör-çöpdən, kol-kosdan təmizlənib, ayrılması üçün küləyə ehtiyac var idi. Ona görə də keçmişdə insanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar.

İnanclara görə, bu mərasimdən sonra yel əsər və insanlar taxılı rahat sovurardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm