Pambıq tarlasındakı kütləvi zəhərlənmədə MÜƏMMALI MƏQAM - Rəis müavini AÇIQLADI
Bizi izləyin

Sosial

Pambıq tarlasındakı kütləvi zəhərlənmədə MÜƏMMALI MƏQAM - Rəis müavini AÇIQLADI

İyunun 12-dən 19-dək bir-birinin ardınca Saatlı, Tərtər və son olaraq İmişlidə pambıqçılar arasında kütləvi zəhərlənmə qeydə alındı. Ümumilikdə hadisələr nəticəsində 200-ə yaxın şəxs zəhərlənmə ilə rayon xəstəxanalarına müraciət etdi. Onların əksəriyyətinə yardım göstərilib ambulator müayinədən sonra evə buraxılsa da, zəhərlənənlərin bəziləri paytaxta göndərildi.

Ard-arda baş verən bu hadisələr dolayısı ilə “pambıq tarlalarında nə baş verir?” sualını gündəmə gətirir. Axı bu təsərrüfat sahibləri illərdir eyni işlə məşğuldur. Nə baş verib ki, birdən-birə kütləvi zəhərlənmə halları yaşanır. Hər kəsin eyni anda dərmandan istifadə qaydasını pozma ehtimalı az olduğundan dərmanın keyfiyyəti ilə bağlı şübhələr gündəmə gəlir.

Sonuncu hadisə baş verən kimi kənd təsərrüfatı naziri İnam Kərimov, Baş prokurorun birinci müavini Rüstəm Usubov və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri İmişliyə gedib zərərçəkənlərin vəziyyəti ilə maraqlanıb, araşdırmaya başlayıblar.

Səhiyyə Nazirliyinin ilkin rəyində xəstələrə aqrokiməyəvi preparatlarından zəhərlənmə diaqnozu qoyulub.

Pambığın yetişdirilməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqinin qaçılmaz olduğunu deyən kənd təsərrüfatı naziri İnam Kərimov burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşdüyünü vurğulayıb.

“Özəl şirkətlərin və fermerlərin həm yığımda, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verə bilər”.

Qeyd edək ki, aqrokimyəvi preparatların idxalına,tətbiqinə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir. İyul ayının 1-dən isə nəzarət Qida təhlükəsizliyi Agentliyinə keçəcək.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli artıq İmişlidə pambıq tarlasında tətbiq olunan preparatlardan, tarladan, torpaq və bitkilərdən ekspertiza nümunələri götürüldüyünü deyib:

“Cavablar hazır olandan sonra Respublika Prokurorluğundan açıqlama veriləcək. Bu preparatlardan zəhərlənmə üç halda mümkündür. Ya idxal prosesi zamanı idxalçı şirkətin gətirdiyi preparatın tərkibindəki aktiv maddə resepturaya uyğun olmur, ya həmin vasitələrə kənar qatqı olur, ya da həmin preparatların tətbiqi zamanı müvafiq təlimata uyğun davranılmır. Hazırda hansı səbəbin əsas olması barədə demək tezdir. Müvafiq araşdırmadan sonra dəqiq söz demək mümkün olacaq”.

Sədr problemlərin aradan qaldırılması üçün bu sahədə bir neçə qurumun birgə nəzarətinin vacib şərt olduğunu bildirib:

“Hər hansı aqrokimyəvi preparata bir qurum nəzarət edib, rəy verə bilməz. Ona görə də preparatın əhaliyə zərərli olub-olmamasına Səhiyyə Nazirliyi, ətraf mühitə təsiri, onun hava və su ilə yayılmasının mümkün olması barədə Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövləqadə Hallar və Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri də preparatlardan istifadəyə rəy verməlidir. Bu məsələdə dövlət nəzarəti kifayətə qədər sərtləşdiriləcək. İyulun birindən fitosanitar xidməti Kənd Təsərrüfatı Nazirliyi, bu işə, eləcə də preparatların idxalına nəzarəti Qida Təhlükəziliyi Agentliyi həyata keçicərək. Birgə fəaliyyət xoşagəlməz hallar aradan qaldırılacaq”.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov hazırda sözügedən məsələ ilə bağlı araşdırmaların davam etdiyi bildirib.

Hazırda aqrokimyəvi preparatlar və herbisidlərin idxalına nəzarət edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov Publika.az-a açıqlamasında məsələdə qaranlıq qalan məqamların olduğunu deyib:

“Zəhərlənmə baş verən tarlalarda istifadə edilən aqrokimyəvi preparatları istehsal edən "Hektaş Ticaret T.A.Ş." Şirkəti ilə illərdir əməkdaşlıq edirik. Dünən bütün firmanın rəhbərliyi, laboratoriya əməkdaşları prokurorluqda olublar. Biz də həmin görüşdə olmuşuq. Vətəndaşların bizə təqdim etdiyi preparatlarla, firmanın təqdim etdiyi preparatlar arasında heç bir fərq yoxdur. Preparatlar toksikiliyinə görə üçüncü, dördüncü sinfə aiddir. Yəni, yüksək toksiki preparatlar deyil. Onlar insan səhhəti üçün o qədər də təhlükəli hesab edilmir. Bu dərmanlardan zəhərlənmə ehtimalı yoxdur. Səhiyyə Nazirliyinin laboratoriya nəticələri isə başqadır. Biz kimyəvi zəhərlənmə olduğunu inkar etmirik. Lakin zəhərlənmənin hansı toksiki maddədən olması aydınlaşmalıdır. İllərdir bu işlə məşğulam və nəticələr mənim üçün də maraqlıdır. Hazırda istintaqın nəticəsini gözləyirik. 23 ildən çoxdur ki, təsərrüfat sahələrində məhz bu firmanın dərmanlarından istifadə edirik. 30 ildən çoxdur bu sahədəyəm, belə hadisənin şahidi olmamışam. Bizim üçün də nə baş verməsi maraqlıdır”.

Y.Məmmədov onu da vurğulayıb ki, Tərtər, Saatlıda zəhərlənmə baş verən təsərrüfat sahələrində istifadə olunan herbisidlərdən illərdir ki, faydalanılır:

“Həmin preparataın 25 anoloqu ölkəmizdə istifadə edilir. Hər il tarlalarda zərərvericilərə qarşı onu vururuq, nə üçün heç zaman baş verməyib? Bəlkə, fermerlər başqa dərman vurublar, ya da başqa məqam ola bilər. Çünki dünya praktikasında bu dərmanlardan kütləvi zəhərlənmə halı qeydə alınmayıb. Biz təsərrüfat sahələrində istədiyimiz zaman nəzarət edə bilmirik. Nazirlik həmin preparatları elmi tədqiqat institutularında yoxlayır, bütün göstəricilərini araşdırıb istifadəyə razılıq verir. Bundan sonra sahibkara həmin məhsulu satmaq icazəsi verir. Sahibkarlar da müvafiq sənədləri firmaya təqdim edərək, məhsulu alıb satışını həyata keçirir. Məhsulun satışı və istifadəyə şirkət cavabdehdir. Əvvəl ölkəmizdə bu preparatların satışı ilə məşğul olanlara lisenziya verilirdi. Onların bu sahə üzrə biliklərinin olması tələb edilirdi. Artıq bu xidmət ləğv edilib. Xarici ölkədə bu preparatların istifadəsinə də lisenziya tələb olunur. Bağlarındakı bitkilərə bu dərmanı vurmaq istəyən şəxsin ondan istifadə qaydası ilə bağlı lisenziyası olmlıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm