Dinimizdə insanın özünə və digərlərinə qarşı zorakılığı birmənalı olaraq qadağan edilir - Aşura AÇIQLAMASI
Bizi izləyin

Sosial

Dinimizdə insanın özünə və digərlərinə qarşı zorakılığı birmənalı olaraq qadağan edilir - Aşura AÇIQLAMASI

"Bu gün Qafqaz Müsəlmanları İdarəsində bu məsələ ilə bağlı tədbir keçirildi və həmin qurumun fətvası bütün din xadimlərinə çatdırıldı".

Bu sözləri Publika.az-a Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, ilk növbədə din xadimləri insanları bu fətva ilə tanış etməlidirlər:

"Fətvada bildirilir ki, dinimizdə insanın özünə və digərlərinə qarşı zorakılığı birmənalı olaraq qadağan edilir. Aşura gününə gəldikdə isə bir məqama xüsusi diqqət yetirilməsini istərdim. Aşura günü İmam Hüseyn (s) və tərfdarları zorakılığa məruz qalıb. Aşuradan istifadə edərək mahiyyətini dərk etmədən zorakılığı təbliğ etmək kökündən yanlışdır. Bu o günün əsas mahiyyətinə kölgə salır. Buna yol verməmək üçün yaxşı olar ki, məscidlərdə çıxışlar zamanı bu fikirlər təkrar-təkrar səsləndirilsin. Qan çıxarmaq istəyən əzadaralar isə qanvermə aksiyalarına qoşularaq öz qanını xəstə uşaqlara, ehtiyacı olan şəxslərə verərək savab qazana bilər. Çünki Aşura günü paylaşmaq fədakarlıq deməkdir. Ənənəmiz var ki, tarixən xalqımız Aşura günü ehsan süfrələri açır, imkansız şəxslərə kömək edir, dünyasını dəyişmiş şəxslərin məzarları ziyarət edilir. Bu gün də bu ənənələr davam etdirilməlidir. İmam Hüseyn (s) şəxsiyyəti, Kərbəla hadisəsinin mahiyyəti əgər insanlara düzgün çatdırılarsa, bu kimi xurafat, cahil əməllərə yol verənlərin sayı azalar. Yəni, son illərə nəzər salsaq, görərik ki, bu kimi hərəkətlərə yol verənlərin sayında azalma var. Adətən bu kimi əməlləri edən şəxslərin əksəriyyəti din ilə yaxından-uzaqdan əlaqəsi olmayan şəxslərdi. Onlar din adından istifadə edərək yanlış addımları, yanlış düşüncələri təbliğ etməyə cəhd edirlər. Dinimiz şiddəti, qan çıxarmağı haram buyurur. Bu şəriət nöqteyi-nəzərindən də haramdı. Bundan başqa məscidlərdə Aşura günü şəhidlik barədə düzgün məlumat verilməlidir. Şəhidlik fanatizm deyil, məqsədsiz ölüm deyil. Şəhidlik yüksək amallar uğrunda, vətən, torpaq, ilahi dəyərlər uğrunda könüllü şəkildə insanın öz canından keçməsidir. İslamda şəhidlik bir məqsəd olaraq qiymətləndirilmir. Şəhidlik məqsədə çatmaq uğrunda bir vasitə kimi qiymətləndirilməlidir. İslam insanları mənasız ölümə dəvət etmir. Bu gün Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır. Yaxşı olardı ki, Kərbəla hadisədinin əsas mahiyyəti gənclərə məhz bu yoldan izah edilsin”.

Hacı Şahin məscidlərə azyaşlı uşaqların gətirlməsinin münasib olmadığını deyib:

“İnsanlarımıza tövsiyyə edilir ki, körpə, azyaşlı uşaqları məscidlərə gətirməsinlər. Qafqaz Müsəlmanlar İdarəsinin fətvasında bu da qeyd edilib. Lakin bu sadəcə tövsiyədir. İnsanlara qadağa qoyula bilməz. Ümumilikdə Məhərrəmlik ayı, Aşura ilə bağlı keçiriləcək tədbirlərin mahiyyəti önəmlidir. Mahiyyətcə bu tədbirlər elə təşkil edilməlidir ki, insanlar oradan dərs alsın, örnək götürsün. İnsanları mütərəqqi dəyərlərə dəvət etmək lazımdır. Kərbəla hadisəsinin mahiyyəti hər zaman özünü qoruyub saxlayacaq. Çünki bu bir fədakarlıq aktıdır. Hər ailədə bu hadisələr uşaqlara təbliğ olunmalıdır. Çalışmaq lazımdır ki, keçirilən tədbirlər xurafata meyilləndirib insanlarda ikrah hissi yaratmasın, əksinə, insanları yüksək əhval-ruhiyyəyə kökləsin”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm