Sosial
Azərbaycan rəssamlarının əsərlərinin ilk Respublika satış-sərgisi açıldı - FOTO
İyunun 14-də "Baku Cristall Hall"da Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının əsərlərinin Respublika satış-sərgisinin açılış mərasimi keçirildi.
Publika.az xəbər verir ki, ölkəmizdə ilk dəfə təsviri sənət əsərlərinin belə geniş miqyaslı satış-sərgisinin təşkilinin ideya müəllifi dünya şöhrətli sənətkarımız, SSRİ Xalq rəssamı Tahir Salahovdur. Bu il martın 1-də dövlətim başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tanınmış mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə milli təsviri sənət məktəbinin ağsaqqalı Tahir Salahov ölkə miqyaslı belə bir sərginin keçirilməsini təklif etmişdi. Göründüyü kimi, həmin tarixi görüşdə doğulan ideyanın həyata keçirilməsi üçün o qədər də böyük vaxt gərək olmadı. Təşkilatçıların səyi nəticəsində qısa müddətdə ən müxtəlif cərəyan və üslubları əhatə edən sərgi gerçəkləşdi.
Satış-sərgi üçün belə geniş məkanın seçilməsi də təsadüfi deyil. Sərgidə 250 nəfərdən çox təsviri sənət ustasının 350-dən artıq rəsm əsəri, kiçik ölçülü heykəltəraşlıq nümunələri nümayiş etdirilir və alıcılara təklif edilir.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev toplaşanları qarşıdan gələn bayram, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edərək dedi ki, belə böyük bir sərginin açılışının məhz bu ərəfəyə təsadüf etməsi məntiqə uyğundur: "Ulu öndər Heydər Əliyev daim Azərbaycan rəssamlarının yaradıcılığına xüsusi həssaslıqla yanaşardı. Heydər Əliyevin qayğısı nəticəsində rəssamlarımızın adları nəinki respublika daxilində, bütün SSRİ məkanında, hətta dünya miqyasında tanınırdı. Bugünkü sərgi isə öz mahiyyətinə görə bir qədər fərqlidir. İlk dəfədir ki, biz dövlət səviyyəsində satış sərgisi təşkil etmişik. Sərgi Bakı sakinlərinə, paytaxtımızın qonaqlarına şərait yaradır ki, zövqlərini oxşayan əsərləri öz evləri, ofisləri üçün əldə etsinlər. Diqqətəlayiq haldır ki, burada sərgilənən əsərlərin 90 faizi ilk dəfə nümayiş olunur və Azərbaycan rəssamlarının yaradıcılıq axtarışında olduqlarını, yorulmadan çalışdıqlarını sübut edir”.
Nazir çıxışının sonunda sərgi iştirakçılarına uğurlar arzuladı və layihənin yeni formalaşan kreativ sənayenin inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi: “Dövlət tərəfindən rəssamlarımız üçün bu cür imkanların yaradılması ölkəmizdə yaradıcılıq industriyasının möhkəmlənməsinə və inkişafına kömək edəcək. Arzu edirəm ki, bizim vətəndaşlarımız öz evlərində rəssamlıq nümunələrinin olmasına vərdiş etsinlər".
Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək qısa müddətdə belə böyük sərginin hazırlanıb açılması üçün böyük zəhmət çəkmiş Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşlarına minnətdarlığını bildirdi. Yaradıcılıq qurumunun rəhbəri əsərləri sərgilənən rəssamlara uğurlar dilədi və gələcəkdə bu sərginin beynəlxalq miqyas qazanmasını arzuladı: "Əgər ilk sərgi belə yüksək səviyyədə təşkil olunubsa, deməli, növbəti sərgilərin dünyanın məşhur rəsm əsərləri satış festivalları kimi tanınacağına ümid edə bilərik".
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov dövlət başçısının görkəmli sənət adamları ilə görüşündə Tahir Salahovun irəli sürdüyü ideyanın həyata keçirilməsində icraçı olduqlarını vurğulayaraq söylədi ki, satış sərgi iyul ayının 2-dək hər gün 12.00-dan 20.00-dək ziyarətçilər və alıcılar üçün açıq olacaq.
***
Açılışına hələlik potensial alıcılardan daha çox sənət adamlarının və mətbuat nümayəndələrinin toplaşdığı Azərbaycan rəssamlarının əsərlərinin ilk satış-sərgisi tamaşaçıda xoş hisslər doğururdu. Paytaxtın ən böyük konsert məkanının özü kimi geniş mətbuat mərkəzində keçirilən bu sərgini çağdaş Azərbaycan rəssamlığının güzgüsü də hesab etmək olar.
Divarlardan asılmış istənilən sənət zövqünə cavab verəcək – klassik Avropa tərzli, milli miniatür sənətimizdən qaynaqlanan, Səttar Bəhlulzadə, Modilyani fırçasından, məşhur əsərlərdən ilhamlanaraq yaradılmış, hətta 3D texnologiyasına meyllənərək qabarıq yaxıdan istifadə olunmuş, abstraksionizm, kubizm cərəyanlarının tələblərinə cavab verən lövhələr, tarixi, batal və mənzərə janrlarında çəkilmiş, tanınmış şəxsiyyət və adi insan portretləri, natürmortlar, Azərbaycanın müxtəlif guşələrini əks etdirən mənzərələr, foyedə postamentlər üzərində qoyulmuş keramik, taxta, bürünc və digər materiallardan düzəldilmiş kiçik həcmli fiqurlar öz sahibini gözləyirdi. Sərgidə əsərləri nümayiş etdirilən rəssamların ən yaşlısı 1928-ci il təvəllüdlü Tahir Salahov və Tofiq Ağababayev, ən gənci isə 1996-cı ildə doğulmuş Elçin Hüseyn olsa da, müəlliflərin böyük əksəriyyəti orta yaş həddindədir. Satış-sərgiyə çıxarılan ən baha əsərlər isə Tahir Salahovun fırçasının məhsulu olan 2 mənzərə-natürmort – "Parlaq səhər. Nardaran" adlı iki 225x150 sm ölçülü tablodur ki, hər birinin qiyməti 400 000 ABŞ dolları müəyyən edilib. Ümumilikdə isə sərgidə ən müxtəlif qiymətlərə əsərlər təqdim olunur. Arzu edirik ki, ilk sərgi insanlara yüksək sənət zövqü bəxş etməklə bərabər, ölkəmizdə yaradıcılıq industriyasının inkişafına öz töhfəsini versin.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi