Xocalıda qətlə yetirilənlərin tanınmaz halda olan cəsədlərini yuyan din xadimi - FOTO
Bizi izləyin

Sosial

Xocalıda qətlə yetirilənlərin tanınmaz halda olan cəsədlərini yuyan din xadimi - FOTO

"28 ildir hər bir yetkin ağdamlının yaxından tanıdığı, hörmət bəslədiyi, üzərində haqqı olduğunu qəbul etdiyi Hacı Barat Bağırov bu gün haqqın dərgahına qovuşdu. 1978-ci ildən (42 il) Ağdamın Cümə məscidinin axundu olsa da onu 1992-93-cü illərin qanlı döyüşlərindən sonra hamılıqla daha yaxından tanıdıq".

Publika.az xəbər verir ki, bu sözləri Ağdamdan olan tanınmış ekspert Nəsimi Məmmədli deyib. O həmin illəri belə xatırlayır:

"Çox dəhşətli illər idi. Hər gün şəhid olan bir neçə say-seçmə oğullarımızın meyidini məsciddə yuyan, dəfnə hazırlayan bu insan idi. Xocalıda amansızlıqla qətlə yetirilən soydaşlarımızın tanınmaz halda olan cəsədlərini yuyan, onları dini qaydada dəfn edən bu insana bir ömür boyu minnətdarlıq borcumuz var.
Bu insan 1870-ci illərdə Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən Ağdam şəhərində tikilən Cümə məscidinin indi olmayan qapılarının açarlarını ömrünün son gününə kimi (27 il) özündə saxladı. Ağdamın işğaldan azad edildiyini görmək, məscidinə dönmək, məscidin qapısını açmaq, yenidən orda namaz qılmaq arzusu var idi. Ömrünün son günlərində Ağdamın azad olunduğunu bildiyi üçün bu dünyadan rahat köçdü.
Şəxsən mən Barat kişini yaxından tanımırdım. Onun barəsində keçən il, iyul ayında bir yazı yazmışdım. Kimsə ona bu statusu oxumuşdu. Həmkəndlilərimdən birinə mənimlə yaxından tanış olmaq istədiyini demişdi. Bu ilin mart ayında görüşdük, tanış olduq, xeyli söhbət etdik, maraqlı xatirələrini danışdı. Barat kişi ağdamlı deyildi. Masallıda doğulmuşdu, talışları Qarabağda onun timsalında tanıyıb, sevmişdik.
Böyük ürəkli Hacı Barat kişiyə Allahdan rəhmət diləyirəm. Onu dərin hörmətlə və rəhmətlə xatırlayacağıq. Adı çəkiləndə gözlərimizin önündə Xocalı müsibəti, şəhidlərimiz təkrar canlanacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm