O torpaqlara bu şəkildə getmək YOLVERİLMƏZDİR - Seyid Camal Əzimbəylidən ÇAĞIRIŞ
Bizi izləyin

Sosial

O torpaqlara bu şəkildə getmək YOLVERİLMƏZDİR - Seyid Camal Əzimbəylidən ÇAĞIRIŞ

“Qarabağ torpaqlarının Qarabağın fatehi, Ali Baş Komandan, müzəffər sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunması xalqın hər bir nümayəndəsinin sevincinə səbəb oldu və hər kəs də Qarabağ torpaqlarına qayıdışı böyük həsrətlə gözləyir. Amma bu ərəfədə bəzən bizi üzən hadisələrlə rastlaşmağımız isə demək olar ki, qəlbimizə, ruhumuza bir kinlik gətirir. Biz mətbuat və sosial şəbəkələrdə rastlaşırıq ki, şəhid qanları ilə gübrələnmiş, hələ orada bu qanların qurumadığı bir vəziyyətdə, o torpaqların azad edilməsi uğrunda canını fəda edən Ordumuzun bəzi aslanlarının mübarək nəşlərini doğmaları göz yaşları içərisində gözlədiyi bir vaxtda bəzi şəxslər o bölgəyə sərxoş vəziyyətdə gedirlər”.

Bu fikirləri Publika.az-a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

O bildirib ki, məmur və ya o bölgənin sadə sakini olmasından asılı olmayaraq bütün bunlar Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda və bütün dünyada öz gücünü göstərən Azərbaycan Ordusunun zəhmətinə, bəhrəsinə, şücaətinə, eləcə də Ordumuzun tərkibində canı, qanı ilə tarix yazan, şəhadət şərbətini dadıb şəhid olan şəhidlərimizin ruhuna qarşı təhqirdir, həqarətdir: “Biz hər gün şəhid ailələrini ziyarət edirik, bunu qrafikə salmışıq. Ötən gün də ailəmlə bərabər üç şəhid doğmasının evində ziyarətdə olduq. Onlar özləri belə hallardan çox üzüldüklərini, hiddətləndiklərini bildirdilər və dedilər ki, bunun üçünmü bizim övladlarımız qanlarını, canlarını fəda etdilər?! Hiddətlə, nifrətlə bu əməli qınayıram və istəyirəm ki, bu məsələni müəllifi və aparıcısı olduğum “İnam” verilişində də gündəmə gətirim. Bu, müqəddəs ruhlara qarşı, şəhid ruhlarına qarşı təhqirdir. Çünki hələ o bölgədə bizim şəhidlərimiz qanı yeni gübrəyə çevrilməkdədir. Orada hələ də tapılmayan mübarək şəhidlərimizin nəşləri var ki, onların axtarılması prosesi davam edir. Ona görə də bu cür hallara yol verən məmurları, sadə vətəndaşları hiddət və nifrətlə qınayıram”.

S.Camal Əzimbəylinin sözlərinə görə, bir vaxtlar Şuşada İsa bulağında, Laçının, Kəlbəcərin bumbuz dağlarında şükür etmək əvəzinə badələr qaldıran, Allahı unudanlar, onların əksəriyyətinin övladları bir gün yenidən Allahı çağıraraq Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda o töhməti üzərimizdən götürdülər: “Həmin şəxslər o tarixi təkrarlatmasınlar. Çünki Ali Baş Komandanın rəhbərliyi ilə bu nizam, nizamlı Ordunun zəfəri bütün dünyaya bəyandır. Buradakı müsəlman olmayan ölkələrdən birinin diplomatı mənlə görüşəndə dedi ki, Seyid Camal bəy, siz həqiqətən də bəxtəvər xalqsınız ki, sizin bu cür qəhrəmanlarınız, Vətəni, torpağı üçün 30 il sonra canını fəda edənləriniz və alicənab, qorxmaz Ali Baş Komandanınız var. Əgər yadlar bizi bu cür qiymətləndirirsə, lakin biz özümüzə bu qiyməti vermiriksə, məncə bu, birmənalı olaraq Allahın qəzəbinə gələ bilər. Mən dini və milli kimlik şüurunun daşıyıcısı olaraq deyə bilərəm ki, bu, Allahın qəzəbinə gələ biləcək haldır. Həmin şəxsləri hiddətlə qınayıb, onları durmağa səsləyirəm. Əks halda bunun acı fəsadları ilə rastlaşa bilərik.

O şəxslər unutmasınlar ki, Ali Baş Komandanın 44 günlük Vətən savaşında söylədiyi kimi və bu gün də söyləyir ki, Qarabağda zəfərə təkcə hərbi texnikanın gücü ilə nail olmayıb, bu həm də Azərbaycan xalqının, döyüşçüsünün mənəvi ruhu ilə olub. Mənəvi dəyərlərimizin təəssübkeşi də elə Prezident İlham Əliyevdir. Dövlət başçısının bu cür məsələlərə ən sərt formada münasibəti də ortadadır. Hər kəsə gördü ki, cənab Prezident xanımı ilə birgə o toz basmış torpaqlara "Qurani Kərim"lə getdi, o müqqəddəs torpaqları, məscidləri ziyarət etdi. Belə olan halda məmurları cənab Prezidentdən nümunə götürməyə çağırıram”.

Qeyd edək ki, Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb. V.Həsənovun doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilən videosunun təqdimatında icra başçısının içkili olduğu iddia edilir. Buna görə də Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm