AQTA Rusiyanın göndərdiyi bildirişləri araşdırdı
Bizi izləyin

Sosial

AQTA Rusiyanın göndərdiyi bildirişləri araşdırdı

Azərbaycandan Rusiya Federasiyasına pomidor ixracı zamanı 2 təsərrüfata məxsus 5 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu, digər 2 təsərrüfata məxsus 2 məhsul partiyasında isə pepino mozaik virusunun aşkarlanması ilə bağlı Rusiyanın müvafiq qurumu tərəfindən daxil olan bildiriş əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilib. Aparılan araşdırmalar zamanı daxil olan notifikasiyalarda adı qeyd olunan təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb.

Publika.az-a AQTA-dan verilən məlumata görə, Azərbaycandan Rusiyaya ixrac olunan məhsullarda aşkar olunan uyğunsuzluqlara dair bildirişlərin vaxtında göndərilməməsi, həmçinin pomidor mövsümünün başa çatması və ixrac olunan məhsul partiyalarının məhv edilməsi ilə əlaqədar olaraq, pomidor məhsullarından laborator analizlər üçün nümunə götürmək mümkün olmayıb. Müəssisələrdə bitki qalıqları zərərsizləşdirilib, dezinfeksiya işləri aparılıb, giriş-çıxış məhdudlaşdırılıb və ərazidə məlumat lövhələri yerləşdirilib. Qeyd edək ki, bildirişlərin daxil olmasından öncə Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində pomidor meyvələrinin qonur qırışıqlıq və pepino mozaik virusları aşkar olunmayıb.

Buna baxmayaraq, Agentlik tərəfindən ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür:

  • ölkəyə virusun daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan toxum materialları pepino mozaik virusu və pomidoir meyvələrinin qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilir;
  • Agentlik tərəfindən 23 ölkənin Milli Bitki Mühafizəsi təşkilatlarına pomidor toxumlarının və şitillərinin idxalı üzrə ixrac üçün fitosanitar sertifikatın əlavə deklarasiyasında məhsulun pomidor meyvələrinin qonur qırışıqlıq və pepino mozaik virusları üzrə müayinə edilməsi və faktiki olaraq, bu viruslardan azad olmasını təsdiq edən laborator sınaq nəticələrinin əks olunduğu protokolun fitosanitar sertifikatı ilə müşayiət olunmasına dair məktublar ünvanlanıb;
  • təsərrüfatlarda pepino mozaik və pomidor meyvələrinin qonur qırışıqlıq virusuna görə monitorinqləri aparılır və nümunələr götürülərək laborator müayinələrə cəlb edilir;
  • Pomidor və bibər istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə virus xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin müvafiq dezinfeksiya işlərinin icrası ilə bağlı metodiki göstərişlər verilib;
  • ixrac zamanı hər beş nəqliyyat vasitəsindən bir nümunə götürülərək hər iki virusa görə müayinə edilməsi qaydası müəyyənləşdirilib.

Agentlik tərəfindən bildiriş daxil olan təsərrüfatda bitki mühafizə tədbirlərinin görülməsi və bu barədə AQTA-ya məlumat verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlanıb.

AQTA bir daha ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini bütün zəruri metodiki göstərişlərə əməl etməyə çağırır. Belə ki, sahibkarlar yalnız virusdan azad olan və müvafiq müayinələrdən keçmiş əkin-səpin materiallarından istifadə etməli, sahələr əkinqabağı dezinfeksiya edilməli, təsərrüfatda istifadə edilən alət və avadanlıqlar müvafiq metodikaya uyğun dezinfeksiya olunmalıdır. Həmçinin istixanalara giriş-çıxış məhdudlaşdırılmalı, utilizasiya qaydalarına düzgün riayət edilməli və ixrac olunan yük partiyaları mütləq şəkildə virusoloji analizlərə cəlb olunmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm