• USD 1,7000 0,00% EUR 1,9195 +0,03%
    • GBP 2,2543 -0,20% RUB 0,0230 +0,43%

Erməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm... FOTO/VİDEO

  • Sosial
  • 17 Oktyabr 2021 09:48
  • 620 Baxış
Erməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm... FOTO/VİDEO

Keçən ilin 17 oktyabrı... Gəncə şəhərinin növbəti dəfə ballistik raketlərlə atəşə tutulduğu gün. Qulaq batıran partlayış səsindən sonra dağılan yaşayış yerlərindən hər tərəfə toz-duman yayılır. Dağılmış evlərin birindən “Ana, ata haradasınız” deyə qışqıran 4 yaşlı Xədicənin səsi gəlir. Hər tərəfi insan iniltisi, ah-naləsi bürüyüb. Kimisi anasını, atasını, qardaşını, kimisi də oğlunu, nəvəsini, həyat yoldaşını səsləyir...

Publika.az xəbər verir ki, AZƏRTAC-ın əməkdaşları 2020-ci il oktyabrın 17-də Gəncənin raket atəşinə tutulması nəticəsində hər iki valideynini itirən balaca Xədicə ilə görüşüb.

2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə, mülki əhalinin sıx yaşadığı məhəlləyə - Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə SCUD/Elbrus ballistik raketi ilə hücum edib. Nəticədə 15 dinc sakin həlak olub, 55-dən çox insan yaralanıb.

Erməni terrorunun qurbanları arasında Şahnazarovlar ailəsi də var. Ailənin yeganə yadigarı isə 4 yaşlı, hələ baş verənləri dərk etməyən balaca Xədicədir. Ermənilərin dinc əhalini hədəf alan raket hücumları zamanı atası Röyal Şahnazarovu, anası Züleyxa Şahnazarovanı və kiçik bacısı Mədinə Şahnazarovanı itirib.

Balaca Xədicə indi Samuxda ana nənəsi Sevinc Ağayeva və babası Nizami Ağayevin himayəsindədir. Övladlarının təsəllisini nəvələrində tapan valideynlər onun nazı ilə oynayır, bütün arzularını yerinə yetirməyə çalışırlar.

“Gecə saatları idi, özümü narahat hiss edirdim. Elə bilirdim nəyisə itirəcəyəm, sanki ürəyimə dammışdı. Elə o gecə bu dəhşətli hadisə yaşandı. Züleyxamızı, balaca körpəmizi, kürəkənimizi itirdik. Allah ermənilərə nəhlət eləsin. Bundan artıq nə deyə bilərəm...” - deyən Xədicənin nənəsinin gözləri dolur.

Sevinc nənə deyir ki, hadisədən sonra Xədicənin gözləri 3 gün görməyib. Sonra möcüzə nəticəsində gözləri açılıb. Gözünü açanda isə ilk sözü “Anamı istəyirəm” olub...

Babası da Xədicənin qayğısına qalır, onun nazı ilə oynayır. Xədicə də babasını çox istəyir. Nizami Ağayev övladının yoxluğunda nəvəsi ilə təskinlik tapmağa çalışır. O, Gəncədə erməni terrorunu xatırlayarkən kövrəlir, dəhşətli günləri unuda bilmir. Nəvəsinin oxuyub, ölkəsinə, xalqına layiqli vətəndaş olması onun ən böyük arzusudur: “Hadisənin üstündən 1 il ötür, amma mənə elə gəlir ki, 1 gün keçib. Dinc sakinlərin, yaş yarımlıq uşağın nə günahı var idi ki? Mənim qızım, kürəkənim, bir də nəvəm oktyabrın 17-si Gəncəyə atılan raket zərbəsi nəticəsində öldülər. Nəvəmi dövlət bizə əmanət edib. Biz də çalışırıq ki, böyüdək, oxudaq, təhsil alsın, Azərbaycana, öz valideynlərinə layiqli övlad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Erməni xisləti, erməni terroru taleyinə bir dəfəlik həkk olunan 4 yaşlı Xədicə dövlətin qayğı və diqqəti ilə tam əhatə olunub. Nənəsi və babasının arzusu isə övladlarının yadigarının sağlam boya-başa çatdırmaqdır.

Ermənistan silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saatlarında növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını da hədəfə alıb, cəbhə zonasından 100 kilometrdən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR