Xəzər Media Mərkəzi ilə ADMİU arasında memorandum imzalandı
Bizi izləyin

Sosial

Xəzər Media Mərkəzi ilə ADMİU arasında memorandum imzalandı

Xəzər Media Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında memorandum imzalanıb.

Memorandumu Xəzər Media Mərkəzinin Baş direktoru, Azərbaycanın Xalq artisti Murad Dadaşov və ADMİU-nun rektoru, professor Ceyran Mahmudova imzalayıb.

Memorandumun məqsədi ADMİU və Xəzər Media Mərkəzi arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə uyğun şəkildə ADMİU-nun müəllim və tələbələri arasında elmi-praktik məlumatların artırılmasını təmin etmək, rejissorluq, operator, bədii yaradıcılıq, dizayn, təsviri sənət və digər sahələrdə təhsil alan gənclərin bilik və bacarıqlarının davamlı inkişaf etdirmək üçün layihələrin birgə icrası, onların müvafiq sahələr üzrə istehsalat təcrübələrinin təşkil edilməsidir.

Xəzər Media Mərkəzinin əməkdaşlarının ixtisas və biliklərinin daha da artırılması üçün tərəflər arasında əməkdaşlığın qurulması, ADMİU tərəfindən irəli sürülən və ictimai əhəmiyyət kəsb edən təşəbbüslərə media dəstəyinin göstərilməsi, ümumi maraq doğuran digər tədbirlərin həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.

Görüşdə ADMİU tərəfindən hazırlanmış filmlər nümayiş olunub. “Öncə Vətən” adlı 24 dəqiqəlik sənədli film şəhid Fəqan Məmmədova həsr olunub. Filmin rejissoru Aleksandr Hacıyevskidir. Daha sonra rejissor Suada Quliyevanın hazırladığı 3 dəqiqəlik qısa film göstərilib, bu film Bakıda keçmiş “Sovetski” adlanan məhəllələrdən bəhs edir. “Ana” adlı qisametrajlı bədii filmin mövzusu ananın fədakarlığı, övladına olan qayğısı barədədir. Rejissor Güllü İsmayilzadə tərəfindən çəkilmiş bu film 8 dəqiqəlikdir. Əməkdar rəssam Vüqar Əlinin həyat və yaradıcılığından bəhs edən “Sənətə aparan addımlar” adlı 9 dəqiqə 31 saniyəlik sənədli filmin müəllifi operator Mirəli Əliyevdir.

Görüşün sonunda Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov memorandumun əhəmiyyəti barədə fikirlərini də bölüşüb: “Xəzər Media Mərkəzinin inkişaf proqramı daxili imkanlar hesabına genişlənməlidir, biz mütəxəssis yetişdirməliyik. Bəyənmədiyimiz və sevmədiyimiz televiziyanı qəflətən, bir günün içində dəyişə bilmərik. Əlbəttə, burada mütəxəssislərə ehtiyac var, akademik təhsil almış insanlar üçün geniş imkanlar yaratmalıyıq. Burada söhbət təkcə aparıcılardan, aktyorlardan getmir. Çox vacib məsələlərdən biri - televiziyanın vizual tərtibatıdır, nitq mədəniyyətini dilin xüsusiyyətlərinə uyğun olaraq çatdırmaqdır, burada ssenaristlərə, aktyorlara, redaktorlara ehtiyac var. Artıq bu gündən etibarən biz universitetin rəhbərliyi ilə bir neçə işçi qrupu yaratmışıq, dəyərli mütəxəssislərimiz kanalımıza dəvət olunacaq və Xəzər Media Mərkəzində birgə fəaliyyətə başlayacaqlar. Bir xüsusi vurğuladığım məsələ də odur ki, biz faktiki olaraq bu sənəd vasitəsilə tələbələrimizi konkret olaraq işlə təmin etməyə hazır olduğumuzu bildirmişik”.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Xəzər Media Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın fayda verəcəyinə əminliyini ifadə edib: "Çox şadam ki, bu gün ADMİU ilə Xəzər Media Mərkəzi arasında vacib bir memorandum imzalandı. Məlum olduğu kimi, bizim universitet 100 ilə yaxındır ki, Azərbaycan incəsənəti üçün müxtəlif sahələr üzrə kadrlar hazırlayır. Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşovun qarşılıqlı işlər görmək niyyəti bizi çox sevindirdi. Biz hər zaman əməkdaşlıq üçün açıq və hazırıq. Bu əməkdaşlığın tələbələrimiz üçün geniş imkanlar açacağına inanıram. Çünki televiziya, radio, mediada işləmək hər bir incəsənət üzrə təhsil alan tələbənin arzusudur. Ümid edirəm ki, bu memorandumun imzalanması da bizim tələbələr üçün belə imkanlar açacaq. Bu fürsət üçün Xəzər Media Mərkəzinin rəhbərliyinə təşəkkür edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm