Sosial
Azərbaycanda cərrahlar yoxa çıxır: Dəhşətli səbəbləri bəllidir
Azərbaycanda cərrah kimi fəaliyyət göstərən həkimlərin sayının son 10 il üzrə vəziyyəti ilə bağlı məlumat vermişdik. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu illər ərzində cərrahların sayında azalma qeydə alınıb. Belə ki, 2013-cü ildə 3868 nəfər olan bu rəqəm 2023-cü ildə 3377 nəfər təşkil edib. Son on ildə Azərbaycan Respublikasının əhalisinin sayında artım olduğunu nəzərə alsaq, cərrahların sayı əhalinin sayına görə yetərli deyil.
Bəs bunun səbəbləri nələrdir?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən ümumi cərrah Rəşad Əkbərli ölkədə cərrahların sayındakı azalmanın üç səbəbini izah edib.
Onun sözlərinə görə, birinci səbəb cərrahi profilə sahib şəxslərin başqa ölkələrə köç etməsidir:
“Bu ölkələrə əsasən Türkiyə Cümhuriyyəti və Almanya Resbublikası aiddir. Yerli həkimlər təhsillərini başa vurduqdan sonra işləmək üçün ölkəmizi yox, əsasən bu ölkələri seçirlər. Eyni zamanda birbaşa təhsilini xaricdə alıb orada qalıb işləmək halları da son zamanlarda çoxalıb. Xaricdə təhsil aldıqdan sonra karyerasını ölkəmizdə davam etmək istəyən cərrahların sayı demək olar ki, yox səviyyəsindədir. Həkimlər istər baza tibbi təhsili, istər rezidentura, yəni uzmanlıq, istərsə də işləmək üçün xaricə köç edirlər.
İkincisi səbəb isə cərrahi ixtisasın çox riskli, əziyyətli və stressli bir sahə olmasıdır. Bu səbəbdən son illər bu riskin altına girməmək üçün həmin ixtisası seçənlərin sayı azalır”.
Həkim bildirir ki, üçüncü səbəb ölkədə cərrahlar üçün stimullaşdırıcı faktorların yetərli səviyyədə olmamasıdır:
“Cərrahlar üçün maddi qazanc son illər elə də yüksək səviyyədə deyil. İcbari tibbi sığortaya keçidlə əlaqədar olaraq həkimlərə verilən əlavə bonuslar da onları qane etmir. Buna görə də onlar məcburdur ki, həmin ixtisası yox, digər ixtisasları seçsinlər.
Məsələn, 2000-2010-cu illərə nəzər salaq. Həmin illər özəl klinikaların daha çox cərrahiyə üzrə mərkəzləşdiyi dövrlər idi. Həkimlər müəyyən cərrahi fəaliyyətləri ilə daha çox məşğul olaraq qane edəcək şəkildə gəlir əldə edə bilirdilər. Bu da onlara stimul verirdi. İcbari tibbi sığortaya keçiddən sonra isə cərrahi profilli sahələr dövlət xəstəxanlarına qayıtdığı üçün onlar stabil maaş və az bonusla qane olmadılar.
Bu sahəyə gələn həkim əvvəlcə araşdırır ki, nə qədər maaşa işləyəcək. Bunu öyrəndikdən sonra başqa sahəyə, məsələn, radiologiya, kardiyologiya və ya nevrologiya sahəsinə keçir. Yəni qane etməyən maaşla belə bir riskli işi gözə almaq istəmir”.
R.Əkbərli bu halların qarşısının alınması üçün bir neçə həll yolu təklif edib. Onun sözlərinə görə, həkimlik ixtisasında təhsil alan tələbələr elə universitet dövrlərindən cərrahiyə ilə bağlı maarifləndirilməlidir:
“Tələbələrə cərrahiyənin riskli olduğu qədər də şərəfli bir peşə olduğu gerçəyi aşılanmalıdır. Tələbələrə bu elə yollarla izah edilməlidir ki, onlar bu müqəddəs peşənin çətinliklərinə rəğmən hər riski gözə almağa hazır olsunlar.
İkincisi, xaricdə fəaliyyət göstərən yerli həkimlərin seçimlərinin nə üçün başqa ölkə olduğunu ətraflı araşdırıb, onlara həll yolları təklif edərək ölkəyə dəvət etmək lazımdır. Bunları araşdırdıqda isə yenə də maddi məsələlər ön plana çıxır”.
Həkim son olaraq stimullaşdırıcı amillər məsələsinin həll olunmasının vacibliyini vurğulayıb:
“Maddi məsələ dedikdə, yalnız maaşlar və ya bonuslar düşünülməməlidir. Artıq ixtisaslaşıb, püxtələşmiş cərrahların maaşı məsələsindən əvvəlki keçid dövründə daha vacib təməl faktorlar dayanır.
Bu, sahədə yeni olan cərrahların təyinatla rayonlara göndərilməsidir. Cərrahların göndərildiyi bölgədə onların məişət və sosial şəraitləri də təmin olunmalıdır. Onların qaldığı ev, kommunal xərcləri və s. dövlət tərəfindən qarşılanmalıdır.
Bildiyimiz kimi, son vaxtlar kirayə qiymətlərində də xeyli artım müşahidə olunur. Əgər həkim rezidenturanı bitirdikdən sonra hər hansı bir rayona göndərilirsə, məcburdur ki, orada kirayədə qalsın. Bütün bunları hesabladıqda həkim aldığı maaş ilə elə ancaq bu kimi xərcləri qarşılaya bilər. Ən azından üç illik məcburi təyinat dövründə həkimlərin sosial və məişət xərcləri təmin olunmalıdır”.
Roza Şəfiyeva
-
İqtisadi gündəm19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin119:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO
-
Sosial18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi