I Qarabağ müharibəsi itkinlərinin yaxınlarından beynəlxalq təşkilatlara çağırış
Bizi izləyin

Sosial

I Qarabağ müharibəsi itkinlərinin yaxınlarından beynəlxalq təşkilatlara çağırış

“Qardaşım Musayev Kamal İsmayıl oglu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb, indiyə qədər onun taleyi barədə məlumat yoxdur".

Publika.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün azad edilən ərazilərə səfər edən itkin yaxınlarından biri, Yardımlı rayonundan olan Rəşad Musayev deyib. O, qardaşını axtardığını və onun axtarışlarında Azərbaycan dövlətinin göstərdiyi səyləri dəstəklədiyini bildirib: "Azad edilmiş əraziləri görmək, ən ağrılı yerimiz olan Xocalıya gəlmək, buranı azad görmək bizim üçün çox qürurludur”.

Azad edilmiş ərazilərə səfər edən Rəşadə Məmmədova isə atası Natiq Məmmədovun Ağdam istiqamətində itkin düşdüyünü deyib: “Atam 1993-cü ildə Ağdam istiqamətində - Güllücə kəndində itkin düşüb. Mənim onda iki yaşım var idi. Çox istəyirəm ki, burada dəfn olunan şəhidlər kimi mənim də atamın qəbri olsun, biz onu ziyarət edə bilək. Burada gözüm atamı axtarır. Beynəlxalq təşkilatlardan tələb edirəm ki, atamın taleyi ilə bağlı məlumatların əldə edilməsini təmin etsinlər”.

İtkin düşmüş şəxslərin yaxınları doğmalarının taleyi barədə məlumatların əldə edilməsi tələbi ilə beynəlxalq təşkilatlara çağırış ediblər.

Əslən Şuşa şəhərindən olan Leyla Tofiq qızı itkin atası barədə danışaraq deyib ki, o, 1994-cü ildə Qarabağda itkin düşüb: "Atam tankçı olub. Biz şuşalıyıq. Şuşada bir neşə dəfə olmuşam, amma Ağdam, Xocalıda ilk dəfədir oluram. Bizim tələbimiz tək Ermənistandan deyil. Beynəlxalq təşkilatlardan tələb edirik ki, səsimizə səs versinlər, itkinlərimiz barədə məlumatların təqdim olunması üçün səy göstərsinlər".

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova qeyd edib ki, itkin düşmüş şəxslərin faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən biridir.

Səfər çərçivəsində itkin ailələri BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təsisatlar tərəfindən azərbaycanlı itkinlərlərin taleyinin müəyyən edilməsi ilə əlaqədar yetərli addımların atılmadığını, Ermənistandan bu məlumatların ciddi şəkildə tələb edilmədiyini bildiriblər.

Qeyd olunub ki, Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən heç biri Ermənistanda bu günə qədər məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıb.

İtkin ailələri bildirib ki, Ermənistan həqiqətən Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır.

İtkin ailələri itkinlər probleminin qlobal mahiyyətini nəzərə alaraq, BMT-nin itkin düşmüş şəxslərlə bağlı xüsusi məruzəçisi təsisatının yaradılmasına böyük ehtiyac olduğunu qeyd ediblər.

İtkinlərin taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dövlətinin fəaliyyəti yüksək qiymətləndirilib, son vaxtlar aşkarlanan kütləvi məzarlıqlarda 155 nəfər itkinin qalıqlarının aşkarlandığı vurğulanıb.

Qeyd edilib ki, 2024-cü il il oktyabrın 1-də Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində azərbaycanlı itkin ailələrinin müraciətlərinə beynəlxalq təşkilatların etinasız münasibətini kəskin şəkildə pisləyib. Dövlət başçısı vurğulayıb ki, bu günədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində doğmaları itkin düşmüş, taleləri barədə hələ də məlumat olmayan bir qrup şəxsin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib. 40 nəfərlik heyət Ağdam, Xocalı, Xankəndi və Şuşada olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm