İrəvandan Bakıya müəmmalı səfər: Qapalı görüşdə nələr müzakirə edilib?
Bizi izləyin

Cənubi Qafqaz

İrəvandan Bakıya müəmmalı səfər: Qapalı görüşdə nələr müzakirə edilib?

İrəvandan Bakıya müəmmalı səfər: Qapalı görüşdə nələr müzakirə edilib?

ABŞ-ın İrəvandakı müvəqqəti işlər vəkili Deyvid Alenin sentyabrın 8-də Bakıya səfər etməsi Ermənistanda geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Alen Bakıda xarici işlər nazirinin müavini Elnur Məmmədov tərəfindən qəbul edilib. Görüşdə TRİPP (Zəngəzur dəhlizi) layihəsinin icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ-ın Ermənistandakı diplomatının Bakıya gəlməsi və TRİPP layihəsinin icrası ilə bağlı Azərbaycanla müzakirələr aparması o qədər də təccüblü deyil. Çünki Bakının təşəbbüsü ilə reallaşan bu layihədə Azərbaycan əsas iştirakçıdır. Azərbaycan dəhlizin öz hissəsində bütün işləri yekunlaşdırmağa yaxın olsa da, Ermənistan hissəsində hələ də tikinti işləri başlamayıb. Dəhlizin işə düşməsi Ermənistan hissəsindəki işlərdən asılıdır və hazırki vəziyyət təkcə Vaşinqton üçün yox, həm də Bakı üçün maraqlıdır.

Ermənistanda isə Alenin Bakıya səfəri, TRİPP layihəsinin icrası məsələsini Azərbaycanla müzakirə etməsi rezonans doğurub.

ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti “Azadlıq radiosu”nun erməni xidmətinin bununla bağlı sorğusunu cavablayıb. Səfirlik bildirib ki, TRİPP layihəsi icra mərhələsinə keçdikcə, sıx regional koordinasiya tələb edir.

“ABŞ-ın İrəvan və Bakıdakı səfirlikləri TRİPP-in tam şəkildə həyata keçirilməsini və ABŞ-Ermənistan Çərçivə Sazişinə əsasən götürülmüş öhdəlikləri dəstəkləmək üçün müvəqqəti işlər vəkilinin Azərbaycana səfərini təşkil ediblər”, - ABŞ səfirliyi qeyd edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Bakı İqlim Həfsəti”ndə çıxışı zamanı bildirib ki, amerikalı həmkarları TRİPP layihəsi barədə ona müntəzəm məlumat verir.

“Bu, oluqca təbiidir. Çünki bu layihənin həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bizə işlərin davam etdirildiyi bildirilir”, - nazir vurğulayıb.

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin hakim partiyadan olan sədri Sarkis Xandanyan İrəvandakı amerikalı diplomatın Bakıya səfərinin təəccüblü olmadığını bildirib. Qeyd edib ki, TRİPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək, buna görə Bakı layihənin mümkün qədər tez, səmərəli və keyfiyyətli həyata keçirilməsində maraqlıdır: “Təbii ki, Azərbaycan TRİPP ətrafında baş verənlərlə maraqlanır. Ermənistan və Azərbaycan bu məsələləri ikitərəfli formatda müzakirə edirlər. ABŞ diplomatının Bakıya sədəri və layihənin icrasını müzakirə etməsi də normaldır”.

Layihənin tikintisini TRİPP İnkişaf Şirkəti həyata keçirəcək. Bununla bağlı Vaşinqton və İrəvanın imzaladığı müqavilədə qeyd olunur ki, 50 il ərzində Ermənistanın şirkətdəki payı 26, ABŞ-ın isə 74 faiz olacaq. Eyni zamanda, tərəflərdən birinin razılaşma ilə şirkətdəki payını üçüncü tərəflərə satmaq icazəsi var.

“Hraparak” nəşri isə amerikalı diplomatın Bakıya səfəri ilə bağlı diqqətçəkən iddia irəli sürüb. Nəşrin iddiasına görə, əsas məsələ TRİPP maşrutunu idarə edəcək şirkəti hansı ölkənin yaradacağıdır: “Pərdəarxası söhbətlərə görə, ABŞ müqavilə çərçivəsində öz payını üçüncü tərəfə - Azərbaycana satmaq qərarına gəlib. Bəlkə də Bakıdakı müzakirələr bununla bağlı idi”.

S.Xandanyan isə Ermənistanın icazəsi olmadan ABŞ-ın belə bir addım atmasının qeyri-mümkün olduğunu açıqlayıb.

Nəşr isə yazır ki, Bakı təzyiq yolu ilə İrəvandan istədiyini almaq gücündədir.

“Amerikalı diplomatın Bakıya səfərinin digər səbəbi kimi dəhlizdən istifadə zamanı azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi olduğu göstərilir. Naxçıvana keçidin maneəsiz olması razılığı var, o cümlədən, Bakı dəhlizdən ermənilərlə təmas olmadan keçməyi tələb edir. Mümkündür ki, Bakıdakı görüşdə azərbaycanlıları kimin qoruyacağı, layihənin idaretməsinin hansı şirkət tərəfindən və necə həyata keçiriləcəyi müzakirə olunub”, - nəşr iddia edir.

Müəllif: Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm