“Raya kimi əxlaqsızlıq yuvası saxlayan bir qadının evinə düşsəydim...” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Raya kimi əxlaqsızlıq yuvası saxlayan bir qadının evinə düşsəydim...” – FOTOLAR

Şəxsən mən onu rejissor Asif Abramovun Tahir Kazımovun “Qisas” romanının motivləri əsasında çəkdiyi eyniadlı serialdakı Zülfiyyə roluyla tanımışam.

Jurnalist kimi müsahibim barədə fikir bildirməyim doğru olmasa da, deyim ki, tanımadığım, ilk dəfə gördüyüm gənc aktrisanın oyunu mənə yetərincə xoş təsir bağışlamışdı. Onun həm də tanınmış aktrisalarımızdan birinin qızı olduğunu bilincə, söhbətləşmək qərarına gəldim.

Beləliklə, Publika.az-da gənc aktrisa Vəfa Babayeva ilə müsahibəmi təqdim edirik.

-Vəfa xanım, sizi geniş tamaşaçı auditoriyası “Qisas” serialında oynadığınız Zülfiyyə rolundan tanıdı. Amma haqqınızda o qədər də məlumatlı deyillər...

- Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru ixtisasının üçüncü kurs tələbəsiyəm, 21 yaşım var.

- İndiyə kimi hansı filmlərə çəkilmişdiniz?

- Eldar Quliyevin “Girov”, Tahir Əliyevin “Səsdən usanmışlar” filmlərində çəkilmişəm, tamaşalarda oynamışam.

- Hazırda hansısa teatrda çalışırsınız?

- İndi heç bir teatrda işləmirəm, əvvəl Akademik Milli Dram Teatrında işləyirdim.

- Bəs niyə çıxdınız?

- Çünki çəkilişlərə getməyi çatdırmırdım.

- Sizcə, teatrsız aktrisa olmaq mümkündür?

- Niyə mümkün olmasın ki? Düzdür, teatr tamaşaçı ilə canlı ünsiyyət deməkdir. Amma teatrsız da mümkündür.

- Universiteti bitirəndən sonra teatrda işləyəcəksiniz?

- Görək də. Universiteti bitirəndən sonra magistraturanı oxumaq istəyirəm. Onu da burada yox, Türkiyədə oxumaq fikrim var.

- Səhv etmirəmsə, əməkdar artist Firəngiz Babayevanın qızısınız...

- Bəli, anam Firəngiz Babayeva da aktrisadır. Tamaşaçılar onu “Məhkumlar”, “Toy gecəsi” və bir sıra digər seriallardan tanıyırlar.

- Ananız da aktrisadır. Bəs bu seriala çəkiləndə, ssenaridən xəbəri olanda etiraz etmədi ki?

- Bu serial Tahir Kazımovun “Qisas” romanı əsasında çəkilib və hadisələr Azərbaycanda baş verir. Anam özü də aktrisadır və bilir ki, bu sənət necə sənətdir. Ona görə də etiraz etmədi.

- Zülfiyyə xaraktercə Vəfaya nə qədər yaxındır?

- Zülfiyyə obrazının Vəfaya heç bir yaxınlığı yoxdur. Mənim tam əksimdir.

- Məsələn?

- Məsələn, Allah iraq eləsin, mənim başına elə təcavüz hadisəsi gəlsə, əvvəlcə anama deyərdim, sonra polisə müraciət edərdim. Raya kimi əxlaqsızlıq yuvası saxlayan bir qadının evinə düşsəydim, heç vaxt məni oradan çıxaran insanla yaşamazdım, amma ömür boyu ona minnətdar olardım.

- Şəxsən sizi tanımayan insanların reaksiyası necədir? Vəfa kimi yanaşırlar, yoxsa daha çox Zülfiyyə kimi?

- Avtobusa minəndə ortayaşlı qadınlar elə bilirlər ki, o hadisələr mənim başıma gəlib. Ona görə də başlayırlar “Yazıq qız”, “Başa düşürəm, qızım, olan şeydir, həyat davam edir” deyib təsəlli verməyə. O gün “Günaydın” verilişinə çıxdım. Aparıcının suallarına cavab verdim. Amma bir saytda mənim barəmdə çox nalayiq sözlər yazdılar...

- Yəqin ki, subaysınız.

- Bəli, subayam.

- Adətən, bu tip obrazlardan sonra aktrisalara “pərəstişkarlar” tərəfindən müəyyən təkliflər, o cümlədən evlilik və sevgi təklifləri edilir.

- Elə bu serialdan əvvəl də mənə o təkliflər olurdu. Bu elə də böyük bir şey deyildi mənim üçün. Deməzdim ki, serialdan sonra mən çox sevgi təklifləri gəldi.

- Hazırda çəkilişlər davam edir?

- Yox, aprel ayında bitib.

- Başqa təklif var?

- Hazırda başqa təklif yoxdur. Həm də universitetimizə yeni rektor təyin olunandan sonra tələbələrin filmlərdə, seriallarda çəkilməsinə qadağa qoyulub.

- Bu qərar nə vaxtdan çıxıb?

- Bizə bu ildən dedilər ki, tələbələrin filmə, seriala çəkilməyə ixtiyarı yoxdur.

- Bundan daha açıq-saçıq rola çəkilmək təklif olunsa, qəbul edəcəksiniz?

- Əvvəla, o serialda heç bir açıq-saçıqlıq yox idi...

- Hər halda, belə deyirlər...

- O gün də bu söhbətin bəlasına düşdüm. Haqqımda mənasız sözlər yazıldı, işlətmədikləri cümlə qalmadı. Ona görə də gələn təklif barədə düşünüb, sonra qərar verərəm.

- İçki, siqaret kimi vərdişləriniz var?

- Siqaretdən istifadə etmirəm. Amma bayramlarda şampan şərabı içirəm. İçib çəkənlərə də pis baxmıram, öz işləridir.

- Xəbəriniz varmı ki, çoxları sizi aktyor Cavanşir Hadıyevlə, yəni Feruzla sevgili bilirlər?

- Deməli, rolumuzu layiqincə oynamışıq ki, belə düşünürlər. Nəinki mən, tərəf müqabilim də yaxşı oynayıb ki, belə fikirlər yaranır. Amma səmimi deyirəm ki, aramızda elə bir şey yoxdur. O insanın mən boyda qızı var.

- Bu iş sizin üçün hobbidir, yoxsa aktrisalıqla bundan sonra da peşəkar formada məşğul olacaqsınız?

- Anamın işi ilə əlaqədar uşaqlıqdan teatrlardayam və bu peşəni sevirəm. Artıq məsələyə hobbi kimi deyil, peşəkar tərəfdən yanaşmağa çalışıram.

- Şəxsi həyatınızla bağlı nə düşünürsünüz?

- Şəxsi həyat insanın şəxsinə məxsusdur və başqaları bilməsə, daha yaxşı olar. Amma mənim hələ 21 yaşım var. Hazırda ailə qurmaq fikrim yoxdur. Əsas məqsədim təhsil alıb, sənətimi genişləndirməkdir. Bir seriala çəkilməklə peşəkar aktrisa olmaq olmur. Oxumaq, işləmək, çalışmaq... “Peşəkar” sözünə çatmağıma hələ azı 10 il var.

- Sizi “açıq-saçıq geyinən”, “yataq səhnəsinə çəkilən aktrisa” kimi təqdim edirlər. Bu cür təqdimata reaksiyanız necədir?

- Xoşuma gəlmir. O cür təqdimatları edən insanları məhkəməyə verməyi düşünürəm.

- Hələ sənətdə yarım addım atmamış indidən jurnalistləri məhkəməyə verirsiniz?

- Mənim haqqımda o sözləri yazan insan jurnalist deyil. Jurnalist öz fikrini yaza bilər. Amma o, mənim adımdan yalan yazıb.

- Nə yazılmışdı?

-Yazmışdı ki, guya mən açıq-saçıq səhələrdən zövq aldığımı demişəm.

- Əslində, zövq almırsınız?

- Axı mən onu həyatda eləmirəm... Məhz o təcavüz, yataq səhnələrinə çəkilməkdən zövq almıram. Çünki o, mənə lazım deyil. Sadəcə, çəkilməyə məcburam. Əgər bu işə gəlmişəmsə, sabah ondan da pis rol versələr, oynayacağam. Razılıq vermişəmsə, çəkiləcəyəm.

-Yetərincə baxımlı fakturaya və bədən quruluşuna sahib aktrisalarımız var ki, bu tip rollardan imtina edirlər. Nə məcburdur ki, təklifi qəbul edib, sonra məcbur olurmuş kimi o təklifi yerinə yetirmək?

- Mən özümü bu işdə yoxlamaq istədim. Yoxladım və əmin oldum ki, bu işi bacarıram.

- Bu işi, yəni nəyi?

- Mənə həvalə olunan işi bacardım. Ona görə hazırda haqqımda belə sözlər danışılır.

- Sabah çimərlik geyimində çəkilmək təklif olunsa, qəbul edəcəksiniz?

- Yox, qəbul etməyəcəyəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm