“Mədəniyyət sahəsindəki biganəlik ölkənin gələcəyi üçün təhlükəli ola bilər”
Bizi izləyin

Tabloid.az

“Mədəniyyət sahəsindəki biganəlik ölkənin gələcəyi üçün təhlükəli ola bilər”

Əhməd Qəşəmoğlu: “İdarəetmədə elmi təminat dövrün zəruri tələbidir”

Ölkə prezidenti İlham Əliyevin göstərişi ilə 2020-ci ilə qədər bütün sahələrin daha sürətli inkişaf etdirilməsi üçün konsepsiyalar planı hazırlanır. Əsas məqsəd nədir, nələr qabardılmalıdır, nələr daha vacib hesab olunmalıdır – bütün bu suallara sosioloq alim Əhməd Qəşəmoğlu ilə söhbətimizdə cavab tapmağa çalışdıq.

-Əhməd müəllim, məlum konsepsiya ilə bağlı bu sahədə təcrübəli bir mütəxəssis kimi fikirlərinizi bilmək istəyirik.

-Bu olduqca vacib, mühüm, zəruri bir göstərişdir. İndiki dövr elmi idarəetmə dövrüdür. İndi adi, birmərtəbəli bir mənzili belə elmi hesablamalar aparmadan, elmi təminat olmadan tikmək təhlükəlidir. Böyük bir ölkənin idarə olunmasında da hökmən elmi metodlardan istifadə etmək günün tələbidir. Hər bir konsepsiya o zaman həqiqi konsepsiyadır ki, o ciddi, dərin elmi əsaslarla hazırlansın. Ölkənin konsepsiayalar əsasında idarə olunması idarəetmə prosesinə elmi təminatın cəlb olunmasıdır.

Elmi-texniki, rabitə imkanları artıqca, qloballaşmanın təsiri dərinləşdikcə, mədəni, iqtisadi, siyasi, demoqrafik proseslər şaxələndikcə cəmiyyət günü-gündən daha da mürəkkəb bir sistemə çevrilməkdədir. Qısa bir zaman kəsiyində belə cəmiyyətdə mürəkkəblik artır. İndi təkcə yüksək intellektlə, fövqalədə fəhmlə belə mürəkkəbləşən cəmiyyəti uğurla idarə etmək mümkün deyil. Ona görə də prezidentin ölkəni zamanın tələbinə uyğun olaraq konsepsiayalar vasitəsi ilə idarəetməyə diqqət verməsi olduqca mütərəqqi, təqdir olunası bir haldır.

-Məlumdur ki, ölkəmizdə bu sahədə təcrübə azdır. İstər məmurlarımız, istərsə də elə bu konsepsiyaları hazırlayan mütəxəssislərimiz pezidentin bu tələbini yüksək səviyyədə yerinə yetirə biləcəklərmi?

-Əslinə qalsa, artıq müəyyən təcrübə toplanıb. 15-20 il bundan əvvəl Konsepsiya, Fəaliyyət Proqramı dedikdə, bu sənədlərin mahiyyətini bilən adamlara az rast gəlmək olurdu. BMT, digər beynəlxalq təşkilatlar hökümət və qeyri-hökümət qurumları ilə birlikdə ölkədə öz layihələrini, proqramlarını həyata keçirdikcə, Azərbaycanın məmuru da mütəxəssisi də bu sahədəki fəaliyyətin nə dərəcədə vacib olduğunu əyani olaraq hiss etdi.

Belə sənədlər ilk dəfə Milli Məclisin o vaxtkı Elmi mərkəzində, sonra isə Gənclər və İdman Nazirliyində hazırlandı. Bu sahədə vərdişlər, təcrübə yarandı, mütəxəssislər yetişməyə başladı. Daha sonra yenə də prezidentin göstərişi ilə “Azərbaycan Respublikasının regionlarının 2009-2013 cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlandı. Ölkənin indiki inkişafında bu proqramlar mühüm rol oynadı. Amma təəssüflə demək lazımdır ki, hələ də bu sahədəki konsepsiyalar, proqramlar lazımı elmi səviyyədə hazırlanmır. Bu səviyyənin təmin olunması prezidentin göstərişinə daha yüksək şəkildə əməl olunmasına, ona daha çox kömək edilməsinə, nəticədə ölkənin tərəqqisinin daha yüksək səviyyədə təmin olunmasına xidmət edər. Məmurlarımızın da bir çoxunun hələ elmi təminat, elmi metodlarla idarəetmə barədə təsəvvürləri lazımi səviyyədə deyil.

-Bu sahədəki problemləri ilk növbədə nədə görürsünüz?

-Konkret problemlər ilk növbədə bu sahədəki sənədlərin müasir tələblər səviyyəsində hazırlanmasındadır. Ölkəmiz indi yer üzünün sürətlə inkişaf etməkdə olan ərazilərindən biridir. Sürətli inkişaf eyni zamanda mürəkkəbliyin də sürətlə artmasına səbəb olur. Belə bir vəziyyətdə elmin ən müasir metodlarından istifadə etmək zəruridir. Ona görə də bu sahəyə ciddi, təcrübəli mütəxəssislər cəlb olunmalı, bu sənədlərin üzərində ciddi elmi mərkəzlər işləməlidir. Bizdə isə bu məsələyə o qədər də ciddi əhəmiyyət verilmir.

-Bəzən elmi titullu istənilən adamın bu sahədə nəsə edəcəyini düşünürlər. Axı sosial idarəetmə özü ciddi bir elm sahəsidir. Bu elm sahəsinin öz spessifik xüsusiyyətləri var, elə deyil?

-Başqa sahənin akademiki olsan belə, bu spessifik xüsusiyyətləri bilmədən həmin sənədləri lazımi səviyyədə hazırlaya bilməzsən. Misal üçün, inşaatda, hər hansı bir sadə evin layihəsini hazırlamaq üçün ikinci kurs tələbəsinin bildiklərini, tarix üzrə professorlar, akademiklər bilmir. Sosial idarəetmə elminin də öz spessifik xüsusiyyətləri var. Ciddi konsepsiyalar, fəaliyyət proqramları hazırlayan mütəxəssislər kompleks olaraq sosial idarəetmə elmi ilə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, mədəniyyət, siyasət, iqtisadiyyat, ekologiya, tətbiqi riyaziyyat və s. sahələr haqqında da ətraflı məlumata malik olmalıdırlar. Təəssüf ki, belə mütəxəssislər ölkədə azdır və olanlar da heç belə sənədlərin hazırlanmasına cəlb olunmurlar.

-Bu sahədə ixtisaslaşmış elmi mərkəzlərin də yaranmasına elə bir əhəmiyyət verilmir...

-Bəli. Bu sahədə mütəxəssislər də lazımi səviyyədə hazırlanmır. Bu isə olduqca xoşagəlməz bir vəziyyət yarada bilər. Bir tərəfdən hazırlanmış konsepsiyalar, fəaliyyət proqramları lazımi səviyyədə olmaz. Eyni zamanda, daha qorxulu olan başqa cəhət var. Əvvəldə qeyd etdiyim kimi, indiki dövr elmi idarəetmə dövrüdür. Ölkəmizdə marağı olan dövlətlər, güc mərkəzləri öz fəaliyyətini məhz ciddi, dərin elmi təminatla hazırlanmış konsepsiyalar, fəaliyyət proqramları ilə həyata keçirir.

Bizdə bu sahədə lazımi qədər mütəxəssislərin, elmi mərkəzlərin olmaması bizim həmin qüvvələrin fəaliyyətinin mahiyyətini vaxtında başa düşməmizə maneçilik yaradır. Hazırlanmış konsepsiya və fəaliyyət proqramlarının keyfiyyətinin aşağı səviyyədə olması eyni zamanda, məmurların bu sənədə o qədər də ciddi baxmamasına səbəb olur. Həmçinin, bu sahədə lazımi təcrübənin, vərdişlərin yaranmasına maneə yaradır.

-Konkret olaraq, hazırlanmaqda olan konsepsiya və proqramlarda nöqsan görürsünüz?

- İndi tez-tez konsepsiyalar hazırlamaq sahəsində ciddi metodoloji səhvlərə yol verilir. Konsepsiya, strategiya, fəaliyyət proqramları, tədbirlər planlarları, tövsiyyələr bir-biri ilə qarışıq salınır. Adətən, mahiyyəti lazımi qədər əhatə edə bilməyən belə qarışıq salınmış sənədlərdə bir qayda olaraq sistemlilik prinsipi pozulur. Nəticədə, ahəngdar, davamlı inkişaf, tərəqqi təmin oluna bilmir. Hər hansı bir sahənin tərəqqi konsepsiyası hazırlandıqda hökmən, ilk növbədə idarəetmənin fəlsəfəsi, meyarları konkretləşməlidir. Təyinat nəzərə alınmaqla, bu təyinata uyğun olan məqsəd dəqiqləşməlidir. Bundan sonra bu məqsədə çatmaq üçün imkanlar və məhdudiyyətlər nəzərə alınmaqla konkret hipotezlər əsasında strategiyalar seçilməlidir. Bu işlər yerinə yetdikdən sonra vəzifələr, vəzifələrin yerinə yetirilmə mexanizmləri, metodları konkretləşməlidir. Konsepsiya tam hazır olduqdan sonra onun əsasında fəaliyyət proqramları hazırlanır. Dərin elmi əsaslarla fəaliyyət proqramlarını hazırladıqdan sonra isə hökmən bu proqramların həyata keçirilməsi üçün fəaliyyət planları, ayrıca olaraq bu planları həyata keçirənlər üçün tövsiyyələr hazırlanmalıdır.

-Sovet vaxtında fəaliyyət proqramları, tövsiyyələr Moskvada xüsusi ciddi elmi tədqiqat institutlarında hazırlanıb ölkəyə yayılırdı, dorğudur?

- Doğrudur. Mən belə institutların birində aspirant olmuşam. İndi də istənilən ciddi beynəlxalq təşkilat bu mexanizmlə işləyir. Bizdə isə konsepsiyaları hazırlamağa bir çox hallarda dərin təcrübəsi olan mütəxəssislər cəlb olunmur. Nəzərdən qaçırılır ki, bu sahədə işləyən insanın nə dərəcədə təcrübəsi, intellekti olsa da, o xüsusi metodologiyaları bilmədən konsepsiya hazırlaya bilməz.

Misal üçün, kənd təsərrüfatı sahəsində çalışan bir məmur nə qədər təcrübəyə, ağıla malik olsa da, o xüsusi metodologiyanı bilmədən kənd təsərrüfatının inkişafı üçün konsepsiya hazırlaya bilməz. Ona gorə də belə adamlar adətən haradansa hazır bir konsepsiya axtarıb onun əsasında konsepsiya hazırlamağa başlayırlar. Bu zaman ortaya qarmaqarışıq bir sənəd çıxır. Bu başqası üçün yazılmış reseptlə digərini müalicə etməyə bənzəyir. Bu metodlarla hazırlanmış konsepsiyalar və digər sənədlər lazımi effekti vermir və ondan istifadə edən məmurlara lazımi kömək göstərmir.

-Hansı sahədəki konsepsiyalara daha çox diqqət ayırmağı vacib hesab edirsiniz?

- İnsanın sağlam olması, yüksək səviyyədə fəaliyyət göstərməsi üçün bütün orqanların sağlam olması tələb olunduğu kimi, ölkənin tərəqqisi üçün də ölkənin həyatını bir vucud, orqanizm kimi təşkil edən bütün sahələrdə mükəmməlliyə çalışmaq lazımdır. Ölkədə hər hansı bir sahənin tərəqqisi üçün hazırlanmş konsepsiya o zaman uğurlu ola bilər ki, o digər sahələrdəki konsepsiyalarla uzlaşa bilsin, onlarla ahəng yaratsın. Bu mənada hər bir konsepsiya sistemlilik prinsipi əsasında yaradılmalı, o biri sahələrlə uzlaşdırılmalıdır.

Belə bir tələb baxımında bütün sahələrdəki konsepsiyalar vacibdir. Amma eyni zamanda, bədəndəki orqanlar kimi, elə sahələr var ki, daha çox sahələrin inkişafına təsir edir. Bu sahələr daha çox diqqət mərkəzində saxlanmalıdır. Bu baxımdan istənilən sosial sistem, ölkə üçün ən mühüm sahə mədəniyyət sahəsidir. XX əsrin ikinci yarısında yer üzündə baş verənlər hər bir ölkənin tərəqqisi üçün mədəniyyət sisteminin təkmilliyinin, zənginliyinin nə dərəcədə mühüm olduğunu göstərdi. Yaponya, Çin, Koreya, Malaziya, Sinqapur və s. kimi ölkələrin sürətli inkişafında ən mühüm rolu mədəniyyət sisteminin

məzmunu oynadı. İndi dunyada belə sürətlə inkişaf edən ölkələrin iqtisadiyyatının möcüzəsi yoxdur, mədəniyyətinin möcüzəsi var.

-Sizcə Azərbaycanda mədəniyyət “yerində sayır”? İnkişaf heçmi yoxdur?

-Ölkəmizin də mədəniyyət sisteminin olduqca böyük potensialı var. Azərbaycanın unikal-təkrarsız, tərəqqi üçün boyük imkanlara malik bir mədəniyyəti mövcuddur. Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada yer üzünün bütün aparıcı mədəniyyət sistemləri (şərq, qərb, türk, iran, qafqaz, atəşpərəstlik, yəhudi, islam, xristian, sovet və s.) tarixi olaraq, təbii yolla inteqrasiya olunub, çox boyük potensiallı bir mədəniyyət sistemi formalaşıb. İndiki vaxtda ölkəmizin tərəqqisi üçün ən böyük resursumuz təbii sərvətdən də əvvəl mədəniyyət sistemimizdir. Təəssüf ki, hələlik bu sistemin potensialından lazımınca istifadə etmirik. Məhz dövlətimizin qayğısı, ciddi elmi əsaslanmış addımların, əhalinin anlaşıqlı davranışının köməyi ilə biz mədəniyyətimizin potensialından səmərəli istifadə edə bilərik.

-Bəs bu sahədə konsepsiya hazırlananda nələr qabardılmalıdır?

- İlk növbədə aydınlaşmalıdır ki, biz öz mədəniyyət potensialımızdan, dünya xalqlarının təcrübəsindən istifadə edərək, öz əhalimizin mənəviyyatında, davranışında hansı xüsusiyyətləri görmək istəyirik? Bizə mövcud imkanlardan istifadə edərək, məhdudiyyətləri dəf edərək hansı yolla, hansı nəticəyə nail olmaq lazımdır? İlk növbədə mədəniyyətin meyarları dəqiqləşməlidir. Azərbaycan mədəniyyət siyasətinin əsas məqsədi öz böyük potensiallı mədəniyyətimizi müasir elmin köməyi ilə daha çoxşaxəli şəkildə üzə çıxararaq, müasir dövrün tələbləri ilə zənginləşdirərək, ölkənin tərəqqisi üçün istifadə etmək ola bilər.

Bu məqsədə nail olmaq üçünsə əsas meyar yalnız və yalnız ahəng şərti ola bilər. Yəni, biz mədəniyyətimizi elə şəkildə inkişaf etdirməliyik ki, bu hər sahədə - istər siyasətdə, istərsə də iqtisadiyyatda, hüquqda, elmdə, təhsildə, səhiyyədə, ekologiyada, musiqidə və s. əhalinin davranışı ölkədə ahəngin daha da artmasına kömək etsin. Bu ahəng yarandıqda ölkənin tərəqqisi uçün daha geniş imkanlar yaranır. Belə olduqda ölkə əhalisi daha mədəni hesab olunur və beynəlxalq aləmdə imici artır. Belə olduqda hər bir vətəndaşda öz ölkəsində yaşamaq daha rahat olur və onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri artır. Mədəniyyətimizlə bağlı elə işlər var ki, onlar elə milli müstəqil dövlət quruculuğumuzun ilkin mərhələsində, məhz indiki vaxta görülməlidir. Bu gələcək tərəqqimizin möhkəm özülü ola bilər.

Bu işlərə indiki zamanda biganəlik ölkənin gələcəyi üçün təhlükəli ola bilər. İqtisadiyyatda və başqa sahələrdə bəlkə də bəzi işləri bir qədər sonraya saxlamaq olar. Mədəniyyət sahəsində isə bu işlərin təxirə salınması qlobollaşmanın bu qədər sürətlə getdiyi bir vaxtda təhlükəlidir. Yer üzündə sürətli inteqrasiya getdiyi indiki vaxtda mədəniyyət sistemi strateji baxımdan həm ciddi müdafiə, həm də hücum, diplomatik faəliyyət vasitəsidir. İndi ölkəmizdə 2020–ci ilə qədər olan dövr üçün bütün sahələrdə inkişaf konsepsiyaları hazırlanmaqdadır. Bu dövlət tərəfindən atılan olduqca təqdirəlayiq addımdır. 2020-ci ilə qədər bu mədəniyyət sahəsində də zəruri işlərin fundamenti qoyulmalı, mümkün olan bütün tədbirlər həyata.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm