Hollivud aktrisası: “Uşaqlıqdan kimisə qətlə yetirməyi arzulayırdım” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Hollivud aktrisası: “Uşaqlıqdan kimisə qətlə yetirməyi arzulayırdım” – FOTOLAR

Pərəstişkarlar onu daha çox “Adamslar ailəsi” və “Yuxulu dərə” filmlərindən tanıyır. Onun adı çəkiləndə uşaqlarda qorxu, kişilərdə təəccüb, qadınlarda nifrət yaranır. Bu da əbəs yerə deyil. Hollivudu qorxu altında saxlayan Kristina Riççi həm yaxşı aktrisa kimi şöhrət qazanıb, həm də qeyri-adi xarici görkəminə görə məşhurdur.

Publika.az-ın “Bizim tərcümə” layihəsində bu gün 34 yaşını qeyd edən və Kristina Riççinin həyat hekayəsini təqdim edirik...

On səkkiz yaşlı üç qız evin damına çıxmışdı. Nazik gecə köynəyində olan qızlar soyuqdan donurdular. “Kristi, bəlkə buradan gedək? Birdən kimsə bizi görər”, - qızlardan biri dedi. “Get, qorxaq”, - o biri qız nifrətlə dedi.

Əsən külək qızların bütün bədəninə işləmişdi. Birdən qaranlıqda nəsə işıldadı. Bəlkə, şimşək çaxır? “Deyəsən, bizim şəklimizi çəkirlər...”, - Kristina dedi. Onun rəfiqələri bir göz qırpımında pilləkənla aşağı enib evə girdilər. Tək qalan Kristina isə gecə köynəyini bədəninə sıxıb dayanmışdı...

Səhəri gün birinci sinif şagirdlərindən tutmuş yuxarı sinif şagirdlərinə qədər hər kəs Kristinanın partasının başına yığışmışdı. Qız heç nə olmamış kimi sinfə daxil olanda uşaqların bic-bic güldüyünü gördü. “Verin baxım!”-Kristina uşaqları dirsəyi ilə itələyib partasına tərəf getdi. Kristinanın partasının üstünə həmin gecə onun geyindiyi köynəyin detallarınadək çəkilmiş fotoları düzülmüşdü. “Əla fotolardı! Olar onları evə aparım?”, - Kristi soruşdu.

Sinif yoldaşları dəhşət içində dayanıb ona baxırdılar. Onların beynində bir sual hərlənirdi: 18 yaşlı qız anasına bu fotoları nə adla göstərəcək? Heç bir ananın bu fotolara münasibəti birmənalı ola bilməzdi.

“Kristina, sən necə də köksən! Sən gərək şəkil çəkdirməzdin”, - Kristinin anası belə reaksiya verdi. Ana kədərlə kiçik qızına baxdı: “Bu gündən etibarən şirniyyat yeməyəcəksən!”.

İş ondadır ki, Kristinanın anası Sara gəncliyində kifayət qədər məşhur fotomodel olub. Əlbəttə, o, taxta kimi arıq olub və qızından da belə bədən forması gözləyirdi. Bundan başqa, Saranı qızı haqqında başqa heç bir şey narahat etmirdi. Adını şou-biznesə yazdıran Sara 4 uşağını dalınca sürüyərək, mümkün olan bütün model agentlərinə göstərirdi. Uşaqlar az qala doğulandan sərt pəhriz rejiminə oturdurulmuşdu. Çarəsiz uşaqlar bifşteks və ispanaqdan başqa heç nə görmürdülər...

O, Kristina haqqında deyirdi: “Kifir, kök, bədqılıq... Bunlara görə Kristidən xeyir götürmək olar: jurnalistlər belə psixləri sevir. Atasında pis hər nə varsa, hamısını götürüb”.

Kristinanın atası özünə görə orijinal insandır. Bütün həyatı boyu Ralf dəfələrlə iş yerini dəyişib. O, trenajor zalında məşqçidən tutmuş restoran rəhbərinədək müxtəlif işlərdə işləyib (indi o, hüquqşünasdır). Kristinanın 8 yaşı olarkən atası psixoanalitik kimi çalışırdı. O, insanları “ilk çığırtı terapiyası” ilə problemlərdən azad edirdi.

Bu nəzəriyyəyə görə, vəhşiliklə qışqırmaqla insan içində yığılıb qalan hirsi çıxara və nevrozdan azad olur. Ralf bu peşəyə o qədər aludə olmuşdu ki, sutkalarla müştəriləri qəbul edirdi. “Ona nifrət edirəm!!!”, “O, əclafdır!!!”, “O, məni zorlayıb!!!”, “Mən onu öldürəcəm!!!” - balaca Kristi özünü bir topa balışın üstünə ataraq, ağlaşma səsini eşitməmək üçün qulaqlarını tuturdu : Kristi gecə vaxtı gələn dəhşətli səslərdən qorxurdu. Ralf “çığırtı terapiyasını” evin birinci mərtəbəsində keçirirdi. Uşaqların otağı isə ikinci mərtəbədə idi. Lakin ventilyasiya borusu evin ən kiçik qızının otağından keçirdi...

Terapiya sayəsində Ralfın xəstələrinin nə dərəcədə sağaldığını deyə bilmərik. Bircə onu deyə bilərik ki, seanslar Kristinaya özünəməxsus şəkildə təsir edirdi. 15 yaşı olarkən Kristina etiraf etmişdi: “Uşaqlıqdan insanlara nifrət edirdim və kimisə qətlə yetirməyi arzu edirdim. Heç kimin bundan xəbəri yox idi. Hətta valideynlərimin də. Əslində, onlar məni elə də başa düşə bilmirdilər. Mən qorxulu səsləri və qadın ağlaşmasını eşitməmək üçün evin damına qaçırdım. Anamla atam isə elə bilirdi ki, mən gecənin romantikasını izləməyi sevirəm. Dama çıxanda özümlə rəfiqələrimi də götürürdüm. Hamı elə bilirdi ki, bu, əladır... Boş söhbətdir”.

Anası isə bu barədə sonradan belə deyirdi: “Mən balaca qızın hərəkətinə görə qorxu yaşayırdım. O, “Pepsi” qabının iti ucu ilə əllərini kəsik-kəsik etmişdi, hələ bir dəfə də siqareti ovcunda söndürmüşdü. Hələ bu harasıdır? Közərmiş qaynaq alətini bədəninə sıxmışdı. Bütün bunlar bizi kədərləndirirdi”.

Səhər yeməyi əsnasında atası qızın körpücük sümüyündə yanıq izini görüb dedi: “Bizim Kristi keçid dövrünü yaşayır. Əzizim, yara izi qalacaq. Səni kinoya götürməyəcəklər”.

Kristinanı isə kinoya “Su pərisi” filmində Vaynona Rayderin kiçik bacısı rolunu oynamağa dəvət etdilər. Tərəf müqabili müğənni Şer idi. Şer onu ilk baxışdan bəyəndi. O vaxtdan etibarən onlar yaxın rəfiqəyə çevrildilər (aralarındakı yaş fərqi 34 il olsa da, hər ikisi psixopat görkəmə malikdirlər). Rejissorlar isə əksinə, qorxulu baxışları olan 11 yaşlı qızdan məmnun qalmadılar.

“Adamslar ailəsi” serialının rejissoru Kristina ilə sınaq məşqlərini keçirmək istəmirdi. Rejissor çaşqınlıq içində deyirdi: “Siz mənim yanıma kimi gətirmisiniz? Burnu kartof, yanaqları isə bütün ekranı tutur! Mənə zərif və aristokratik qız lazımdır!”. Bir dəqiqə əvvəl isə hamburgeri həvəssizcəsinə çeynəyən Kristi daha yaxşı namizədlərin arasında dayanmışdı. Birdən, o, gərilmiş yay kimi rejissora tərəf sıçrayaraq dişlərini ağartdı.

Rejissor əlini ağzına aparıb təəccüblə dedi: “Uşağa da oxşamır. Elə bil vampirdir!”.

Kristinanın gözlərində isə sevinc qığılcımı alışdı. Əsas o idi ki, səni yadda saxlasınlar. Bunu ona Şer öyrətmişdi, axı o, uğura aparan yola daha yaxşı bələd idi.

Üç ay çəkiliş, 2 həftə fasilə və yenə də çəkiliş. Kristina psixopat-killer rolunu oynamağı arzu edir, lakin yetkinlik yaşına çatmayanlar üçün belə rollar yazılmır. Bundan əlavə, Kristinin rolları özlüyündə qorxunc idi. Məsələn, “Seksin ziddiyyətləri” filmində azyaşlı cazibədar qız, “Buzlu fırtına” filmində qatil, “Las-Veqasda qorxu və nifrət” filmində isə narkoman...

Anormal rollara anormal insanlar lazım idi. Kristina öz personajları ilə yaşayaraq, jurnalistlərlə də onların diliylə danışırdı: “İndi nə arzu edirəm? Tapança alıb, müxtəlif terror aktları törətmək üçün İrlandiya Respublikası ordusuna qoşulmaq istərdim... Heyvanların qorunması ilə bağlı nə düşünürəm? Bunların hamısı cəfəngiyatdır! Boş şeydir! Ət sevməsəm də, prinsipə görə ətdən imtina etməyəcəyəm!”.

Çəkilişlərarası fasilədə Kristina başını necə qatacağını bilmirdi. O zaman əsl psixoz halları baş qaldırırdı. Kristin əl-qolunu şikəst edirdi, öz dili ilə desək, bu yolla “əsəblərini sakitləşdirirdi”, başını çoxsaylı sevgi romanları ilə qatırdı. Kristina deyir:

“Üç aydan sonra adəti üzrə oğlanlarla münasibətləri özüm kəsirdim. Münasibətləri pozmaq üçün hər hansı bir ciddi əsaslarım yox idi. Mən buna dramda olan kiçicik bir iztirab kimi baxırdım. Və mən vaxtaşırı bu iztirablı drama ehtiyac duyurdum... ”

Kristini tanıyan insanlar isə onun haqqında deyir: “Qızın həyatının sonu çatıb. O, əyyaşlığın və narkomaniyanın astanasındadır”. Hətta bir dəfə rejissorlardan biri rol verməzdən öncə onun psixoloji səhhəti haqda arayış da istəmişdi...

Sonra isə o, Mettə rast gəldi. Hadisə belə oldu: Kristinanın 16 yaşı vardı və o, növbəti dəfə sevgilisindən ayrılmışdı. Evə qayıtmaq istəməyən Kristina çamadanlarını sürüyə-sürüyə dar pilləkənla rəfiqəsigilə qalxırdı. Rəfiqəsinin yaşadığı mənzil isə Nyu-Yorkun ən təhlükəli küçələrinin birində idi. Gecələr küçədən gələn hər səs Kristinanı yuxudan oyadırdı...

Görünür, qızın ən pis qorxuları çin olurdu: o, sanki kiminsə baltalandığını eşidirdi. O, bir an belə düşünmədən əşyalarını götürüb hündürdaban ayaqqabılarla pilləkənlə aşağı düşməyə başladı. Birdən kimsə qaranlıqda onun çamadanından yapışdı. Kristina naməlum insana dizi ilə təpik ilişdirib, onu yerə yıxdı. Yerə yıxılarkən naməlum şəxs dedi: “Səfeh! Mən ki sənə kömək etmək istəyirdim”.

Sonra isə ara sakitləşdi. Görünür, yerə dəyən oğlan başından bərk zədələnmişdi. Mettyu Fromen gözlərini açanda özünü mənzilində gördü. Qarşısında çamadan gördü, psixopat isə onun soyuducusundakı salat qalıqlarını yeyirdi. Qız dedi: “İcazənizlə mən hələlik burada qalardım. Bir neçə gecəlik”.

Kristin səhər yuxudan duranda buxar çıxan qaba baxıb heyrətlə dedi: “Bu nədir?”. Mett cavab verdi: “Şorba. Can əti ilə tomat şorbası. Sən yaxşı yeməlisən, çox cılızsan”.

Kristina ömründə bifşteks və ispanaqdan başqa heç nə yeməmişdi. Burada isə Mett hər gün onu özünün hazırladığı səhər, nahar və şam yeməyi ilə bəsləyirdi. Elə olurdu ki, oğlan qazanlarla çəkiliş meydanına gəlirdi... Əvvəl-əvvəl Mett onu zorla yedizdirdi. Kristinanın anasının “qayğısı” nəticəsində qız anoreksiyaya düçar olmuşdu. Kristinin ürəyi bulanırdı və orqanizmi yeməyi qəbul etmirdi.

Kristinadan 8 yaş böyük olan Mettyu isə adi ofisiant idi. Hollivud aləmində belə sevgi münasibətləri absurd görünür. Qısası, bu heç Kristinanın vecinə də deyil. Qız hər gün çəkiliş meydanından restorana yeni tanışları ilə gəlirdi. Kristina onların stoluna yaxınlaşan ofisiantı dostların göstərib deyirdi: “Tanış olun, mənim ərim”. Seçimi üçün onu qınayanlarla isə Kristina dostluğu dərhal kəsirdi.

Çoxları elə hesab edir ki, Kristina sadə ofisiantı hamıya nümayiş etdirməklə gündəmdə qalmaq istəyir. Lakin bu, doğru deyil. Kristina bu haqda deyir:

“Onun sayəsində darıxdırıcı obrazdan çıxıb, adi bir insana çevrildim. Mən televizora baxmağı, ev işləri görməyi və it-pişiklərimin qeydinə qalmağı sevirəm”.

Mettyu Milad bayramında ona 157 səhifəlik kulinariya kitabı hədiyyə edib: “Heç kim onun kimi mənim qayğıma qalmır. Və qalmayacaq da. Mən hətta corabı da onun məsləhəti olmadan ala bilmirəm”.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm